AZ

Milyarder Karapetyan Bakı-İrəvan sülh prosesini poza bilər, bir şərtlə...



Akif Nağı: “Ermənistanda hakimiyyət dəyişərsə və Karapetyan baş nazir vəzifəsinə gələrsə bu sülh prosesinə mənfi təsir göstərəcək

“...Hakimiyyətə gəlmək şansı çox azdır”

“Güclü Ermənistan” partiyası erməni əsilli rusiyalı milyarder Karapetyanı baş nazirliyə namizəd göstərib. Lakin Ermənistan konstitusiyası onun bu vəzifəyə namizədliyini irəli sürməsini qadağan edir. Buna baxmayaraq partiya 7 iyun seçkilərində qalib gəlməyə və ölkə konstitusiyasının müvafiq maddəsində dəyişiklik etməyə ümid edir.

News.am-ın məlumatına görə, Ermənistanda ev dustaqlığında olan erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın (Forbes 2025 Rusiya Milyarderləri Siyahısında 44-cü yerdə, 3,2 milyard dollarlıq sərvəti ilə) Ermənistanın baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb.

“Güclü Ermənistan” partiyası tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilənmilyarder yekdilliklə bu partiyanın sədri seçilib.

"Bizim Yolumuz" hərəkatının koordinatoru Narek Karapetyan namizədi təqdim edərək, milyarderin Ermənistanda anadan olduğunu, haradan gəldiyini heç vaxt unutmadığını və "əla beynəlxalq əlaqələrindən ölkənin rifahı üçün istifadə etdiyini" xatırladıb.

Bu arada, Ermənistan Konstitusiyasının 148-ci maddəsinə əsasən, Samvel Karapetyan baş nazir seçilə bilməz. Bu vəzifəyə namizəd son dörd il ərzində Ermənistan vətəndaşı olmalı və eyni müddət ərzində ölkədə yaşamalıdır. Lakin Samvel Karapetyan da Rusiya vətəndaşıdır və son dörd il ərzində Rusiyada yaşayıb.

Narek Karapetyan bununla bağlı bildirib ki, “Güclü Ermənistan” partiyası 7 iyunda keçiriləcək parlament seçkilərində qalib gəlməyi və Samvel Karapetyanın seçilmək hüququna malik olması üçün Konstitusiyanın bu maddəsini dəyişdirməyi gözləyir.

"Tashir Group" şirkətinin prezidenti Samvel Karapetyan 2025-ci ilin yayında İrəvanda dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edilib. Həmin ilin iyul ayında ona çirkli pulların yuyulması ittihamı da irəli sürülüb. Milyarder 18 iyundan bəri məhkəməyəqədər həbsdə qalıb. 18 yanvar 2026-cı ildə o, ev dustaqlığına keçirilib.

Ermənistanda “Güclü Ermənistan” partiyası erməni mənşəli Rusiya milyarderi Karapetyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürməklə yayda keçiriləcək parlament seçkisində səs qazanmağa çalışır. Əgər Karapetyanınpartiyası seçkidə qalib gəlsə hökuməti bu partiya təşkil edəcək və baş nazir də guya Karapetyan olacaq.

Karapetyan Rusiyanın açıq dəstəklədiyi adam olduğuna görə analitiklərin fikrincə, heç şübhə yoxdur ki, o, baş nazir olarsa Azərbaycanla Ermənistan arasında başlanan və hazırda davam edən sülh prosesini dayandıracaq, Ermənistanı yenidən Rusiyanın nəzarətinə qaytarmaq istəyəcək, sülh prosesini pozacaq, ABŞ-ı ölkədən çıxarmağa çalışacaq və sair.

Erməni əsilli Rusiya milyarderinin hakimiyyətə gələcəyi, baş nazir olacağı təqdirdə sülh prosesini hansı təhlükə gözləyir?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Rusiya Ermənistanda təsir imkanlarını bərpa etməyə çalışır, eyni zamanda Ermənistan vasitəsilə Cənubi Qafqazda təsir imkanlarını saxlamaq istəyir. Rusiyanın bu istiqamətdə müxtəlif yollara əl atdığını deyən A.Nağının sözlərinə görə, xüsusən də Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə cəhdlər edir. Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda vəziyyətin də daha kəskinləşəcəyini deyən A.Nağı qeyd etdi ki, Ermənistan rəhbərliyi artıq öz seçimini edib, Qərblə münasibətlər qurur, ABŞ artıq Ermənistana kifayət qədər təsir imkanları əldə edib. ABŞ-ın vitse-prezidenti Vensin İrəvana səfəri də buna nümunə olduğunu vurğulayan partiya sədri qeyd etdi ki, həm siyasi cəhətdən Ermənistan Amerikanın təsiri altındadır, həm də iqtisadi cəhətdən ABŞ orada mövqelərini möhkəmləndirir. ABŞ-ın Ermənistana 9 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını xatırladan A.Nağı bildirdi ki, bu kifayət qədər böyük vəsaitdir.

ABŞ-ın Ermənistanda möhkəmləndiyini görən Rusiyanın müxtəlif addımlar atdığını deyən A.Nağının sözlərinə görə, bu addımlardan biri də Rusiyayönümlü qüvvələrin hakimiyyətə gətirilməsinə çalışmaqdır. “Heç kimə sirr deyil ki, Rusiya Samvel Karapetyanın namizədliyini müdafiə edir. Karapetyanı müdafiə etməklə bağlı mövqelərini açıq şəkildə ortaya qoyurlar. Onun reytinqinin qalxması üçün ən müxtəlif formalarda işlər görəcəklər. Müxtəlif sorğular da keçirilib və belə görsənir ki, Karapetyan Paşinyanla bərabər, hətta bir qədər də üstün mövqedədir. Bu sorğuların nəticələrin obyektiv olması şübhəlidir. Amma hər halda bu ictimai rəyə təsir edən amillərdir. Rusiya təkcə Karapetyanla kifayətlənmir, eyni zamanda Paşinyan variantını da nəzərdə saxlayır, Rusiya ilə Ermənistan arasında rəsmi münasibətlər də saxlanılır. Paşinyan da ehtiyatlı hərəkət edir və Rusiyanı ciddi şəkildə qıcıqlandırmaqdan çəkinir, Avrasiya İqtisadi Birliyi ilə bağlı da münasibətini hələlik dəyişməyib. Orada qalmaq istədiklərini bildirirlər. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan arasında dəmir yolunun bərpası ilə bağlı Paşinyan Rusiyaya müraciət etdi, bu da Rusiyanın könlünü almaq niyyətindən irəli gəlirdi. Bu da Rusiya tərəfindən son təsir imkanlarından biri kimi nəzərdən keçirilir...

Karapetyanın hakimiyyətə gəlmək şansı çox azdır. Ermənistanda hakimiyyət dəyişərsə və Karapetyan baş nazir vəzifəsinə gələrsə bu sülh prosesinə mənfi təsir göstərəcək, amma Azərbaycan üçün o qədər də ciddi problem yaratmayacaq. Tutalım, Rusiyanın dəstəyi ilə Karapetyan hakimiyyətə gəldi, amma Rusiyanın iqtisadi, hərbi gücü o səviyyədədeyil ki, Ermənistanı tam şəkildə dəstəkləsin və onu sosial, iqtisadi və sair problemlərdən xilas etsin. Bu mümkün deyil. Ölkənin daxilində narazılıqlar başalayacaq. Çünki ola bilsin ki, Karapetyan hansısa demaqoq şüarlarla hakimiyyətə gəlsin, amma o vədləri yerinə yetirməsi üçün Ermənistanın vəsaiti yoxdur. Bu vəsaiti Ermənistana Qərb vəd edir və indiyə qədər də verib. Əgər Ermənistan yenidən Rusiyaya meyillənsə Qərb maliyyəni kəsəcək, Rusiya da oradakı yeni hakimiyyəti ciddi müdafiə edə bilməyəcək. Onun hərbi cəhətdən də Ermənistanı müdafiə etmək imkanı yoxdur.

Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır, amma Ermənistan yenə də ən acınacaqlı durumdadır. Bir tərəfdən ABŞ ilə münasibət saxlamaq istəyir, o biri tərəfdən Rusiyadan əlini üzmür. Yəni müstəqil siyasət yeridə bilmir. Bu da onların fəlakətidir. Azərbaycan isə müstəqil siyasət yürüdür, bir-biri ilə əks qütbdə dayanan Çinlə də strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb, ABŞ-la da Strateji Tərəfdaşlığa dair Xartiya imzalayıb, eyni zamanda Rusiya ilə də bunlara oxşar müqaviləmiz var. Yəni Azərbaycan tam müstəqil şəkildə, heç kəsdən aslı olmayaraq siyasətini aparır. Ona görə də situasiya dəyişərsə yenə də Azərbaycan öz mövqeyində qalacaq. Ermənistan sülh prosesini pozarsa bu Ermənistanın ziyanına olacaq və Azərbaycanın da müəyyən qədər şanslarını artıracaq. Çünki Azərbaycan Zəngəzurla, Zəngəzur dəhlizi ilə bağlı planları var ki, Ermənistan hələ də onlara müəyyən formada müqavimət göstərməyə çalışır. Digər məsələlər də var... Əgər Ermənistan qarşıdurmaya gedərsə Azərbaycan hələ də qalmaqda olan müəyyən məsələləri də həll etmək olar”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA

Seçilən
33
baki-xeber.com

1Mənbələr