ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağızda qəfil yaranan, yemək-içməyi işgəncəyə çevirən kiçik yaralar əslində düşündüyünüzdən daha çox səbəbdən ortaya çıxa bilər. Hər dörd nəfərdən birində müşahidə olunan aftların əksəriyyəti zərərsiz olsa da, bəzi hallarda orqanizmin daha ciddi siqnalı ola bilər.Demokrat.az xəbər verir ki, ağız yaraları adətən dodaq və yanağın daxili səthində, bəzən də dilin altında yaranan dairəvi və ya oval formalı xoralardır. Həkim Lucy Hooper bu yaraların zərərsiz olduğunu və ən geci 1 həftəyə sağaldığını bildirib.Aftlar çox vaxt ağızın içini bilmədən dişləmək, sərt qidanın yaratdığı sürtünmə kimi yüngül travmalar nəticəsində əmələ gəlir. Lakin genetik meyillilik, hormonal dəyişikliklər və virus infeksiyaları da rol oynaya bilər. "Crohn" xəstəliyi və çölyak kimi autoimmun pozuntuları olanlar, eləcə də kimyaterapiya alan şəxslər daha həssas hesab olunur. İbuprofen kimi gündəlik istifadə olunan bəzi dərmanlarla da əlaqə mümkündür. Ən geniş yayılmış səbəblərdən biri isə stressdir. Həkim deyir ki, “Stress iltihaba səbəb olur və orqanizmdə iltihab olduqda bu, ağız boşluğuna da təsir göstərə bilər”.Qidalanma da mühüm amildir. Tədqiqatlar göstərir ki, B12 vitamini, dəmir, fol turşusu və sink çatışmazlığı aftların yaranmasını asanlaşdıra bilər. Lucy Hooper qeyd edir ki, ət, yumurta, dəniz məhsulları və süd məhsullarından uzaq duranlarda risk arta bilər: “Bu, o demək deyil ki, veqan və ya vegeterian kimi sağlam qidalanmaq mümkün deyil. Sadəcə bəzi qida qruplarını rasiondan çıxararkən həmin vitaminləri kifayət qədər qəbul etdiyinizə əmin olmalısınız”.Riskin azaldılması üçün B12 ilə zənginləşdirilmiş bitki mənşəli südlərdən istifadə etmək, sink üçün noxud, fıstıq və kinoaya üstünlük vermək, fol turşusu mənbəyi kimi tünd yaşıl yarpaqlı tərəvəzlər və paxlalıları rasiona əlavə etmək, dəmir üçün isə ispanaq kimi məhsullar seçmək tövsiyə olunur.Bəzi qidalar isə birbaşa aft yarada və ya mövcud yaranı ağırlaşdıra bilər. Alkoqol, qazlı içkilər və sitrus meyvələri bunların başında gəlir. Həkimin sözlərinə görə, turşulu qida və içkilərin tez-tez qəbulu ağız boşluğunun pH balansını aşağı salır, qoruyucu qatın zədələnməsinə səbəb olur və bu da toxumanı daha həssas edir. O əlavə edir: “Çiyələk və pomidor insanların turşuluqla əlaqələndirmədiyi iki qidadır, lakin ağız yaralarının yaranmasına səbəb ola bilər”.Acılı və duzlu qidalar da ağızın həssas selikli qişasını qıcıqlandıraraq aftın yaranmasına şərait yarada bilər. Əgər artıq yara mövcuddursa, sərt, xırtıldayan və ya kəskin kənarlı qidalardan uzaq durmaq tövsiyə olunur. Həkim xəbərdarlıq edir ki, xırtıldayan çörəyi çeynəmək belə ciddi narahatlıq yarada bilər.Ağız gigiyenası da az əhəmiyyət daşımır. Diş sapından istifadə etmək və mütəmadi stomatoloq müayinəsindən keçmək vacibdir. Diş məcunlarının tərkibində tez-tez rast gəlinən natrium lauril sulfat (SLS) maddəsi köpüklənmə yaratsa da, bəzi araşdırmalara görə SLS-siz məcunlar ağız yaralarının və ağrının azalmasına kömək edə bilər.Əksər aftlar kiçik olur və öz-özünə sağalır. Lakin yara bir santimetrdən böyükdürsə, iki həftədən artıq davam edirsə və ya başqa əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Qan analizləri ilə vitamin və mineral çatışmazlığı araşdırıla bilər. Lucy Hooper bildirir ki, “Şiddətli ağrı və ya qızdırma, qarın və ya oynaq ağrısı kimi digər xəstəlik əlamətləri də varsa, əsas səbəbi araşdırmaq vacibdir”.Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.