AZ

ABŞ Senatı Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi layihəsini qəbul etməyib

ABŞ Konqresinin Senatı prosedur səsverməsi zamanı Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) maliyyələşdirilməsi layihəsini dəstəkləməyib.

"Far.Az"un məlumatına görə, Amerika qanunverici orqanının yuxarı palatasındakı səsverməni "C-SPAN" telekanalı canlı yayımlayıb.

DTN-in maliyyə ilinin sonuna qədər (ABŞ-də sentyabrın 30-da başa çatır) maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinin lehinə 52 senator, əleyhinə isə 47 senator səs verib. Qanun layihəsinin qəbulu məsələsi üzrə səsvermənin keçirilə bilməsi üçün prosedur səsverməsində sənəd azı 60 senat üzvü tərəfindən dəstəklənməli idi.

Beləliklə, DTN cümə günündən şənbəyə keçən gecə (Bakı vaxtı ilə 14 fevral saat 09:00-da) fəaliyyətini dayandıracaq. Bu, son aylarda artıq üçüncü şatdaun (ABŞ hökumətinin işinin qismən dayandırılması) olacaq.

Xatırladaq ki, fevralın 3-də ABŞ administrasiyası federal hökumətin maliyyələşdirilməsi haqqında qanun qəbul edərək təxminən dörd gün davam edən şatdauna son qoymuşdu. Büdcəsi təsdiqlənməmiş yeganə qurum DTN olmuşdu. Nazirlik üçün maliyyələşmə yalnız 13 fevrala qədər ayrılmışdı. Konqres bu müddətə qədər nazirliyin strukturuna daxil olan İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin büdcəsinə düzəlişləri razılaşdırmağı planlaşdırırdı.

Demokratlar Partiyasının nümayəndələri Minneapolisdə (Minnesota ştatı) qeyri-qanuni miqrantlara qarşı keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının iki ABŞ vətəndaşını güllələyərək öldürməsindən sonra DTN-in maliyyələşdirilməsi haqqında qanun layihəsinə yenidən baxılmasının tərəfdarı kimi çıxış ediblər. Bu səbəbdən demokratlar qurumun büdcəsini ixtisar etməyi və onun işinə düzəlişlər etməyi planlaşdırırlar.

Seçilən
31
far.az

1Mənbələr