AZ

Düz 20 ildir Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı müəllimi hazırlanmır...



Məhərrəm Zülfüqarlı: “Bu problem birbaşa dövlət səviyyəsində həll olunmalıdır”

Gürcüstan vətəndaşı olan azərbaycanlıların ana dillərində təhsil almaları sahəsində problemlər hələ də qalmaqdadır. Xüsusən də Azərbaycan dilli məktəblərdə fənnlər üzrə müəllim çatışmazlığı ciddi şəkildə özünü göstərir. Azərbaycan dili və ədəbiyyatının tədrisinə gəlincə, bu istiqamətdə vəziyyət çox pisdir, çünki hazırda bir çox məktəblərdə bu fənni qeyri-fənn müəllimləri keçirlər. Azərbaycandilli məktəblərin üzləşdiyi bu problemin aradan qaldırılması olduqca vacibdir.

“Maarif” təşkilatının direktoru Aygül İsayeva Gürcüstanda “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının, eləcə də dövlət universitetlərində 1 illik, 60 kreditlik Azərbaycan dili istiqamətinin açılması ilə bağlı dövlət qurumlarına müraciət ünvanlayıb. “İlya Dövlət Universitetindən verilən rəsmi məlumata əsasən 2005-cı ildə universitet nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat ixtisası bağlanmışdır və 2006-cı ildən bu ixtisasa tələbə qəbulu dayandırılmışdır. Artıq 20 ildir Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır. Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblər üçün Azərbaycan dili və ədəbiyyat müəllimlərinin hazırlanmamasına cavabdehlik və məsuliyyəti kim daşıyır? Gürcüstan dövləti ilbəil Gürcüstan vətəndaşı olan azərbaycanlılarının ana dilində təhsil almaq imkanlarını bu yolla məhdudlaşdırmırmı? Aparılan bu siyasət Gürcüstan vətəndaşı olan azərbaycanlılara qarşı diskriminasiya deyilmi? Gürcüstanda Azərbaycan dili və ədəbiyyat ixtisasının ləğv edilməsi, Azərbaycan dili və ədəbiyyat fənni üzrə yeni müəllimlərin hazırlanmaması Gürcüstan vətəndaşı olan azərbaycanlıların ana dilində təhsil almaq hüquqlarının pozulması deməkdir. Gürcüstan dövlətinin apardığı bu siyasət nəticəsində Gürcüstan vətəndaşı olan azərbaycanlıların ana dili məişət dili səviyyəsinə enibdir. Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə Azərbaycan dilini tədris edən 5 müəllimin ali təhsili yoxdur; onların təhsili yalnız orta məktəb səviyyəsindədir. 87 müəllim isə qeyri-ixtisas fənn müəllimləridir. 20 il ərzində Gürcüstanda yeni kadrlar hazırlanmadığı üçün məktəb direkorları məcbur olaraq Azərbaycan dili və ədəbiyyat fənnini qeyri-ixtisas fənn müəllimlərinə və ya orta məktəbi bitirənlərə həvalə edirlər. Bütün bunlar Gürcüstan vətəndaşı olan azərbaycanlıların ana dilində keyfiyyətli təhsil almaq hüquqlarını və imkanlarını məhdudlaşdırır”-deyə müraciətdə bildirilir.

20 ildir Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır və bu ciddi problemin qarşısı isə alınmır.

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Gürcüstan azərbaycanlılarının problemləri uzun illərdir həll olunmamış qalır. “Bunun bir günahı əgər Gürcüstanın səlahiyyətli qurumlarındadırsa, bir gunahını da bizim səlahiyyətli qurumların biganəliyində axtarmaq lazımdır. Biz əgər beynəlxalq hüquqa baxsaq hər bir dövlətin ərazi bütövlüyü hüququ ilə yanaşı millətlərin öz müqəddaratını təyinetmə hüququ var. Bundan başqa da milli azlıqların hüquqlarının qorunması, onlara mədəni muxtariyyatın verilməsi, təhsil, mədəniyyət sahəsində onlara şərait yaradılması nəzərdə tutulur. Birinci, Gürcüstanda yaşayan azərbaycanlıları milli azlığa deyil, daha çox milli çoxluğa aid etmək olar. Sayca çoxdular. Çünki tarixən Azərbaycan ərazisi olan Borçalı və digər digər ərazilər Nadir şahın dövründə gürcü hakimlərinə tapşırıldıqdan sonra (yəni bu ərazilər onlara verilməyib, onlar Nadir şahdan aslı olduqları üçün ora gürcü knyazına həvalə olunub-M.Z) o ərazilər Gürcüstan ərazisi kimi qalıb. Lakin bunlar dədə-baba Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızdır. Müəyyən dövlərdə təhsillə, mədəniyyətlə bağlı problemlər olub. Bir müddət Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımıza dərsliklərlə bağlı kömək edib. Lakin indiki dövrdə bilavasitə Azərbaycan dilinin sıxışdırılması, Azərbaycan dilində təhsil verən müəllimlərin hazırlanmasının ləğv olunması birbaşa Gürcüstanın indiki hakimiyyətinin azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətindən xəbər verir. Burada Rusiya amilini də qeyd etmək olar. İndiki Gürcüstan hakimiyyəti bilavasitə Rusiyapərəst hakimiyyət hesab olunur. Onlar əlbəttə ki, buna görə soydaşlarımıza ögey münasibət bəsləyirlər. Bu da təhsil və mədəniyyət sahəsində özünü biruzə verir. Qaldı, problemin həllinə. Bu bilavasitə dövlətlərarası münasibətlərlə tənzimlənməlidir. Çünki Azərbaycan Prezidenti bəyan etmişdi ki, mən təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, bütün dünya azərbaycalılarının hüquqlarının qarantıyam, onların qorunmasını təmin etməliyəm. Bu baxımdan, bu problem birbaşa dövlət səviyyəsində həll olunmalıdır. Əgər Gürcüstan müəyyən bəhanələrlə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin hazırlanması məsələsindən imtina edərsə onda Azərbaycan dövləti dövlətlərarası müqavilə ilə Azərbaycandan Gürcüstan məktəblərinə, oradakı soydaşlarımızın oxuduqları Azərbaycandilli məktəblərə müəllimlərin təyinatını təşkil edib orada onların təhsilinin təşkilinə dəstək verməlidir”.

M.Zülfüqarlı hesab edir ki, Gürcüstandakı azərbaycanlıların get-gedə öz dillərini unutması, gürcüləşməsi əlbəttə, Azərbaycan dövlətçiliyi üçün böyük zərbədir. M.Zülfüqarlının fikrincə, harada yaşamasından aslı olmayaraq azərbaycanlıların öz dillərini, mədəniyyətlərini qoruyub saxlamaları üçün dəstək verməlidir və bu sahədə siyasətini daha da gücləndirməlidir. “Hesab edirəm ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstanın Təhsil Nazirliyi ilə bu problemin həlli istiqamətində müzakirələr açmalıdır, çıxış yolları axtarılmalıdır və Gürcüstanda yaşayan azərbaycanlılara hərtərəfli dəstəyin verilməsi vacibdir”.

M.Zülfüqarlı qeyd etdi ki, əgər ABŞ, Avropa ölkələri kimi ölkələrdə yaşayan soydaşlarımızın bilavasitə təşəbbüsü ilə “Bazar günü” məktəbləri təşkil olunursa, azərbaycanlı ailələrin övladları Azərbaycan dilini, Azərbaycan tarixini öyrənirlərsə Gürcüstanda kompakt yaşayan çoxsaylı azərbaycanlıların ana dilində təhsili yüksək səviyyədə təmin olunmalıdır. “Əgər dövlət qurumlarımız bu məsələyə ciddi münasibət göstərərsə hesab edirəm ki, problem öz həllini tapar, azərbaycanlılar da öz dədə-baba torpaqlarında öz dilini, mədəniyyətini inkişaf etdirə bilər”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA

Seçilən
29
baki-xeber.com

1Mənbələr