AZ

2025-ci ildə Ukraynada müharibə nəticəsində 3 minə yaxın mülki şəxs həlak olub

CIT-in hesabatına görə, il ərzində 20 mindən çox mülki vətəndaş ölüb və ya yaralanıb...

Poliqon xəbər verir ki, 2025-ci ildə Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar nəticəsində azı 2919 mülki şəxs həyatını itirib, daha 17 775 nəfər yaralanıb. Beləliklə, ümumi mülki itkilərin sayı 20 694 nəfərə çatıb. Həlak olanlar arasında 96 uşaq var, minə yaxın uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu rəqəmlər 2023-cü ilin payızından etibarən mülki əhali arasında itkiləri sənədləşdirən könüllülər qrupu – Conflict Intelligence Team (CIT) tərəfindən açıqlanıb.

Hesabata əsasən, 2024-cü illə müqayisədə 2025-ci ildə ölənlərin sayı 12 faiz, yaralananların sayı isə 25 faizdən çox artıb. Sülh danışıqları və müharibənin dayandırılması ilə bağlı səslənən ictimai bəyanatlara baxmayaraq, il ərzində zərbələrin intensivliyi azalmayıb, bəzi aylarda isə müşahidələrin aparıldığı dövr üzrə maksimum həddə çatıb. On iki aydan doqquzunda ölən və yaralananların ümumi sayı 1550 nəfəri keçib. Ən qanlı aylar aprel, iyun və iyul olub.

2025-ci ildə bütün ölən və yaralananların 79 faizi Ukraynanın rəsmi hakimiyyətinin nəzarətində olan ərazilərin payına düşüb. Həmin ərazilərdə 16 300 mülki itki qeydə alınıb, onlardan 2348 nəfər həlak olub. İşğal altında olan ərazilərdə 298 nəfər ölüb, 1751 nəfər yaralanıb. Rusiya ərazisində isə 273 nəfər həyatını itirib, 2072 nəfər yaralanıb. Eyni zamanda, işğal olunmuş ərazilərdə və Rusiyada ümumi itkilərin sayı əvvəlki illə müqayisədə 6 faiz azalsa da, Ukrayna hakimiyyətinin nəzarətində olan bölgələrdə 35 faiz artım qeydə alınıb. Birləşmiş Millətlər Təşkilatı-nın məlumatına görə, ötən il 2022-ci ildən bəri Ukrayna mülki əhalisi üçün ən ölümcül il olub.

Ən çox zərər çəkmiş bölgələr arasında Donetsk vilayəti (756 nəfər həlak olub) və yaralıların sayına görə lider olan Xerson vilayəti (2903 yaralı) yer alır. Paytaxt regionunda – Kiyev şəhəri və Kiyev vilayətində 184 nəfər ölüb, 1151 nəfər yaralanıb. İşğal olunmuş ərazilərdə də ən çox itki Donetsk və Xerson vilayətlərində qeydə alınıb. Rusiyada isə ən çox zərər çəkən region Belqorod vilayəti olub – burada 134 nəfər ölüb, 1202 nəfər yaralanıb.

Hesabata görə, 2025-ci ildə ən çox mülki itki pilotsuz uçuş aparatlarının tətbiqi ilə bağlı olub. PUA zərbələri nəticəsində 1376 nəfər həlak olub, 10 089 nəfər yaralanıb ki, bu da digər bütün silah növlərinin birlikdə yaratdığı itkilərdən çoxdur. 2024-cü illə müqayisədə dron hücumları nəticəsində ölənlərin sayı təxminən 2,9 dəfə, yaralananların sayı isə üç dəfədən çox artıb. Raket zərbələri 472 nəfərin ölümünə və 3108 nəfərin yaralanmasına, aviasiya bombaları 481 nəfərin ölümünə və 2167 nəfərin xəsarət almasına, artilleriya atəşləri isə 483 nəfərin həlak olmasına və 2190 nəfərin yaralanmasına səbəb olub.

İlin ən faciəvi hadisələri Ukrayna şəhərlərinə endirilən raket zərbələri ilə bağlı olub. Xüsusilə Krivoy Roq, Sumı, Dnepr və Ternopolda baş verən hücumlar çoxsaylı insan itkisinə səbəb olub. Noyabrın 19-da Ternopola endirilən zərbə nəticəsində 38 nəfər, o cümlədən səkkiz uşaq həyatını itirib.

CIT nümayəndələri bildiriblər ki, məlumatlar yalnız rəsmi açıqlamalara, açıq mənbələrə və əlçatan foto-video materiallara əsaslandığı üçün statistikada tamlıq zəmanəti vermək mümkün deyil. Buna baxmayaraq, təqdim olunan rəqəmlər 2025-ci ilin Ukrayna mülki əhalisi üçün son illərin ən ağır dövrlərindən biri olduğunu göstərir.

Poliqon.info

Seçilən
95
poliqon.info

1Mənbələr