“Milan”ın sabiq futbolçusu Kaxa Kaladze klubda baş verən dəyişikliklərdən razı qaldığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, gürcüstanlı keçmiş müdafiəçi komandanın Massimiliano Alleqrinin rəhbərliyi altında yenidən dirçəliş yoluna qədəm qoyduğunu vurğulayıb və bunu öz “Milan”dakı ilk illəri ilə müqayisə edib.
“Çoxları xatırlamır, amma 2001-ci ildə “Milan”da debüt edəndə işlər heç də yaxşı getmirdi. Hər şey Karlo Ançelottinin gəlişindən sonra dəyişdi. İndi də oxşar mənzərə görürəm – Alleqri gəlib və vəziyyəti yaxşılığa doğru dəyişir. “Milan” yenidən qalib mentalitetinə sahib kluba çevrilir”, – deyə Kaladzenin sözlərini "pianetamilan.it" nəşri sitat gətirib.
Qeyd edək ki, Kaxa Kaladze 2001–2010-cu illərdə “Milan”ın formasını geyinib. O, hazırda Gürcüstanın paytaxtı Tbilisinin meri vəzifəsində çalışır.