AZ

Müharibənin Novruz bayramından sonra başlaması ehtimalı çoxdur Politoloq

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tanınmış politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Bakupost.az-a müsahibəsi:– Elxan bəy, bu gün, İsrailin İrana hücumundan (iyunun 13-ü cümə günü) səkkiz ay ötür. Bu gün də, gələn ayın da 13-ü cümə gününə düşür. ABŞ-də numerologiyaya xüsusi inam olduğu bəllidir. Sizcə, gələn ayın bu günü İrana hücum mümkündürmü?

– Həmin gün müharibənin başlayacağını söyləmək çətindir. Bu bir az münəccimlik olar. Amma məsələ burasındadır ki, müharibə ehtimalı azalmır, əksinə, artır. Amerikanın hərbi gəmilərinin sayı da İran sahillərində xeyli çoxalıb. Danışıqlar nəticə vermir. İran mühafizəkarları Trampın dörd ağır şərtindən yalnız birincisi ətrafında müzakirə aparmağa razılıq veriblər. Uran zənginləşdirilməsindən başqa digər məsələlərdə də heç bir irəliləyiş yoxdur. Əslində birincidə də irəliləyiş ürəkaçan deyil. Bütün bunlar müharibə ehtimalı getdikcə artırır. İsrailin də müəyyən qədər Amerikaya təzyiqi və ya ricası var ki, İrana qarşı tələblərindən geri çəkilməsin. Çünki ballistik raketlər İsrail üçün təhlükə yaradır. Və təsadüfi deyil ki, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri də bununla bağlı idi. Amma Tramp təzyiq təzyiqi qarşısında qərar verən siyasətcilərdən deyil. Bütün hallarda, əlbəttə, danışıqlar nəticə verməsə, nəticə verəcəyi ehtimalı da azdır, bölgədə müharibə ehtimalı hər zaman yüksək səviyyədə olardı. – ABŞ bu gün ikinci – Karib dənizindəki “USS Gerald R. Ford” təyyarədaşıyanı və onu müşayiət edən gəmiləri bölgəyə göndərmək haqqında qərar verdi. Bundan bir neçə gün qabaq regiona təxminən 150 “Tomahawk” qanadlı raket daşıyan Ohio sinifli “USS Georgia” sualtı qayığı göndərilib. Bundan başqa ABŞ-nin bölgədə yerləşən – Qətərdəki “Əl‑Udeyd”, İordaniyadakı “Muvaffaq”, Səudiyyə Ərəbistanındakı “Prince”, Omandakı “Dukhan”, Hind okeanındakı “Dieqo Qarsia” hərbi bazalarında təyyarə sayı durmadan artırılır, “Patriot” sistemləri hazır vəziyyətə gətirilir. Bütün bu hadisələr müharibənin daha geniş olacağını göstərirmi? – Müharibədə quru döyüşlərin olacağına inanmıram. Yəni, ABŞ əsgərlərinin İraq və Əfqanıstanda olduğu kimi, İran ərazisinə daxil olacağını zənn etmirəm. Çünki amerikalılar risklərin böyük olacağını hesablayırlar. Belə baxanda, hər halda, İran nə İraqdır, nə də Əfqanıstan. Bundan başqa ABŞ Əfqanıstanda Talibana məğlub oldu və qoşunlarını çıxartdı. İraqda da illər boyu yüz minlərlə insan həlak olub. Amerika əgər müharibəyə başlayacaqsa, ancaq raket zərbələri ilə kifayətlənəcək. Ümidi də onadır ki, raket zərbələrindən sonra İranda yenə etiraz dalğası başlayacaq, ya rejim çökəcək, ya da zəifləyib şərtləri qəbul edəcək. Amma ən pis ssenaridə ki, heç kim bunu arzulamır, İranda bir vətəndaş müharibəsi ehtimalı artarsa, qarşıdurma güclənəcək. Bəlkə bu halda Pentaqon qərar verə bilər ki, qurudan müdaxilə imkanları mümkündür. Sadəcə, əsas suallardan biri budur ki, müharibə başlasa, Amerika hədəfinə çatacaqmı. Çünki keçən dəfə belə məlum oldu ki, əslində hədəfə çatılmadı. Uran zənginləşdirilməsi mərkəzlərinin məhv edildiyi iddia edildi. Amma indi deyirlər ki, İran yenə də uranı zənginləşdirə bilər və biz bunun qarşısını almalıyıq. Yəni, əgər o zaman mərkəzlər dağılmışdısa, səkkiz aydan sonra İran uran mərkəzlərini necə bərpa etdi? O deməkdir ki, keçən dəfəki müharibənin də əslində, nəticələri olmayıb. Sadəcə nəticə bir az İran iqtisadiyyatının vəziyyəti ağırlaşıb, camaatın narazılığı artıb, amma bu da İranda rejiminin dəyişməsinə hələ səbəb, səbəb olmayıb. – Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Hər iki bayram İran xalqı üçün də əsas bayramlardır. Amma xalqın kasıblaşması, qıtlıq və bahalıq bu dəfə bayramları istənilən kimi keçirməyə imkan verməyəcək. Bu da xalqın əhval ruhiyyəsinə ciddi təsir göstərəcək. ABŞ strateqləri bütün bu hallarda xalqın narazılığının daha da artmasını hesablayaraq, ilk hücumu bayramdan bir neçə gün sonra edə bilərmi?

– Əslində, həqiqətən, Amerika bir qədər gözləmə mövqeyindədir. Çünki İranın vəziyyəti gün-gündən ağırlaşır, iqtisadi, sosial problemlər getdikcə artır. Neftini sata bilmir. Amerikanın oradakı hərbi gəmiləri yalnız zərbə endirmə ehtimalı üçün orada toplaşmayıb. Həm də İranın neft satışını da əngəlləyirlər. İran çox ölkəyə neft sata bilmir. Əsas alıcısı Çindir. Ona da çox ucuz qiymətə satır və gəlir də əldə edə bilmir. Və indi Amerika gəmiləri onun da qarşısını almağa çalışırlar. Ola bilsin ki, ABŞ İranda bayramların bitməsini gözləyəcək. Çünki Ramazan ayında hücum etsə, rejim xalqı öz ətrafında vahid düşmənə qarşı birləşdirə bilər. Bu, Amerikanın maraqlarına ziddir. Sənin də dediyin Pentaqona, Dövlət Departamentinə bağlı beyin mərkəzləri bunları proqnozlaşdırır, hesablayırlar. Tramp nə qədər də, belə desək, dəliqanlı prezident olsa da, bu məsələlərdə özbaşına qərar verməz. Onun da qarşısında hesabatlar, proqnozlar var. Hansı addım atılsa, nəticələri nə ola bilər? Bütün ehtimalları beyin mərkəzləri hazırlayır. Necə ki, Soyuq müharibə illərində SSRİ-nin dağılmasını ABŞ beyin mərkəzləri proqnozlaşdırdılar və prezidentləri də buna uyğun fəaliyyət göstərdi. İndi də dərin dövlət deyilən bir anlayış da var. Yəni, Tramp məsələdə təkbaşına qərar verməyəcək. Çünki risklər çox böyükdür. O hesablamalar göstərsə ki, həqiqətən, bayramları yola verib, sonra zərbələr endirmək ehtimalı daha doğrudur, o cür addım atılacaq. Amma yenə də o sual aktuallığını saxlayır ki, zərbədən sonra nə baş verəcək? İran dəyişəcəkmi? İran uran zənginləşdirilməsini dayandıracaqmı? Bu suallara cavab tapmadıqlarına görə hələ İrana zərbə vurmurlar. – İranın nüvə zənginləşdirilməsini dayandırmayacağı artıq bu gün sübut olundu. Ötən yay Natanzda vurulan nüvə obyektlərinə yaxın ərazidə yeni obyekt tikiblər. Budəfəki obyekt dağın daha da dərinliyində yerləşir. Artıq tunelləri hazırdır. Bir də SEPAH bu günlərdə “Hürremşehr-4” raketləri yerin altından çıxardıb, nümayiş etdirdi. Həmin raketlər nəhənglikdə Rusiyanın təxminən “Oreşnik”inə çox bənzəyir.

– Əsas sual budur ki, İran Amerikaya zərbə vura biləcəkmi? Keçən müharibələrdə də Amerika elə böyük zərər vura bilmədi. Qətərdə və İraqda boş hərbi bazalara bir-iki raket atdı. Bu dəfə də əsas zərbəni Amerikanın müttəfiqi kimi İsrailə vuracaq və Tel-Əviv də bunu bilir. Budəfəki zərbələr iki istiqamətli olacaq – ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə sürü hücumu. İsrailin mümkün bütün məntəqələrinə zərbələr endiriləcək. Amerikan gəmilərinə zərbələr mənasızdır, çünki gəmilərin güclü hava hücumundan müdafiə sistemləri var. Əgər keçən dəfə olduğu kimi, İsrail də müharibəyə qoşulsa, İrana çox dəhşətli zərbələr vurulacaq. Fakt ki, keçən müharibədə İranın hava hücumundan müdafiə (HHM) sistemi tam dağılmışdı. Rusiyadan aldığı “S-400”lər də, “S-300”lər heç bir işə yaramadı, hamısı darmadağın oldu. İndi də Çindən, Rusiyadan HHM sistemlər alıblarsa, İsrail onları da, dağıdacaq. Bundan başqa İsrailin o bunkerlərdə saxlanılan raketlərə də zərbə endirmək təcrübəsi var. “Hizbullah” liderini bunkerdə məhv edən Tel-Əvivin İrandakı raket bunkerlərinə də zərbələr endirmək imkanı var. İran da, öz gücünü nümayiş etdirməyə çalışır. Tehran müxtəlif manevrlər həyata keçirməklə, bir az da gülməli səslənir, süni intellektlə guya Amerikanın hərbi gəmilərini partlatmaq filmləri çəkib yaymaqla gücünü göstərməyə çalışır. Sanki rejim özü də konfrontasiyaya gedir. Deyir gəlin, görək müharibədə kim qələbə çalacaq? Amma yenə də güclər nisbəti bərabər deyil. Söhbət ABŞ-İsrailin gücündən gedir. İran onlarla ayaqlaşa bilməyəcək. Amma yenə də, bu o demək deyil ki, rejimi müharibədə çox böyük itkilər verərək dağılacaq. Yəni, rejim hələ güclüdür və onu qoruyan İslam Keşikçiləri Korpusu (SEPAH) qorxusu var. Son qətliamı da, onlar törətmişdilər. – Sizin sözünüzün qüvvəti bir neçə gün bundan qabaq ABŞ “F-35” hərbi təyyarəsi gəmiyə yaxınlaşan İran PUA-sını vurmuşdu. İran, Amerika müttəfiqi demişkən, İranın da müttəfiqlərinə, daha doğrusu, ticarət edən ölkələrə Tramp iyirmi beş faiz, gömrük rüsumu tətbiqi ilə bağlı sərəncam imzaladı. – Birinci İranın müttəfiqi, normal dostu da yoxdur. Rusiya və Çin isə nə müttəfiqdir, nə də dost. Ağır gündə onlar da İrana kömək etməyəcək. Çin kömək eləmək istəsəydi, dərhal hərbi gəmilərini İran sahillərinə göndərərdi. Amma Tehrana görə heç kim ABŞ və İsraillə üz-göz olmaq istəmir. Çünki İranın yaratmaz xarici siyasəti onu dostlarından məhrum edib. Bu məsələnin bir tərəfi. Amerikalılara gəldikdə, bəli, Trampın qərarı İranla ticarət aparan ölkələrə qarşı məhdudiyyətlər qoydu. Bu da bir hədədir. Bu, Türkiyəyə də mənfi təsir edə bilər. Çünki İranın əsas ticarət tərəfdaşlarından biri, Ankaradır. Türkiyə NATO ölkəsidir, Amerika ilə sıx əlaqələri var. Yəni, 30-35 faiz gömrük rüsumlarından danışsalar da, inanmıram ki, Amerika özünə dost və tərəfdaş saydığı ölkələrə iqtisadiyyatına zərər vursun. – “The Guardian” ayın 9-da yazdı ki, İranda müxalif liderlərin həbsinə başlanılıb. Azar Mansuri, Vida Rəbbani, Abdulla Mömini, Mehdi Mahmudiyan, Musəvinin baş müşaviri olan Necati, Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi həbs olunub. Hətta Cavad Zərifinin ev dustaqlığı məsələsi ilə bağlı sosial şəbəkələrdə böyük ajiotaj var. İranın islahatçı qanad adlandırılan bu şəxslər Pezeşkianın prezident seçilməsinin əsas səbəbkarları idi.

– Rejim rəqiblərini məhv edir, neytrallaşdırır. Çünki bilir ki, yenidən etiraz dalğası başlasa, bu isimlər etiraza dəstək verəcəklər. Ona görə onları ya həbsxanaya salır və ya barələrində ev dustaqlığı qərarı verir. Etiraza qalxan adamları qətl edirlər, edamlara həyata keçirirlər. Bu üsullarla alternativ qüvvələri susdurmağa çalışırlar. Bu hadisələr İslam inqilabından sonra da olmuşdu. İnqilabi baş verəndən sonra təkcə bu indiki rejim deyildi ki, başqa siyasi qüvvələr də var idi. İraqla müharibədən istifadə edib əksər qüvvələri məhv etdilər. Sağ qalanlar da ölkədən qaçdı. İndiə də narazıları, belə deyək, susdurmağa çalışırlar. İndi də, xeyli insan, xüsusilə gənclər öldürülür. Bütün bunlar rejimə təhlükə olmamasına xidmət edir. Vaxtı ilə SEPAH-ı ona görə yaratdılar ki, birdən İran ordusu xalqın tərəfinə keçsə, rejimi qoruyan, xalqa və alternativ qüvvələrə divan tutan silahlı qruplaşma olsun. Amma bu siyasət uğur gətirməyəcək və bunun hardasa bir sonu olmalıdır. Bu qədər resursları var, amma problemləri həll edə bilmirlər. Sanksiyalar, iqtisadi məhdudiyyətlər, sosial problemlər – yanlış xarici və təhlükəsizlik siyasəti yeritdiyinə görədir. – Qətliamlar demişkən, Pezeşkian xalqın qarşısına çıxıb buna görə üzr də istədi. Əslində, Pezeşkian humanist adamdı, ürək həkimidir. Yəni, bütün davranışları, təcrübəsi, həyatı humanizmdən keçir və birdən-birə odla-su arasında qalıb. Bir yanda rejim, bir yanda xalq.

– Düzdür, heç nə eləyə bilmir. Bu qətliamda onun zərrə qədər iştirakı olmayıb, amma ölkənin prezidentidir. Səlahiyyəti olmasa da, daxili iztirab çəkir, yəqin baş verənlərə görə və dolayısı ilə günahkarların da adını çəkir, amma rejimə qarşı çıxmır. Rejimə qarşı çıxsa, onu ya həbs, ya da edam edəcəklər. Belə şəraitdə islahat aparmaq mümkün deyil. Çünki ölkənin sahibi o yox, ali dini liderdir. Təsəvvür elə, əgər dövlət televiziyası prezidentin çıxışını kəsirsə, burada hansı səlahiyyətlərdən söhbət gedə bilər? Amma prezident fərqli bir xarici, daxili siyasət yürütmək istəyərdi. Amma indiki konstitusiya hüquqları şəraitində bu, mümkün deyil. – Mənbələrə görə (daha dəqiq İranintl.com saytı yazıb ki) fevral əvvəllərindən bəri, xüsusilə 5 dən 12 yə qədər dövrdə İran diplomatlar vasitəsilə xaricə böyük məbləğdə valyuta çıxarılıb. Pul çıxaran şəxslər arasında Məhəmməd İbrahim Taherian Fard, Məhəmməd Rza Şirxədayi, Əli Laricaninin adı çəkilir. Bu fəaliyyət əsasən Livana və bir sıra digər Yaxın Şərq ölkələrinə yönəlib və məqsəd “Hizbullah” və digər proksi qüvvələrin maliyyə dəstəyini davam etdirmək olub.

Bundan başqa Əli Xameneinin oğlu Müctəba və müşaviri Əli Laricani İrandan təyyarələrlə varidatlarını, yüz milyonlarla dollar nağd pulu çıxarır.

– Hər zaman belə olub. Yəni xalq iztirab, sosial problemlərin içində boğulsa da, rejim, mühafizəkarlar, SEPAH generalları hər zaman öz ailələri yaxşı yaşayıb. Araşdırma aparsaq məlum olar ki, bu mühafizəkarlar, Qərbi şeytan adlandıran Laricaninin və digərlərinin övladları ABŞ-da, Avropada oxuyur, yaşayırlar. Yəni, özləri kef içində pulları da sağa-sola xərcləyirlər. Üstəlik yenə “Hizbullah”a maliyyə daşıyırlar. Halbuki, İranın özünün bu pullara ehtiyacı var. Trampın o dörd şərtindən birində məhz proksi qüvvələrə (“Hizbullah”, “HƏMAS”, husilər) dəstəyin dayandırılması məsələsi də var ki, rejim buna da riayət etmək istəmir. – Yəni, “Hizbullah”a göndərilən son maliyyə müharibə olarsa, terrorçuların da İsrailə qarşı savaşa başlaması üçündür?– ...Bəli, pul havayı verilmir. Bu vəsaitlər ona görə ödənilir ki, İrana təhlükə yaransa, o qüvvələr də Tehranın rəqibləri və düşmənləri ilə mübarizə aparsınlar, partlayışlar törətsinlər. Amma “Hizbullah”ın da əvvəlki gücü almayıb. İsrail bu son illərdə onu xeyli zəiflədib, komandirlərini və rəhbərliyini neytrallaşdırıb. Partladılan peycer və rabitə vasitələri ilə xeyli üzvünü zərərsizləşdirib. Amma yenə də “Hizbullah” İranın maliyyəsi hesabına hələ də ayaqdadır.– Fevralın 10-da Netanyahu ABŞ-a getdi. Orada bəzi açıqlamalar verdi. Hətta Trampa bir az sərt dillə dedi ki, əgər Amerika hücumdan imtina etsə, İsrail təkbaşına hücum edəcək.

– Bəli, bunu ona görə deyir ki, Amerikanın hücumundan sonra İranın əsas hədəfi İsrail olacaq. Amerikan hərbi bazalarına effektsiz bir-iki zərbə vurmağa çalışacaq. Əsas zərbələr İsrailə dəyəcək. Ona görə İsrail Baş naziri Amerikanın planlarından xəbərdar olmaq üçün tez-tez Vaşinqtona səfərlər edir. Netanyahu ehtiyat edir ki, birdən Trampı uran zənginləşdirilməsi ilə bağlı sövdələşmə əldə edər və digər məsələləri unudar. Uranın zənginləşdirilməsi ilə yanaşı, İranın ballistik raket istehsalı da İsraili çox güclü narahat edir. Son müharibədə İran məhz həmin raketlər vasitəsilə İsrailin hava müdafiə sistemini yarımağa müvəffəq olmuş, bəzi ərazilərini vurmuşdu. Belə bir təhlükə İsrail üçün hələ də mövcuddur. Ona görə Vaşinqtonla bu məsələlərdə dialoqu və məsləhətləşməni intensivləşdirib. – Elxan bəy, ABŞ bu ilki hərbi büdcəni 900 milyard dollar müəyyən edib. Bu rəqəm ötən il 884 milyard, 2024-cü ildə isə 842 milyard idi. Tramp 2027-ci ilin hərbi büdcəsini öncə 1 trilyon, daha sonra isə 2024-25-ci ilin büdcəsindən təxminən 2 dəfə çox 1,5 trilyon elan etdi. Bu arada “Politico Poll” və “Public First” tərəfindən 2025-26-cı illərdə aparılan sorğulara görə, ABŞ, Kanada, Britaniya, Fransa, Almaniya respondentlərin tən yarısından çoxu, daha dəqiq respondentlərin 60%-dən yuxarısı III Dünya müharibəsinə inanır. ABŞ-ın da büdcəsi nəzərə alsaq, Dünya müharibəsi gözlənilirmi?

– Yəni, bu haqda çox danışırlar. Suriyada müharibə olanda da çoxları deyirdi III Dünya müharibəsi başlayacaq. Barak Obamanın oxşar açıqlaması olmuşdu. Əlbəttə, risklər hər zaman var. Məsələn, hansısa bir lokal toqquşmanın qlobal müharibəyə çevriləcək ehtimalı hər zaman var. Amma bunun dünya müharibəsinə çevriləcəyi ehtimalına çox da inanmıram. Son anda böyük dövlətlər riski anlayacaq və geri addım atacaqlar. Amma Pentaqonun hərbi büdcəsinin artırılmasının başqa səbəbləri var. ABŞ özünü dünyanın super gücü hesab edir. Bir ara deyirdilər ki, çoxqütblü dünya formalaşır. Amma Tramp sübut etməyə çalışır ki, dünya çoxqütblü deyil, təkqütblüdür. Burada həqiqət ondan ibarətdir ki, iqtisadiyyatı böyük, hərbi xərcləri çoxdur. Digər tərəfdən dünyada ən çox hərbi bazası olan ölkə Amerikadır. Planetin hər guşəsində, hər qitəsində hərbi bazaları var. Nə Rusiyanın, nə də Çinin bu qədər hərbi bazası yoxdur. Ona görə ABŞ dünyada super dövlət statusunu sübut etmək üçün hərbi büdcəni yüksək səviyyədə saxlamalıdır. Və hərbi texnikanın istehsalına da xeyli maliyyə ayırmalıdır ki, statusunu qoruya bilsin. Amma bu o demək deyil ki, ABŞ hansısa böyük bir müharibəyə hazırlaşır. Lokal problemlərin həlli ilə məşğuldur. Venesuelanı nəzərdə nəzarətə götürüb, Qrenlandiya məsələsini gündəmə gətirib, İranı ram etməyə çalışır. Amma bu problemlərin həllinə də hərbi texnika, hərbi büdcənin artırılması lazımdır. Yoxsa büdcə artımında qlobal müharibədən söhbət getmir. – Lokal məsələ demişkən, ABŞ Kubaya neft satılmaması üçün Meksikaya təzyiq edir. Son məlumatlara görə, Havananın bir aylıq benzin ehtiyatı qalıb.

– Kuba Amerikanın növbəti hədəflərindən biridir. Çünki 1959-cu ildə sosialist inqilabından sonra hakimiyyətə gələn Kastro qardaşları SSRİ ilə ittifaq qurduqdan sonra ABŞ Kubanı itirdi. O vaxtdan ada dövlətin geri qaytara bilməməsinə səbəb keçmiş SSRİ ilə şifahi razılaşma idi. Razılşamya görə, Kubada sovetlərə aid nüvə başlığı raketləri olmayacaqdı, əvəzinə Amerika da Kubaya hücum etməyəcəkdi. İndi nə SSRİ var, nə də Kastro qardaşları. Ona görə Tramp qarşıya məqsəd qoyub ki, Kubanı iqtisadi zəmində boğmaq olar. Kuba iki dövlətdən – Meksika və Venesueladan ucuz neft alırdı. Venesuela artıq Amerikanın nəzarətindədir. Meksikaya da Kubaya neft satmaması üçün təzyiqi göstərir. Yanacaqsızsa, onsuz da bərbad olan Kuba iqtisadiyyatı daha ağır vəziyyətə düşüb. Təyyarələr işləmədiyi üçün turistlər də adalarda ilişib qalıb, ölkələrinə qayıda bilmir. Bu vəziyyət getdikcə ağırlaşacaq. Kuba üçün indi nəyə gətirib çıxaracağını söyləmək çətindir. İnanmıram Rusiya ona kömək əlini uzatsın. Keçmiş illərdən fərqli olaraq, Amerika ilə kəllə-kəllə gəlmək istəməzlər. Ona görə Kubanı yaxın aylarda ağır günlər və həftələr gözləyir. Bundan necə çıxacağını söyləmək çətindir. Trampın ümidi onadır ki, bu ağır iqtisadi vəziyyət İranda olduğu kimi, bəlkə Kuba da rejimin dəyişməsinə səbəb ola bilər. Amma Kuba rejimi güclüdür. Bəlkə İran rejimindən də güclüdür. Baxmayaraq ki, iqtisadi vəziyyət ağırdır. Ona görə yanacağı məhdudlaşdırmaqla, belə asanlıqla Kubada rejimi dəyişəcəyi ehtimalı çox yüksək deyil. – Bu gün 62-ci Münhen Təhlükəsizlik Komitəsi konfransı başladı. Bu konfransdan nə gözləyirsiniz?

– Əsas mövzu, yəqin ki, yenə də Rusiya-Ukrayna müharibəsi olacaq. Çünki illərdir fevralda keçirilən Münhen Təhlükəsizlik Konfransında 4-5 ildir bu mövzu müzakirə olunur. Düzdür, son vaxtlar sanki bir az arxa plana keçib. Əsas mövzular İrandır, Qrenlandiya, Venesueladır. Amma yenə də Avropa üçün əsas təhdid Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsidir. Amerika ilə münasibətlərdə Avropa ölkələri problemlər yaşayırlar. Bu məsələlərlə bağlı, düşünürəm ki, açıq fikir polemikası olacaq.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
www.bakupost.az

1Mənbələr