AZ

Makfol: Medinskinin danışıqlara qaytarılması Putinin real sülhə hazır olmadığını göstərir...

ABŞ-nin Rusiyadakı sabiq səfiri Münhen Təhlükəsizlik Konfransında Moskvanın mövqeyini sərt tənqid edib...

Poliqon xəbər verir ki, Maykl Makfol Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı Rusiyanın danışıqlar prosesindəki son addımlarını şərh edərək bildirib ki, Vladimir Medinskinin yenidən nümayəndə heyətinə rəhbər təyin olunması Vladimir Putinin real və davamlı sülhə hazır olmadığını göstərir.

ABŞ-nin Rusiyadakı keçmiş səfiri qeyd edib ki, Medinskinin 17–18 fevral tarixlərində ABŞ və Ukrayna ilə keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etməsi onu məyus edib. Makfol Medinskini “ciddi və nəticəyönümlü danışıqlar aparan fiqur” kimi görmədiyini vurğulayıb və xatırladıb ki, o, daha əvvəlki danışıqlarda da konkret irəliləyiş əldə edə bilməyib.

Diplomatın fikrincə, belə bir təyinat Kremlin danışıqlara formal yanaşdığını, real kompromisə və uzunmüddətli həllə hazır olmadığını göstərir. Makfol hesab edir ki, Moskva danışıqları vaxt udmaq və beynəlxalq təzyiqləri zəiflətmək vasitəsi kimi istifadə edə bilər.

Makfol eyni zamanda Vaşinqtonda və bəzi Qərb paytaxtlarında səslənən “tezliklə sülhə nail olmaq üçün həm Rusiyaya, həm də Ukraynaya paralel təzyiq göstərmək” planlarını da tənqid edib. Onun sözlərinə görə, tərəflərə eyni məsafədən yanaşmaq düzgün strategiya deyil və ABŞ-nin prioriteti təzyiqləri məhz Moskva üzərində artırmaq olmalıdır.

Sabiq səfir bildirib ki, bu məqsədlə ABŞ-nin Kiyevə silah tədarükünü genişləndirməsi, o cümlədən daha müasir və uzaqmənzilli sistemlərin verilməsi, eyni zamanda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi vacibdir. Makfolun qənaətincə, yalnız hərbi və iqtisadi təzyiqlərin artması Kremlin mövqeyini dəyişə bilər.

O, həmçinin Avropanın roluna toxunaraq vurğulayıb ki, vahid və koordinasiyalı şəkildə hərəkət edən Avropa Rusiyadan daha güclü hərbi və iqtisadi potensiala malik ola bilər. Makfolun fikrincə, bu, Moskva üçün mühüm siqnaldır və Qərbin birliyinin qorunması danışıqlar prosesində əsas amillərdən biridir.

Eks-səfir yekunda bildirib ki, sülhə aparan yol güzəştlərin balanslı şəkildə razılaşdırılmasından keçir, lakin bunun üçün ilk növbədə Kreml real siyasi iradə nümayiş etdirməlidir. Onun sözlərinə görə, indiki siqnallar isə əksinə, Rusiya rəhbərliyinin sərt xətti davam etdirmək niyyətində olduğunu göstərir.

Poliqon.info

Seçilən
105
poliqon.info

1Mənbələr