AZ

Kremlin ABŞ a ümidi boşa çıxır, “sülh prosesi” pozulur: Rusiya Ukraynaya yeni dağıdıcı hücuma başlayacaq

ain.az bildirir, Olke.az portalına istinadən.

Əgər, Qərbin yeni modeli reallaşarsa, hətta tam üzvlük olmadan belə, Ukrayna faktiki olaraq, Avropa Birliyinin siyasi-iqtisadi və hüquqi sistemində yer alacaq… Bu isə əslində, Kremlin Ukrayna savaşını başlatmaqla, qarşısını almağa çalışdığı ən təhlükəli ssenarinin başqa formatda gerçəkləşməsi anlamını daşıyacaq…

Avrasiya məkanında paralel şəkildə bir neçə strateji xətt üzrə geopolitik gərginlik müşahidə olunur. Belə ki, Rusiyanın yeganə real hərbi müttəfiqi Belarus ətrafında olduqca qəliz situasiya yaranıb və Likaşenko hakimiyyətinə qarşı ittihamlar intensivləşib. Digər tərəfdən, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın Avropa Birliyinə sürətləndirilmiş inteqrasiyası ilə bağlı da ziddiyyətli müzakirələr davam edir. Eyni zamanda, 2026-cı ildə mümkün qlobal genişmiqyaslı hərbi əməliyyatlar barədə də ehtimallar irəli sürülməkdədir. Və bütün bunlara paralel olaraq, Ağ Ev-Paris-Kreml xəttində siyasi-diplomatik təmasların sıxlaşması onu göstərir ki, Avrasiya məkanı həm eskalasiyaya, həm də mümkün razılaşma mərhələsinə eyni vaxtda yaxınlaşır.

Onu da qeyd etmək lazımdır ki, belə ziddiyyətli hərbi-siyasi dinamika 2026-cı ili qlobal geopolitik proseslərin inkişaf istiqamətləri baxımından, dönüş nöqtəsinə də çevirə bilər. Hər halda, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) ABŞ, Böyük Britaniya, Almaniya və Polşanı Belarusda konstitusiya quruluşunu dəyişməyə cəhd hazırlamaqda ittiham etməsi böyük maraq doğurur. Halbuki, belə ittihamların irəli sürülməsi Rusiyanın ənənəvi təhlükəsizlik narrativlərinə tamamilə uyğundur.

Məsələ ondadır ki, Rusiya belə ittihamlarla adətən, bir neçə funksiyanı yerinə yetirməyə çalışır. Yəni, Kreml həm daxili sabitliyi qorumaq üçün xarici təhlükə obrazı formalaşdırmaq, həm Rusiya-Belarus hərbi-siyasi inteqrasiyasını legitimləşdirmək, həm də NATO-nun şərq cinahına qarşı preventiv informasiya zərbəsi endirmək niyyəti güdür. Belarus hazırda Rusiya üçün yalnız hərbi müttəfiq deyil, həm də Ukrayna savaşı üzrə strateji arxa cəbhə rolunu da oynayır. Və əgər, Kreml Belarusda destabilizasiya ehtimalını qabardırsa, bu, Avrasiya məkanında yeni gərginlik mərhələsinin mümkünlüyünə dolayısı eyham sayıla bilər.

Maraqlıdır ki, Rusiyanın Belarusla bağlı ABŞ və Qərbə yönəlik ittihamları Ukraynanın Avropa Birliyinə qismən üzvlüyü barədə mövzunun gündəmə gətirilməsinə paralellik təşkil edir. Çünki Avropa Birliyində Ukraynanın 2027-ci ilə qədər qismən üzvlüyünün artıq ciddi şəkildə müzakirə edilməsi, texniki baxımdan mürəkkəb, ancaq siyasi baxımdan son dərəcə güclü strateji mesaj təsiri bağışlayır. Və Kremldə Qərbdən verilən bu strateji mesaj kifayət qədər ciddi narahatlıq doğurmağa başlayıb.

Rusiya siyasi dairələri hesab edirlər ki, Avropa Birliyinin bu təşəbbüsü Ukraynanın Qərbə inteqrasiya prosesinin artıq geriyə dönməz xarakter aldığını göstərir. Eyni zamanda, bu, Ukrayna savaşından sonrakı geopolitik status-kvonun deyil, rəsmi Kiyevin Qərbə uzunmüddətli bağlanmasının planlaşdırıldığını da biruzə verir. Bu baxımdan, Rusiya üçün yaxınlaşan geopolitik itkinin artıq strukturlaşdırılmaqda olduğu da qətiyyən şübhə doğurmur. Çünki əgər, bu model reallaşarsa, hətta tam üzvlük olmadan belə, Ukrayna faktiki olaraq, Avropa Birliyinin siyasi-iqtisadi və hüquqi sisteminə daxil olacaq. Və bu isə əslində, Kremlin Ukrayna savaşını başlatmaqla, bloklamağa çalışdığı təhlükəli ssenarinin başqa formatda gerçəkləşməsi deməkdir.

Ona görə də, Qərb analitikləri hesab edirlər ki, Kreml Ukrayna savaşının dayandırılması üzrə sülh prosesini mümkün qədər uzatmağa çalışacaq. Onların fikrincə, “nə hərb, nə sülh” situasiyasında maraqlı olan Rusiya hətta bu ilin yayında mümkün genişmiqyaslı hərbi əməliyyatlarla Ukrayna savaşını yeni mərhələyə də keçirə bilər. Belə hərbi əməliyyatlar üçün mümkün əsas istiqamətlər kimi isə Slavyansk-Kramatorsk və ya Zaporojye xətti göstərilir. Ancaq diqqətçəkən məqam odur ki, Rusiya ordusu hazırda taktiki baxımdan, ciddi çətinliklərlə üzləşir və strateji savaş resursları məhduddur.

Digər tərəfdən, ABŞ-ın indiki mövqeyi də bir qədər strateji qeyri-müəyyənlik yaradır. Belə ki, Ağ Ev Ukrayna savaşının bitməsi üçün konkret vaxt limiti qoymadığını bəyan edib. Böyük ehtimalla Tramp administrasiyası da başlaya biləcək daha təhlükəli prosesləri nəzərə alır. Ona görə də, Ağ Ev bu proseslər öncəsi ABŞ üçün siyasi-diplomatik manevr imkanlarının açıq saxlanılmasına üstünlük verir. Yəni, bu mövqe sayəsində Ağ Ev hərbi münaqişəni tələsmədən idarə etmək, strateji qeyri-müəyyənliyi geopolitik alətə çevirmək imkanı qazana bilər.

Məsələ ondadır ki, hazırda ABŞ üçün əsas prioritet Ukrayna savaşının yekun nəticəsindən daha çox Avroatlantik təhlükəsizlik sisteminin qorunmasıdır. Çünki son vaxtlar Kreml Rusiya XİN-in “təhlükəsizlik zəmanətləri əsas faktordur” bəyanatı ilə Ukrayna savaşını yenidən başlanma səbəblərinin təsiri altına qaytarmağa çalışır. Hər halda, bu, faktiki olaraq, 2021-ci ilin dekabrında NATO-ya təqdim edilən tələblərin yenilənmiş versiyası kimi görünür. Yəni, Kreml bu açıqlama ilə NATO-nun genişlənməsinin dayandırılması, Ukraynanın hərbi bloklara inteqrasiyasının yolverilməzliyi, Qərbin Şərqi Avropada hərbi mövcudluğunun məhdudlaşdırılması kimi tələblərində hələ də israrlı olduğunu biruzə verir. Və Kreml sülh sazişi yalnız bu prinsiplər nəzərə alınarsa, məqbul hesab edir.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın son mesajlarında böyük güclərin arasında paralel diplomatiyanın mövcudluğu sezilir. Belə ki, Kreml ABŞ-Rusiya xəttində müəyyən anlaşmaların əldə olunduğuna israrla eyham vurur. Əgər, bu doğrudursa, onda Ukrayna savaşının gələcək taleyi yalnız Kiyev-Kreml xətti üzrə deyil, həm də ABŞ-Rusiya arasında müəyyən edilə bilər. Halbuki, rəsmi Kiyevin fərqli ümidlərlə Moskvaya nümayəndə heyəti göndərmək ehtimalı da hazırda müzakirə olunur. Ancaq ABŞ təmsilçilərinin də bu prosesdə iştirak israrı Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın yeni siyasi-diplomatik fazaya keçid ehtimalını daha da artırır.

Nəhayət, Macarıstanın Ukraynaya qarşı sərt mövqeyi, Fransanın isə Rusiya ilə dialoqa can atması və digər “qoca qitə” dövlətlərinin qarşıdurma xəttinə yaxın olması Avropa Birliyi daxilində vahid strateji mövqenin olmadığı göstərir. Belə parçalanma durumunda Avropa Birliyi təhlükəsizlik siyasətini mərkəzləşdirmək və ya “qoca qitə”də milli maraqları ön plana çıxarmaq variantları arasında prinsipial seçim etməli olacaq. Və hər iki halda, Ukrayna savaşı Avropa Birliyinin gələcək taleyini müəyyən edə biləcək əsas faktor kimi diqqəti çəkir.

Belə anlaşılır ki, Ukrayna savaşı ətrafında yaranmış situasiya hazırda yeni eskalasiya və razılaşma ehtimalları arasında qeyri-müəyyənlik yaşayır. Yəni, yaxın vaxtlarda diplomatik proseslər hərbi faktorları üstələyə, yaxud da qlobal güclər arasında əldə olunacaq gizli anlaşma Ukrayna savaşını yeni mərhələyə keçirə bilər. Bu baxımdan, Ukrayna müharibəsi Avropanın gələcək təhlükəsizlik arxitekturasını, NATO-nun qlobal rolunu və Rusiya-Qərb münasibətlərinin modelini yenidən formalaşdırmaqdadır.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
olke.az

2Mənbələr