AZ

Mingəçevir Dövlət Universitetində keçirilən forumda 29 ali təhsil müəssisəsi təmsil olunub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mingəçevir, 13 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet–sənaye əməkdaşlığı sahəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılması olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Ardınca şirkət, təşkilat və keyfiyyət sahəsində peşəkarlaşmış qurumların stendlərinə baxış keçirilib. Mingəçevir Dövlət Universiteti “Abıyev & Partners” şirkəti, “HS AZ (Holberton)” MMC, Keyfiyyət Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası ilə anlaşma və əməkdaşlıq memorandumları imzalayıb.

Forum Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə ali təhsil müəssisələri, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib.

MDU-nun rektoru Anar Eminov forumun keçirilməsinin universitetin keyfiyyət, dayanıqlılıq və innovasiya istiqamətində apardığı sistemli islahatların məntiqi davamı olduğunu bildirib. Rektor qeyd edib ki, forumda iştirak üçün ümumilikdə 500-dən çox müraciət daxil olub və tədbirdə 29 ali təhsil müəssisəsinin, 36 ümumtəhsil və peşə təhsili müəssisəsinin, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndələri təmsil olunur.

TKTA İdarə Heyətinin sədri Tural Əhmədov MDU-nun ev sahibliyi ilə belə irihəcmli və əhatəli keyfiyyət forumunun keçirilməsini təqdirəlayiq addım kimi qiymətləndirib. O, forumun ali təhsil müəssisələri arasında keyfiyyət mədəniyyətinin təşviqi, dayanıqlı inkişaf yanaşmalarının tətbiqi və innovativ təcrübələrin paylaşılması baxımından mühüm platforma olduğunu vurğulayıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev mühəndislik və texnoloji ixtisaslarda keyfiyyətin təmin edilməsinin innovasiya və sənaye ilə sıx inteqrasiya olmadan mümkün olmadığını söyləyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov sənaye, enerji və mühəndislik sahələri üzrə kadr hazırlığında keyfiyyət təminatının və innovativ yanaşmaların həlledici rol oynadığını bildirib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabbarov isə ali təhsil müəssisələrində kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığının, praktik bacarıqlara əsaslanan tədrisin və universitet–sənaye əməkdaşlığının vacibliyini vurğulayıb.

Forum panel iclasları ilə davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
azertag.az

2Mənbələr