AZ

Şəhərlər üçün yeni çağırışlar

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Böyük uğurla baş tutan COP29-dan sonra  ölkəmiz daha bir qlobal tədbirə ev sahibliyi etməyə hazırlaşır. Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir. Dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq. Bütövlükdə, Forum şəhərsalma sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma qismində qəbul olunur. Məsuliyyətli dövlət olan Azərbaycan ev sahibi ölkəsi kimi qlobal foruma ciddi hazırlıqlar görüb. Eyni zamanda, hazırda BMT və digər səviyyələrdə Bakı forumu ilə bağlı silsilə tədbirlər keçirilir və aktual müzakirələr aparılır. Bu tədbirlərdə ifadə olunan fikirlər ona dəlalət edir ki, dünya Azərbaycana inanır və beynəlxalq birliyin Bakı forumundan gözləntiləri böyükdür. Bu günlərdə WUF13-ə həsr olunmuş onlayn brifinq baş tutub və tədbirdə BMT rəsmiləri Bakı forumunun gündəliyi ilə bağlı mühüm açıqlamalar veriblər.

Dayanıqlı şəhər inkişafı məsələlərinin prioritetliyi

Hər dövr müxtəlif sahələrdə yeni çağırışlar yaradır. Hazırkı dövr qlobal istiləşmənin artması və iri şəhərlər ətrafında təmərküzləşmə meyllərinin daha da sürətlənməsi ilə səciyyələnir. Hər iki halda şəhərlər üşün çağırışlar yaranır. Təchizatla və urbanizasiya ilə bağlı çağırışlar daha aktualdır. Şəhər mühitinin düzgün planlaşdırılması və idarə olunması BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da həlledici rol oynayır və bu kontekstdə şəhərlərin baş planları inklüzivlik, təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq baxımından əsas strateji alətlərdən biridir.

Burada Azərbaycanın təcrübəsinə istinad oluna bilər. Ölkəmizin milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən biri kimi müəyyənləşdilib və hazırda respublikamız işğaldan azad olunmuş ərazilərdə dünyaya nümunəvi şəhərsalma təcrübəsi təqdim edir. Paralel şəkildə, Azərbaycan iqlim dəyişmələrinə və urbanizasiya sahəsində beynəlxalq səylərə fəal töhfə verir.Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsü şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini göstərir.

Paytaxtımızın ev sahibliyi edəcək tədbirdə də bir sıra mühüm təşəbbüslərin irəli sürülməsi və yeni sənədlərin qəbul edilməsi gözlənilir. Bu barədə BMT-nin Məskunlaşma Proqramının kommunikasiya üzrə direktoru Katerina Bezqaçina brifrinqdə bildirib. Onun bildirdiyinə görə, WUF13-ün yekunları üzrə mənzil və davamlı şəhər inkişafı məsələlərinə xüsusi diqqət göstərilməsini nəzərdə tutan “Baku Call to Action”ın qəbul edilməsi planlaşdırılır. “Forumun yekunu WUF13-də qəbul ediləcək “Baku Call to Action” - mənzil və dayanıqlı şəhər inkişafı məsələlərinə prioritet əhəmiyyət verilməsi çağırışı olan sənəd olacaq. Biz milli hökumətləri, şəhərləri, yerli hakimiyyət orqanlarını və digər maraqlı tərəfləri bu sənədə töhfə verməyə, həllər təqdim etməyə və mənzil təminatı sahəsində konkret addımları dəstəkləməyə çağırırıq,” - deyə qurum rəsmisi vurğulayıb.

O əlavə etdi ki, WUF13 çərçivəsində yeni urbanistik gündəlik üzrə nazirlik görüşü təşkil olunacaq, burada tərəqqi nəzərdən keçiriləcək və  prioritetlər müəyyənləşdiriləcək. Fikirlərinə davam edən Bezqaçina vurğulayıb ki, Dünya Urbanistik Forumunun maraqlı xüsusiyyətlərindən biri WUF13-də təqdim olunacaq “Urban Expo” - qlobal həllər platformasıdır. “Bu, bütün dünyanın mənzil sahəsində müxtəlif modelləri və həlləri nümayiş etdirmək imkanıdır. İştirakçılar öz məhsullarını və ən yaxşı təcrübələrini təqdim edəcəklər,” - deyə  Bezqaçina bildirib.

Qeyd etmək yerinə düşər ki, hazırda “Urban Expo”da iştirak üçün müraciətlərin qəbulu davam edir və bu proses martın 31-də başa çatacaq. Eyni zamanda, hökumət nümayəndələri, sahə liderləri, startaplar və texnologiya şirkətləri ilə şəbəkə görüşləri planlaşdırılıb.

Hamı üçün mənzil

Hazırda dünyada şəhərsalma sahəsində mənzil, təhlükəsiz şəhərlər kimi problemlərin də aktuallığı heç vaxt olmadığı qədər artıb. BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax birifinqdəki çıxışında diqqəti bu qəbildən olan məsələlərə yönəldib.  Bakının ev sahibliyi edəcəyi forumu dəyərləndirən BMT rəsmisi bildirib ki, bu, ölkələrə və tərəfdaşlara yerinə yetirilmiş öhdəlikləri qiymətləndirməyə, boşluqları müəyyən etməyə və növbəti onillikdə layiqli mənzil təminatı üçün prioritetləri təyin etməyə imkan verəcək nəzarət nöqtəsi olacaq. Onun sözlərinə görə, forumun mövzusu “Hamı üçün mənzil: təhlükəsiz və davamlı şəhərlər, icmalar” olacaq və bu, qlobal mənzil böhranının aktuallığını əks etdirir.

Brifinqdə təqdim olunan statistika həqiqətən də dəhşət saçır. Hazırda dünyada təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, onların 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların sakinidir. 300 milyondan çox insan evsizliklə üzləşir.

Anaklaudia Rossbax vurğulayıb ki, normal mənzilin çatışmazlığı milyonlarla insanı iqlim riskləri qarşısında həssas edir. Xüsusən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayanlar bundan əziyyət çəkirlər. Daxili köçkünlərin, qaçqınların və miqrantların 60 faizdən çoxu şəhərlərdə sığınacaq tapır, bu da mənzil sistemlərinə əlavə yük yaradır. BMT rəsmisinin sözlərinə görə, WUF13 mənzili qlobal gündəmin mərkəzinə qoyacaq, onu yalnız əsas insan hüququ kimi deyil, həm də inklüziv, iqlimə davamlı və böhranlara uyğunlaşa bilən inkişafın əsası kimi nəzərdən keçirəcək.

Rossbax həmçinin qeyd edib ki, 2026-cı il qlobal gündəm üçün əsas il olacaq, çünki 2016-cı ildə Kitoda Habitat III konfransında Yeni Urbanistik Gündəmin (New Urban Agenda) qəbulunun 10 ili tamam olur. “BMT Baş katibi onun həyata keçirilməsinin aralıq icmalını təqdim edəcək ki, bu da 2036-cı ilə qədər tətbiqin növbəti onilliyinin formalaşdırılmasında mühüm mərhələ olacaq. Bundan əlavə, Davamlı İnkişaf Məqsədi (DİM) 11 “Davamlı şəhərlər və icmalar” üzrə tərəqqi 2026-cı ilin iyulunda BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda nəzərdən keçiriləcək, BMT Baş Assambleyası isə Yeni Urbanistik Gündəm üzrə yüksək səviyyəli iclas keçirəcək”, - deyə Rossbax fikirlərini yekunlaşdırıb

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
yeniazerbaycan.com

2Mənbələr