AZ

“Şəfa”nın futbolçusu hakimlə razılaşmadı: “Bəlkə də VAR olmayan matçda ilk dəfə belə bir şey baş verdi”

“Gərgin oyun oldu. Qələbə üçün meydana çıxmışdıq və heç-heçəyə razı deyildik. Qələbə qazanmaq istəyirdik. Bu, 6 xallıq oyun idi, təəssüf ki, istəyimizə çata bilmədik. Hər iki komanda uduzmaq istəmirdi. Bir qol matçın taleyini həll edə bilərdi”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan I Liqa təmsilçisi “Şəfa”nın futbolçusu Ruslan Hacıyev “Səbail”lə oyun (0:0) barədə danışarkən deyib.

Yarımmüdafiəçi görüşün sonlarında baş hakimin onların lehinə penalti təyin edib daha sonra ləğv etməsinə belə münasibət bildirib:

“Məncə, penalti var idi. İcmala baxanda bunu görmək mümkündür. Hakim əvvəl penalti təyin etdi, sonra qərarını dəyişdi. Bəlkə də VAR olmayan matçda ilk dəfə belə hadisə baş verdi. Qərəzli olduğunu düşünmürəm. Hər kəs səhv edə bilər. Hakimdir, onun da öz baxış bucağı var”.

Hacıyev hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu və komandada qalmaq istədiyini açıqlayıb:

“Çempion olmaq istəyirik. Müqaviləm ilin sonunda bitir, hələlik yeni sözləşmə təklif olunmayıb. Əsas məqsədimiz çempionluqdur, sonrası barədə sonra düşünərik. Təklif olunsa, qalmaq istəyərəm”.

 

Seçilən
17
idmanxeber.az

1Mənbələr