AZ

Tramp: İranla razılığa gələ bilməsək, ikinci mərhələyə keçəcəyik

Tramp: İranla razılığa gələ bilməsək, ikinci mərhələyə keçəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etmək istədiklərini və danışıqların davam etdiyini qeyd edərək, "Əgər razılığa gələ bilməsək, ikinci mərhələyə keçəcəyik. Bu mərhələ onlar üçün çox çətin olacaq, lakin mən bunun tərəfdarı deyiləm", - deyə bildirib.

ABŞ dövlət başçısı Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla aparılan danışıqların əsas mövzularını və mövcud vəziyyəti qiymətləndirib. İranla saziş bağlamaq istədiklərini və bu məsələni ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə də müzakirə etdiklərini bildirən Tramp, prosesin hara doğru getdiyini görmək istədiyini vurğulayıb.

Tramp "İranla bir razılığa gəlməliyik, əks təqdirdə bu onlar üçün çox travmatik olacaq" deyərək, danışıqlar nəticəsiz qalacağı təqdirdə bunun Tehran rəhbərliyi üçün pis nəticələr doğuracağına işarə edib. Netanyahunun ona İranla danışıqlar aparmamaq barədə heç bir göstəriş vermədiyini, lakin mövzunu ətraflı müzakirə etdiklərini qeyd edən ABŞ Prezidenti "Netanyahu vəziyyəti başa düşür, lakin son nəticədə qərar mənə məxsusdur", - deyib.

Tramp İranla mümkün razılaşmanın ABŞ üçün ədalətli və yaxşı olması lazım olduğunu qeyd edib. Tehranla görüşlərin vaxtı ilə bağlı suala cavab verən Tramp, iranlılarla istədiyi qədər görüşə biləcəyini, prosesin gələn ay da davam edə biləcəyini bildirib.

Tramp 7 oktyabrda HƏMAS-ın hücumları zamanı Netanyahunun təhlükəsizlik zəifliyi nöqtəsində məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı sualı da cavablandırıb. ABŞ Prezidenti "7 oktyabr çətin gün idi və zənnimcə hamının məsuliyyəti var. O, müharibə dövrünün çox yaxşı baş naziri oldu", - ifadələrini işlədib.

İsrailin Baş naziri Netanyahuya qarşı əfv qərarının çıxarılmalı olduğuna inandığını vurğulayan Tramp, bu məsələdə İsrail Prezidenti İshak Hersoqa çağırış edib: "Onu əfv etməkdən imtina edən bir prezident var. Hesab edirəm ki, bu adam davam edən məhkəmə işində əfv qərarı vermədiyi üçün özündən utanmalıdır."

Seçilən
92
22
afn.az

10Mənbələr