AZ

Xaricdə təhsil alan GƏNC: Tariximiz və mədəniyyətimiz haqqında MARAQLANIRLAR

Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq gənclərə beynəlxalq akademik mühitdə müasir bilik və bacarıqlara yiyələnmək, fərqli idarəetmə və inkişaf modelləri ilə tanış olmaq imkanı yaradır. Belə bir təcrübə yalnız nəzəri biliklərin artırılması ilə məhdudlaşmır, eyni zamanda dünyagörüşünün genişlənməsinə, strateji düşüncə tərzinin formalaşmasına və qlobal çağırışlara uyğun yanaşmaların mənimsənilməsinə şərait yaradır.

AzEdu.az bu münasibətlə dövlət proqramı çərçivəsində xaricdə təhsil alaraq ölkəmizə qayıdan və hazırda burada fəaliyyət göstərən gənclərimizin keçdiyi yol, qazandıqları təcrübə və gələcəyə baxışları ilə bağlı silsilə müsahibələr təqdim edir.

Növbəti müsahibimiz İqtisadiyyat Nazirliyində dövlət qulluqçusu kimi fəaliyyət göstərən Rəşad Təhməzlidir.

O, magistr təhsilini dövlət proqramı çərçivəsində xaricdə alıb.

Rəşad Təhməzli İmanoğlu 2000-ci ildə Tərtər şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik illərini Tərtərdə keçirib. Orta təhsilini Kəlbəcər rayonu 36 saylı məcburi köçkün orta məktəbində alıb və 11 il ərzində eyni məktəbdə təhsilini davam etdirib.

Müsahibəni təqdim edirik:

- Gəlin elə məktəb illərinizdən başlayaq. Yeniyetməlik dövründə dərslərə və fənnlərə marağınız necə idi? Həmin illərdə hansı uğurlarınız sizi xüsusilə motivasiya edirdi?

- Ən böyük uğurlarım Respublika Fənn Olimpiadaları ilə bağlı olub. 2015-ci ildə, IX sinifdə oxuyarkən coğrafiya fənni üzrə respublika mərhələsində gümüş medal qazandım. Bu nəticə mənim üçün böyük motivasiya oldu.

Kiçik yaşlardan dərslərə qarşı marağım var idi. Xüsusilə coğrafiya və sosial fənlərə xüsusi diqqət yetirirdim. Müəllimlərimin dəstəyi və ailəmin təşviqi ilə akademik fəaliyyətə ciddi yanaşmağa başladım. Məktəb illərində məqsədim yalnız dərs oxumaq deyil, eyni zamanda özümü intellektual olaraq inkişaf etdirmək idi.

XI sinifdə, 2017-ci ildə isə eyni fənn üzrə respublika birincisi oldum və qızıl medal qazandım. Bu, məktəb həyatımın ən mühüm nailiyyətlərindən biri idi. Bundan əlavə, 2016-cı ildə “Əlaçı” intellektual yarışmasında AZTV və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəblərarası intellektual yarışın qalibi oldum. Akademik göstəricilərimə görə məktəbi qızıl medalla bitirdim. Ali məktəbə qəbul imtahanında 676 bal topladım ki, bu da mənim üçün həm zəhmətimin nəticəsi, həm də gələcək planlarım üçün möhkəm başlanğıc oldu.

- Abituriyent olduğunuz zaman universitet və ixtisas seçərkən ən çox hansı meyarlar sizin üçün önəmli idi?

- ADA Universiteti Azərbaycanda beynəlxalq standartlara yaxın təhsil sistemi ilə seçilən ali məktəblərdən biridir. İngilis dilli təhsil, akademik mühit, tələbkarlıq səviyyəsi və beynəlxalq əlaqələr mənim üçün xüsusilə cəlbedici oldu.

Biznesin idarə edilməsi ixtisasını seçdim, çünki iqtisadiyyat və idarəetmə sahəsi həmişə mənim marağımda olub. İlk il foundation proqramında oxudum, daha sonra əsas ixtisas üzrə təhsilimi davam etdirdim və 2022-ci ildə məzun oldum.

- Universitet illərində akademik və ictimai fəaliyyətiniz necə idi?

177557

- ADA Universitetində təhsil kifayət qədər intensiv idi. Qiymətləndirmə sistemi ciddi və davamlı hazırlaşma tələb edirdi. Bir neçə dəfə dekanın Şərəf Siyahısına (Top 10%) düşmüş və yüksək performans sertifikatları almışam.

Bununla yanaşı, universitetin İntellektual Klubunda fəal iştirak etmişəm. Klub çərçivəsində intellektual oyunların təşkili və yarışlarda iştirak etmişəm. Hətta televiziyada keçirilən yarışlarda da universiteti təmsil etmişəm.

2022-ci ildə AAA Online Akademiyası  tərəfindən təşkil olunan Azərbaycan Business Case Competition-da komandamızla birlikdə üçüncü yerə layiq görülmüşük. Bu yarışma real biznes problemlərinin həllinə yönəlmişdi və praktik düşüncə bacarıqlarımızı ciddi şəkildə inkişaf etdirdi.

- Xaricdə təhsil aldığınız müddətdə qarşılaşdığınız çətinliklər və qazandığınız təcrübələr şəxsi inkişafınıza necə təsir etdi?

177556

- 2021-ci ildə Debrecen Universitetində bir semestr mübadilə proqramı çərçivəsində təhsil aldım. Bu, mənim üçün ilk uzunmüddətli xarici yaşayış təcrübəsi idi.

Macarıstanda multikultural mühit mövcud idi. Yataqxanada fərqli ölkələrdən olan tələbələrlə birlikdə yaşayırdıq. Bu mühit dünyagörüşümü genişləndirdi və fərqli düşüncə tərzlərini qəbul etməyi öyrətdi.

Qazanılan bu təcrübə sonradan İngiltərəyə getdiyim zaman adaptasiya prosesimi xeyli asanlaşdırdı.

- Magistratura ixtisasınızı seçərkən hansı amillər sizin qərarınıza ən çox təsir göstərdi?

- Biznes çox geniş sahədir. ADA-da oxuduğum illərin sonuna yaxın daha spesifik istiqamət seçmək qərarına gəldim. Təchizat zənciri və logistika qlobal iqtisadiyyatın əsas sütunlarından biridir və xüsusilə pandemiya dövründə bu sahənin əhəmiyyəti daha da aydın oldu.

Supply Chain həm strateji, həm analitik, həm də praktiki elementləri özündə birləşdirir. Bu balans məni cəlb etdi və magistratura üçün bu sahəni seçdim.

Dövlət proqramı çərçivəsində müxtəlif universitetləri araşdırdım. Böyük Britaniya logistika və biznes təhsili sahəsində köklü ənənəyə malikdir. University of Warwick-in proqramı praktik yönümlü və sənaye ilə inteqrasiya baxımından güclü idi. Magistr təhsilimi orada Merit dərəcəsi ilə başa vurdum.

- İngiltərədə təhsil sistemində ən çox hansı fərqləri görürdünüz? Oraya adaptasiya prosesi necə keçdi?

177560

- Ən böyük fərq sənaye ilə sıx əlaqə idi. Universitet mütəmadi olaraq zavodlara, anbarlara və logistika mərkəzlərinə səfərlər təşkil edirdi.

Digər mühüm fərq isə geniş akademik resurslara çıxış idi. Tədqiqat bazaları, beynəlxalq jurnallar və məlumat platformaları tələbələrin istifadəsinə açıq idi, bu da elmi yanaşmanı gücləndirirdi.

Mən artıq bir dəfə xaricdə yaşamışdım, buna görə adaptasiya prosesi çətin olmadı. İngiltərə multietnik ölkədir; fərqli mədəniyyətlər və sosial qruplarla ünsiyyət insanı daha çevik və tolerant edir. Ailədən uzaq olmaq təbii ki, müəyyən emosional çətinlik yaradırdı, amma azərbaycanlı tələbələrlə birlikdə qalırdıq və bir-birimizə dəstək olurdıq.

- Xaricdə ən çox nədən ötrü darıxırdınız?

- Ən çox ailəm və dostlarım üçün darıxırdım.

- Bəs Azərbaycan mətbəxi üçün necə?

- Bəli, xüsusilə Azərbaycan mətbəxi üçün darıxırdım. İngiltərə mətbəxi çox geniş deyil. “English breakfast” və “fish and chips” əsas yeməklərdir, amma bizim mətbəxlə müqayisədə daha sadədir.

- Sizə görə, İngiltərədə qazandığınız ən böyük şəxsi dəyişiklik nə oldu?

- İş və sosial həyat balansını daha yaxşı qurmağı öyrəndim. Vaxtın planlaşdırılması, məsuliyyət hissi və müstəqil qərarvermə bacarığım daha da inkişaf etdi.Həmçinin bir il ərzində 30-dan çox şəhər gəzdim. Tarix və təbiətə marağım olduğu üçün bu səyahətlər mənə böyük mədəni təcrübə qazandırdı.

- Xaricdə Azərbaycan haqqında daha çox hansı suallar verilirdi?

177559

- Ən çox Bakı haqqında soruşurdular. Formula 1 vasitəsilə Azərbaycanı tanıyanlar çox idi. Tariximiz və mədəniyyətimizlə maraqlananlar da olurdu və çalışırdım ölkəmizi düzgün şəkildə təqdim edim.

- Vətənə qayıtdıqdan sonra karyera yolunuza necə davam etdiniz?

- 2025-ci ilin yanvarında Azərbaycana qayıtdım. Qısa müddət özəl sektorda çalışdım, daha sonra İqtisadiyyat Nazirliyində iqtisadi siyasət şöbəsində məsləhətçi vəzifəsinə başladım. Xaricdə qazandığım bilik və təcrübəni dövlət idarəçiliyində tətbiq etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Hazırda əsas diqqətimi peşəkar fəaliyyətimə yönəltmişəm. Amma gələcəkdə peşəkar fəaliyyətimə paralel olaraq doktorantura təhsili almaq və akademik fəaliyyətlə də məşğul olmağı istisna etmirəm. Tədqiqat işi hər zaman maraq dairəmdə olub və uzunmüddətli perspektivdə həm praktik, həm də akademik sahədə fəaliyyət göstərmək istəyirəm.

- Xaricdə təhsil almaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- İlk növbədə çox çalışmaq lazımdır. Müraciət prosesinə ciddi yanaşmaq, düzgün planlama aparmaq və mövcud resurslardan səmərəli istifadə etmək vacibdir.

Xaricdə təhsil yalnız diplom deyil. Bu, dünyagörüş, məsuliyyət və qlobal perspektiv qazandıran təcrübədir. Eyni zamanda, xaricdə oxuyan hər bir tələbə ölkəsini təmsil etdiyini unutmamalıdır.

Seçilən
29
azedu.az

1Mənbələr