AZ

“Ölkədə hər 100 min nəfərə 28 vəkil düşür”

Bakupost saytına istinadən ain.az xəbər verir.

Ədliyyə naziri Fərid Əhmədov “LEGIS Hüquq Forumu”nda çıxışı zamanı ölkədə hüquq sahəsində kadr çatışmazlığının mövcud olduğunu bildirib. Nazir qeyd edib ki, hazırda təhsil müəssisələri hər il əmək bazarına, təxminən 1400 hüquq məzunu buraxır. Onlardan 600-ü ixtisaslaşmış təhsil müəssisələrinin məzunlarıdır. Bununla belə, ölkədə hər 100 min nəfərə cəmi 28 vəkil düşür. Vəkil olmayan hüquqşünasların da mövcudluğunu nəzərə alsaq belə, məhkəmələrdə mübahisələrin sayının artdığı bir şəraitdə hüquq təhsilinin kəmiyyət göstəriciləri kifayət etmir.

Nazir vurğulayıb ki, regionlarda hüquqşünas çatışmazlığı ciddi problem olaraq qalır. Bəzi bölgələrdə icra məmuru tapmaqda çətinliklər yaşanır.

“Biz kəmiyyət problemini həll etdikcə, dərhal keyfiyyət problemi ilə üzləşirik. Tələbələrin sayı artdıqca dərs yükü artır, bu da müəllim sayının artması deməkdir. Əmək bazarında da kifayət qədər müəllim yoxdur. Biz kəmiyyəti keyfiyyətə çevirə bilmirik. Bu prosesdə müəllim heyətinin sayının artması istiqamətində ciddi işlər görməliyik. Təhsil proqramları uzun illərdir ki, dəyişmədən qalır”.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında hüquqşünas Babək Həmidov bildirib ki, əsas problem hüquq fakültəsində təhsilin keyfiyyətindədir:

“Universitet vaxtı tələbəyə verilən bilik və bacarıqlar onun peşə fəaliyyətində istifadə edəcəyi bilik və bacarıqlara adekvat deyil, tamamilə fərqlidir. Bunu bir-biri ilə mütənasib etmək lazımdır. Ən vacib məsələlərdən biridir.

Hüquq fakültəsindəki dərslərin sayını artırmadan, çox az zəruri olan dərsləri praktik və bacarıq öyrədəcək təlim və dərslərlə əvəz etmək lazımdır. Bu, birinci vacib şərtdir.

İkinci problem ondan ibarətdir ki, hüquqşünas müəyyən bilik və bacarıqlara sahib olanda iş seçərkən, sözsüz ki, əmək haqqına və digər təminatlara fikir verir. Xatırlayıram ki, ucqar rayonlara dərs deməyə gedən müəllimlərə müəyyən təminatlar nəzərdə tutulurdu. Hesab edirəm ki, ucqar rayonlarda icra məmuru vəzifəsinə cəlb edilən hüquqşünas üçün müyyən güzəştlər təqdim oluna bilər ki, iş daha cəlbedici olsun”.

Vəkil Cavanşir Qasımzadə isə bildirib ki, regionlarda təkcə hüquq sahəsində deyil, digər sahələrdə də çatışmazlıqlar mövcuddur:

“Bu gün regionlarda müəllim və həkim çatışmazlığı da var. Hər kəs üzünü Bakıya tutur. Yəni problem əslində urbanizasiya – şəhərləşmə ilə bağlıdır.

İlk öncə insanları regionlarda yaşamağa stimullaşdırmalıyıq. Hüquqşünaslıq üzrə təhsil alan tələbələr də stimul almalıdır ki, rayonlarda işləsinlər. Burada mütləq maddi stimullaşdırma olmalıdır. Qeyd olunmalıdır ki, rayonlara işləməyə gedən icra məmurlarına əlavə ödənişlər veriləcək. Məsələn, onlar evlə təmin olunacaq və ya digər güzəştlər tətbiq ediləcək.

Universitetlərdə kvota sistemi tətbiq olunmalıdır. Məsələn, universiteti bitirdikdən sonra regionlarda işləyəcək tələbələr üçün universitetə giriş balları aşağı olmalıdır. Təbii ki, burada keyfiyyəti də aşağı salmaq olmaz. Çünki kadr çatışmazlığından əlavə, yaxşı kadr çatışmazlığı da mövcuddur. Biz bu gün “kəmiyyət çox olacaq” deyə keyfiyyəti aşağı salsaq, bu da təhlükəli nəticələrə gətirib çıxara bilər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
www.bakupost.az

1Mənbələr