Fevralın 14-də Gürcüstanın Batumi şəhərində döyüş idmanları üzrə beynəlxalq turnirə start verilib.
Publika.az "Report"a istinadla xəbər verir ki, yarış "Georgian Fighting Championship" (GFC) və "Grand Bellagio Championship"in birgə təşkilatçılığı ilə keçirilir.
Döyüş gecəsi yerli vaxtla saat 20:00-da başlayıb. Turnir çərçivəsində müxtəlif çəki dərəcələrində ümumilikdə 10 döyüş nəzərdə tutulub. Yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar qüvvələrini sınayırlar.
Gecənin 3-cü döyüşündə Sandro Datanaşvili ilə Elvin Kamilli üz-üzə gəlib. Qarşılaşmada Elvin Kamilli rəqibini məğlub edərək Azərbaycana qələbə qazandırıb. Turnir hazırda davam edir və bu döyüş gecəsində Azərbaycanı ümumilikdə 3 idmançı təmsil edir.
Gürcüstanda yaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyevin braziliyalı rəqibi ilə döyüşü də proqramda yer alır. Onun qarşılaşması azarkeşlər tərəfindən böyük səbirsizliklə gözlənilir.