Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.
Ölkə.az xəbər verir ki, sənətçi söhbət əsnasında maraqlı açıqlamalar verib. O bildirib ki, Zaqulbada “Toy adamları” mahnısını ifa edərkən Gülər xanımın (Brilliant Dadaşovanın prodüseri Kamran Həsənlinin bacısı) ona müraciət etdiyini bildirib: “Brilliant deyir ki, mahnını versin mənə oxuyuram”.
Elza Seyidcahan qeyd edib ki, həmin vaxtdan əvvəl mahnılarını kasetə yazdıraraq Xalq artisti Brilliant Dadaşovaya göndərib. “O vaxt kaset ucuz deyildi, deyirdim, ay Allah kaseti necə geri alım Brilliant xanımdan. Mənim üçün çox qiymətli idi. Vasitəçi yolu ilə göndərmişdim o vaxt kaseti. Daha bilmirəm çatdırmışdılar ya yox. Amma burada sən mahnının gücünə bax ki, Brilliant xanım mahnını məndən istəyir”, – deyə sənətçi vurğulayıb.
Seyidcahan həmin dövrdə çətin günlər yaşadığını da bölüşüb. Onun sözlərinə görə, yeni köçdüyü bir otaqlı evdə televizoru olmayıb.
Əməkdar artist bildirib ki, həmin vaxt 30-dan çox yaşı, iki övladı olub və Konservatoriyada təhsil alıb. O, Uşaq Filarmoniyasında işə düzələrək 5 şirvan maaş aldığını, bazarlığı piyada gedib-gələrək etdiyini deyib. “Düşünürdüm Brilliant xanım mahnımı istəyib, pulumu verəcək, evimə televizor alacağam. O vaxtı da uşaqlar televizora baxanda sakit olurdular, cizgi film izləyirdilər, dəcəllik etmirdilər”, – deyə o əlavə edib.
Seyidcahan qeyd edib ki, ona zəng edərək mahnını niyə vermədiyini soruşublar: “Mənə zəng elədilər ki, Brilliantı niyə incidirsən? Ver də mahnını. Məsələ də ondadır ki, heç kim məndən qiymət soruşmur, deyir elə ver mahnını”.
Sənətçi daha sonra qonşusuna zəng gəldiyini və zəng edən şəxsin Brilliant Dadaşova olduğunu bildirib. Onun sözlərinə görə, Brilliant Dadaşova ona “Bax sən ərə getmə ha, sənin istedadın var. Birdən qoymazlar sənə çox şeyi” deyib. Elza Seyidcahan isə cavabında artıq ailə qurduğunu və boşandığını, övladlarının 5-6-cı sinifdə oxuduğunu bildirib. O, Brilliant Dadaşovanın buna sevindiyini deyib.