AZ

Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ



ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni və tarixi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu səfər həm siyasi məzmununa, həm də qəbul edilən qərarların strateji əhəmiyyətinə görə xüsusi önəm daşıyır və iki ölkə arasında münasibətlərin artıq sistemli, institusional və uzunmüddətli əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Bu səfər həmçinin, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənib. ABŞ ilə münasibətlərin bu səviyyədə inkişafı ölkəmizin artan siyasi nüfuzunun və diplomatik uğurlarının göstəricisidir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, ötən ilin avqsutun 8-də Ağ Evdə keçirilən görüşdən və imzalanan sənədlərdən sonra ikitərəfli əlaqələrdə tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu baxımdan da, Vitse-prezident Vensin səfəri, imzalanmış Strateji Xartiya, aparılan danışıqların məzmunu həqiqətən də tarixi əhəmiyyət kəsb edir. Tramp–Vens administrasiyasının Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması istiqamətində göstərdiyi siyasi iradə və verdiyi dəstək təqdirəlayiqdir. ABŞ-ın regionda sabitliyin, əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviqi istiqamətində atdığı addımlar Azərbaycanın ədalətli və davamlı sülh strategiyası ilə uzlaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu-TRIPP layihəsidir. Cənab Prezident mətbuata bəyanatında bu haqda deyib: “…o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur”. Bu baxımdan da “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasında əlaqələrin inkişaf dinamikası baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Millət vəkili qeyd edib ki, Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri öz əksini tapır və bu sənəd münasibətlərimizin geniş spektrini əhatə edən yol xəritəsi rolunu oynayır. Təhlükəsizlik və antiterror əməliyyatları sahəsində birgə fəaliyyətin davam etdirilməsi tərəflər arasında mövcud olan yüksək etimadın göstəricisidir. Azərbaycan uzun illərdir beynəlxalq təhlükəsizlik təşəbbüslərinə töhfə verən, qlobal sabitliyin möhkəmlənməsində məsuliyyətli tərəfdaş kimi çıxış edən dövlətdir. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir ki, onların 11-i NATO-nun üzvü və ABŞ-ın müttəfiqidir. Bu fakt ölkəmizin strateji əhəmiyyətini və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.

Eyni zamanda, regional bağlantılar, enerji, ticarət və tranzit istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirəcək. Ölkəmiz artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas həlqəsinə çevrilib. Bu kontekstdə TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığın dərinləşməsinə növbəti mühüm töhfə olacaq. İqtisadi və nəqliyyat inteqrasiyasının güclənməsi region ölkələri arasında qarşılıqlı əlaqələri artıraraq sabitliyin möhkəmlənməsinə xidmət edir. ABŞ ilə bu istiqamətdə əməkdaşlıq Azərbaycanın tranzit və logistika mərkəzi kimi rolunu daha da artıracaq, ticarət dövriyyəsinin genişlənməsinə və qeyri-neft sektorunun inkişafına əlavə imkanlar yaradacaq.

Strateji Xartiyada iqtisadi sərmayələrə, xüsusilə də süni intellekt və rəqəmsal infrastruktur sahəsinə xüsusi yer ayrılması isə əməkdaşlığın gələcəyə hesablandığını göstərir. Süni intellekt mərkəzlərinin yaradılması artıq ikitərəfli gündəliyin mühüm hissəsinə çevrilib və Amerikanın aparıcı şirkətləri ilə əməkdaşlıq bu sahənin inkişafı baxımından olduqca önəmlidir. Bu, Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçid siyasətinin real nəticələr verdiyini göstərir. Rəqəmsal transformasiya, kibertəhlükəsizlik və müasir texnoloji həllər sahəsində birgə layihələr dövlət idarəçiliyinin səmərəliliyini artıracaq, yeni investisiya axınını stimullaşdıracaq və insan kapitalının inkişafına mühüm töhfə verəcək.

Təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən müdafiə məhsullarının satışı istiqamətində yeni səhifənin açılması xüsusi əhəmiyyət kəsb edir. Bu, həm Azərbaycan Ordusunun modernləşdirilməsi, həm də müdafiə sənayesinin inkişafı baxımından perspektivli istiqamətdir. Antiterror fəaliyyəti, sərhəd təhlükəsizliyi və regional risklərin azaldılması sahəsində birgə addımlar Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək.

Xartiyada institusional çərçivənin və tətbiq mexanizmlərinin müəyyən edilməsi isə qəbul olunmuş razılaşmaların praktik müstəvidə ardıcıl və sistemli şəkildə icra olunacağını göstərir. Bu, əməkdaşlığın epizodik deyil, davamlı və nəticəyönümlü xarakter daşımasını təmin edən mühüm amildir.

Bütün bunlar onu deməyə əsas verir ki, imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələsini müəyyənləşdirən, çoxşaxəli əməkdaşlığı sistemləşdirən və gələcəyə hesablanmış mühüm siyasi sənəddir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirir və regionda sülhün, təhlükəsizliyin və inkişafın aparıcı təşəbbüskarı kimi çıxış edir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Seçilən
14
aia.az

1Mənbələr