"Ukraynadakı hərbi əməliyyatlar zamanı nəinki Azərbaycanın enerji infrastrukturuna, hətta üç dəfə səfirliyimizə də zərbələr endirilib. İlk hücum baş verəndə bunun təsadüfi ola biləcəyini düşünürdük. Buna görə də Rusiya tərəfinə diplomatik nümayəndəliklərimizin, o cümlədən Konsulluq Şöbəsinin, Mədəniyyət Mərkəzinin və səfirliyin dəqiq koordinatlarını təqdim etdik. Lakin buna baxmayaraq, daha iki hücum da baş verdi".
Bu barədə Prezident İlham Əliyev Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə bildirib.
"Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücum edildiyini göstərir. Bununla bağlı xüsusi bəyanatımız yayılıb, səfir çağırılaraq ona diplomatik nota təqdim olunub. Biz bütün addımlarımızı diplomatik müstəvidə atmışıq və baş verənləri Azərbaycana qarşı qeyri-dost hərəkəti kimi dəyərləndiririk. Və sizin sualınızı mən anlayıram, mən sadəcə sizə məlumat vermək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik tədbirlər görülüb", - deyə dövlətimizin başçısı əlavə edib.