Hazırda ölkə yollarında istismar müddətini başa vurmuş minlərlə avtomobil hərəkətdədir. Texniki baxımdan köhnəlmiş, kuzovu paslanmış, təhlükəsizlik yastığı olmayan, əyləc sistemi nasaz vəziyyətdə olan bu nəqliyyat vasitələri həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün risk yaradır.
Turkustan.az xəbər verir ki, dövlət tərəfindən belə avtomobillərin dövriyyədən çıxarılması məqsədilə utilizasiya proqramı həyata keçirilir. Bununla belə, bəzi vətəndaşlar köhnə maşınlarını təhvil verməyə tələsmirlər. Sürücülər bildirirlər ki, proqram çərçivəsində təklif olunan 1200-1500 manat məbləğ onları qane etmir. Onların sözlərinə görə, bu vəsaitlə yeni avtomobil almaq demək olar ki, mümkün deyil.
2024-cü ilin 15 oktyabr tarixindən icrasına start verilən proqram çərçivəsində indiyədək 20 mindən artıq avtomobil utilizasiyaya təqdim olunub.
"Təmiz Şəhər" ASC-nin şöbə müdiri Mirzə Laçınovun sözlərinə görə, xüsusilə 2026-cı ilin əvvəlindən müraciətlərin sayında artım müşahidə edilir və hazırda gündəlik 100-dən çox müraciət daxil olur.
Rəqəmlər əvvəlki illərlə müqayisədə artım göstərsə də, mütəxəssislər bunun kifayət etmədiyini düşünürlər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, utilizasiyaya verilən avtomobillərin böyük hissəsi artıq uzun müddətdir istifadə olunmayan, bağ və ya ucqar ərazilərdə qalmış nəqliyyat vasitələridir. Digər bir qrup isə ümumi istifadədə olan yollara nadir hallarda çıxarılan, əsasən qeyri-rəsmi fəaliyyətlərdə istifadə edilən köhnə maşınlardır.
Ekspert hesab edir ki, əsas problem hələ də gündəlik olaraq yollarda hərəkət edən yararsız avtomobillərin prosesə cəlb olunmamasıdır. Onun fikrincə, bu sürücüləri stimullaşdırmaq üçün əlavə mexanizmlərə ehtiyac var və mövcud şəraitdə bunun qısa müddətdə reallaşması çətin görünür./Milli.Az/