AZ

Media ekspertindən Ali Məhkəmənin bu qərarına REAKSİYA

Ali Məhkəmə ilk dəfə beynəlxalq təcrübədə istifadə edilən unudulmaq hüququnun izahını verərək, rəqəmsal platformalarda yayılan şəxsi və hüquqi məlumatların müəyyən hallarda silinə, anonimləşdirilə və ya əlçatanlığının məhdudlaşdırıla biləcəyini təsdiqləyib.

Məlumata görə, bu hüquq yalnız fiziki şəxslərə deyil, həm də hüquqi şəxslərə aid olub, məlumatların aktuallığını itirməsi və ictimai maraq daşımaması şərti ilə tətbiq olunur.

Qərara əsasən, şəxslər özlərinə mənfi təsir edən köhnəlmiş məlumatların silinməsini tələb edə bilərlər, lakin bunun üçün həmin məlumatın hələ də onların mənafeyinə zidd olduğunu sübut etməlidirlər.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin “unudulmaq hüququ” ilə bağlı mövqeyi media subyektlərinin gələcək fəaliyyətinə necə təsir göstərəcək? Həmçinin, məlumatın “aktuallığını itirməsi” necə müəyyən ediləcək?

Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında siyasi şərhçi, Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Azər Həsrət bildirib ki, əlbəttə, indi məhkəmə bu cür qərar verir, məsələni bu şəkildə izah edir və haqlı hesab edirsə, təbii ki, bizim də üzərimizə həmin yanaşmaya əməl etmək öhdəliyi düşür. 

Onun sözlərinə görə, amma həqiqətən də bu kimi mövzular ilə bağlı mübahisəni uzatmaq olar:

"Məsələn, xəbərdə də vergidən yayınma faktı qeyd olunur. Əgər şəxs və ya şirkət həqiqətən qanun pozuntusuna yol veribsə və bu barədə yayılan informasiya əsaslıdırsa, o qanun pozuntusuna yol vermiş adam gələcəkdə həmin məlumatın silinməsi tələbi nə dərəcədə doğru sayıla bilər?

“Unudulmaq hüququ”na görə belə məlumatların aradan silinməsi nəticədə həmin şəxsin özünü cəmiyyətə problemsiz, “süddən çıxmış ağ qaşıq” kimi təqdim etməsinə imkan yarada bilər. 

Bu isə başqalarının aldadılması riskini doğurur. Yəni onun cəmiyyəti başqa adamları aldatma imkanı yarana bilər". 

Azər Həsrət əlavə edib ki, bu baxımdan məsələyə bir qədər ehtiyatla və şübhəçi yanaşmağın tərəfdarıyam:

"Digər tərəfdən, şəxs vəfat edib və onun hüquqi varisləri məlumatların silinməsini istəyirlər. Ancaq əgər tutaq ki adamın biri vətənə xəyanət edib və onun varisi atasının, babasının vətən xaini olduğunun bilinməsini istəmir. Bunu necə unudulmaq hüququ çərçivəsinə salmaq olar? 

Belə hallarda mövzunun üzərindən sadəcə keçmək düzgün olmaz. Bu, daha dərindən araşdırılmalı və dəqiq meyarlar müəyyən edilməlidir.

Elə məsələlər var ki, doğrudan da şəxsi xarakter daşıyır. Məsələn, illər əvvəl baş vermiş yol qəzası, məsələn insan bunu xatırlamaq istəməyə, mediada yenidən gündəmə gəlməsindən narahat olmağa bilər. Bu, anlaşılandır".

Media eksperti qeyd edib ki, ictimai əhəmiyyət kəsb edən, dövlət, millət, vətən kimi anlayışlarla bağlı məsələləri “unudulmaq hüququ” deyə yozmaq mənə görə doğru yanaşma deyil:

"Çünki vətən xaini vətən xainidir. O sağlığında da vətən xainidir, öldükdən sonra da. Bəzi faktlar ibrət xarakteri daşıyır. Onu heç kim unutmamalıdır və unutdurmamalıdır. Onlar unudularsa, başqalarının da eyni səhvləri və ya xəyanətləri təkrar etməsi üçün zəmin yarana bilər.

Düşünürəm ki, burada daha konkretləşdirmək lazımdır. Bir daha deyirəm şəxsi həyatla bağlı məsələlərə o qədər də mübahisə və müzakirə açmağın tərəfdarı deyiləm. Amma ictimai əhəmiyyət daşıyan, məsələn, dövlət, millət, vətən və s. ilə bağlı məsələlərdə mübahisə üçün yer var".

Seçilən
98
cebheinfo.az

1Mənbələr