Con Herbst Trampın Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı strategiyasını “uzaqgörən yanaşma” kimi qiymətləndirib...
Poliqon xəbər verir ki, Atlantik Şurasının (Atlantic Council) Avrasiya proqramının direktoru, ABŞ-nin Ukrayna və Özbəkistandakı sabiq səfiri Con Herbst TRIPP layihəsinin ABŞ ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verə biləcəyini bildirib. O, bu fikirləri Ermənistanın NEWS.am” portalının “Faktor gücü” proqramında səsləndirib.
Herbst qeyd edib ki, ABŞ ilə Türkiyə arasında münasibətlər mühüm xarakter daşıyır və Cənubi Qafqazda irəli sürülən TRIPP təşəbbüsü bu əlaqələri daha da gücləndirə bilər. Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda yaradılması nəzərdə tutulan dəhlizdə maraqlıdır. Sabiq səfir əlavə edib ki, Ankara və Bakı uzun müddətdir oxşar nəqliyyat və kommunikasiya dəhlizi ideyasını müzakirə edirlər.
Ekspertin qiymətləndirməsinə görə, Donald Trampın həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazla bağlı yanaşması strateji və uzaqgörəndir. Herbst xatırladıb ki, təxminən altı ay əvvəl Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirərək ABŞ-nin regionda sabit və davamlı sülhdə maraqlı olduğunu təsdiqləyib.
“Biz bu istiqamətdə müəyyən irəliləyiş görürük. Eyni zamanda Tramp Cənubi Qafqazda Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirəcək dəhliz ideyasını gündəmə gətirməyə başladı”, deyə Herbst bildirib.
O əlavə edib ki, ötən ilin noyabrında Tramp Mərkəzi Asiya ölkələrinin bütün liderləri ilə görüşərək ABŞ-nin Orta Dəhlizə marağını bir daha vurğulayıb. Herbstin sözlərinə görə, Tramp administrasiyası Cənubi Qafqazda təşviq etdiyi dəhlizi Mərkəzi Asiyaya uzanan Orta Dəhlizlə birləşdirməyi hədəfləyir.
Sabiq səfir qeyd edib ki, Tramp bu ideyaların reallaşdırılması məqsədilə ABŞ-nin vitse-prezidenti Vensi İrəvan və Bakıya göndərib. “Vensin konkret nəticə əldə edib-etmədiyini bilmirəm, lakin onun səfəri ən azı bu ideyanın inkişafına təkan verir”, Herbst vurğulayıb.
Con Herbst həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın ABŞ maraqları baxımından strateji əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu regionlar Rusiya, Çin və digər mühüm qlobal oyunçuların sərhədlərinə yaxın yerləşir və geosiyasi baxımdan xüsusi önəm daşıyır.
Poliqon.info