Paris, 13 fevral, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron hökumətin antisemit və irqçi əməllərə görə cəzaların sərtləşdirilməsi istiqamətində iş aparacağını açıqlayıb. O, bu bəyanatı iyirmi il əvvəl oğurlanaraq antisemit motivli qətlin qurbanı olmuş İlan Haliminin anım mərasimində səsləndirib.
AZƏRTAC xəbər verir ki, Fransa prezidenti antisemitizmin müxtəlif formalarını pisləyib. Dövlət başçısı vurğulayıb ki, bu təhlükəyə qarşı hakimiyyət orqanları səfərbər olunmalıdır.
Makron bildirib ki, təşəbbüs çərçivəsində hakimlərin daha yaxşı hazırlanması, çıxarılan hökmlərin və tətbiq edilən sanksiyaların dəqiq izlənməsi təmin olunacaq. Bundan əlavə, antisemit, irqçi və digər ayrı-seçkilik xarakterli əməllərə və bəyanatlara görə təqsirli bilinən şəxslər üçün seçki hüququndan məhrumetmə cəzasının tətbiqi də nəzərdən keçirilir.