AZ

Müharibə canilərinin uğursuz vəkili və Azərbaycandan tərs şapalaq

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan prezidenti İlham Əliyev Fransanın "France 24" televiziya kanalına müsahibə verib. Fransalı jurnalist yenə də Qarabağdakı keçmiş separatçı xuntanın başçılarına "vəkillik" etməyə cəhd göstərib. Söhbət Arayik Arutyunyan, Bako Sahakyan, Arkadi Qukasyan və qeyrilərindən gedir.

Fransalı jurnalist prezident İlham Əliyvə həmin o terrorçularla, insanlığa qarşı ən ağır cinayətlər törətmiş şəxslərlə bağlı belə bir sual verib: "Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir".

Azərbaycan prezidenti bu suala elə dəqiq və tutarlı cavab verib ki, düşünürəm, bundan sonra heç bir normal əcnəbi jurnalistdə heç bir sual qalmamalıdır.

Prezident deyib: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin".

Prezident İlham Əliyevin sözünə qüvvət olaraq, mən bəzi faktları xatırlatmaq istərdim.

İkinci Dünya Müharibəsində Almaniya Fransanı cəmi 46 günə tam işğal edib, ikiyə bölmüşdü. Bir hissəsini özünə birləşdirmiş, o biri hissəsində isə özünün oyuncaq rejimini qurmuşdu. Nasistlər işğal dövründə Fransada 75-90 min nəfər arasıda mülki şəxsi qətlə yetirmişdi. Onların əksəriyyəti Fransa vətəndaşı olan yəhudilər idi. 20-30 min nəfər Fransanın işğala qarşı Müqavimət Hərəkatının üzvləri olub. Ümumilikdə yarım milyon nəfərdən çox Fransa vətəndaşı nasistlərlə döyüşlərdə həlak olub. Fransanın qanuni hökuməti Britaniyaya sığınmaq məcburiyyətində qalmışdı. Nasistlərin Fransada işğal müddətində törətdikləri dağıntı, talan, qarət, quldurluq, cinsi təcavüz, işgəncə və sair kimi cinayət əməllərini sadalasaq, çox uzun bir siyahı alınar.

Fransaya hücum haqqında rəsmi əmri Adolf Hitler imzalamışdı, 1945-ci ildə intihar etdi. Feldmarşal Vilhelm Keytel isə hücum əməliyyatı planlarının hazırlanmasına rəhbərlik etmişdi və planı şəxsən təsdiqləmişdi. Nasist Almaniyası siyasi və hərbi rəhbərləri üzərində müharubədən sonra qurulmuş Nürnberq Beynəlxalq Məhkəməsinin qərarı ilə 1946-cı ildə edam edilib. Eynilə o cümlədən Fransaya hücum əməliyyatlarının hazırlanmasına, həyata keçirilməsinə rəhbərlik olunmasında birbaşa iştirak etmiş, Hitlerdən sonra ən yüksək səviyyədə məsuliyyət daşımış feldmarşal Karl Gerd von Rundşted həbs olundu, məhkum edildi, 1953-cü ildə öldü. Feldmarşal Erix von Manşteyn də 1949-cu ildə həbs olunmuşdu. General-polkovnik Alfred Yodl da həmçinin 1946-cı ildə Nürnberq Məhkəməsinin qərarı ilə edam ediıəldi.

O zaman Fransa hökumətindən heç kim müttəfiq və qalib dövlətlərin - Sovet İttifaqının, Böyük Britaniyanın və Amerika Birləşmiş Ştatlarının rəhbərlərindən bu hərbi canilərin azad olunmasını xahiş etdimi?! Xeyr! O zamankı Fransa mediası İosif Stalinə, Klement Ettliyə və Harri Trümenə belə sual verməmişdi: "Bəlkə Keyteli, Manşteyni, Yodlu, Rundştedi əfv edəsiniz?"

Əgər Fransa II Dünya Müharibəsində özünə qarşı və insanlıq əleyhinə müharibə cinayətləri, soyqırım, qətliam və sair törətmiş caniləri haqlı olaraq bağışlamayıbsa, onların bağışlanmalarını istəməyibsə, eyni cinayətləri Azərbaycan ərazisində Azərbaycana qarşı və bütün bəşəriyyət əleyhinə törədənlərin bağışlanmasını niyə Azərbaycandan gözləyir, hətta israrla istəyir?! Məntiq harda qaldı?!

Həm də indi 21-ci əsrdir. Azərbaycan Avropa Şurasının üzvüdür; ölüm cəzasını çoxdan ləğv edib, ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir. Buna uyğun olaraq məlum canilərdən Araik Harutyunyan, Levon Mnasakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan ömürlük azadlıqdan nəhrum edilib, bir neçə nəfər isə 20 il, 19 il müddətə məhkum edilib. Hələ barəsində hökm çıxarılacaq olanlar da var.

Heç nə demirəm: gecə yarısı Gəncəni raket atəşinə tutmaq əmrini vermiş, dinc insanları, o cümlədən, qadınları, qocaları, uşaqları yuxudaykən qətlə yetirmiş Arayik Harutyunyanın bu gün vəkilliyin edən Fransa zamanında Keyteli ipdən alaydı, görüm, ala bilərdimi?!

Odur ki, Azərbaycana belə suallar verənlərin Prezidentdən alacağı cavab da belə qısa, qəti və əsaslı - tutarlı olacaq. Necə deyərlər, lap tərs şapalaq kimi...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
bizimyol.info

1Mənbələr