AZ

907-ci düzəlişin ləğvi üçün Konqresin qərarı vacibdir - Deputat

"Amerika Birləşmiş Ştatları ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Qeyd olunmalıdır ki, 2025-ci il həqiqətən də ABŞ-Azərbaycan münasibətlərində dönüş ilidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev mövcud periodu məhz bu cür xarakterizə edir. ABŞ-nin vitse-prezidenti Vensin ölkəmizə səfəri razılaşdırılmış hər bir məsələnin bir daha rəsmiləşdirilməsi və hər iki tərəfdən də təsdiqi idi. Vensin səfəri Donald Trampın siyasi iradəsi deməkdir".

Bu fikirləri Redaktor.az-a danışan deputat Azər Badamov qeyd etdi.

Millət vəkili vurğuladı ki, yenicə müstəqillik əldə edən bir dövlətə qarşı münasibətdə 1992-ci ildə qəbul olunmuş 907-ci düzəlişin tətbiqi Azərbaycanın işini son dərəcə çətinləşdirdi.

"Lakin ötən dövr ərzində Azərbaycan etibarlı tərəfdaş kimi özünü göstərdi. Xüsusilə Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-Azərbaycan münasibətləri yüksələn xəttə üzrə inkişaf etməyə başlayıb. 907-ci düzəliş gənc bir dövlətə qarşı, düşünürəm ki, vurulmuş ağır bir zərbə idi və bu səbəbdən də Azərbaycanla ABŞ normal münasibətlər qura bilməmişdilər. Amerikadakı anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində Azərbaycan əleyhinə cəhdlər daha da çoxaldı. Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerika-Azərbaycan münasibətlərinin dərinləşdirilməsinə, genişlənməsinə icazə vermirdi. Əslində, Azərbaycan Ermənistan-Azərbaycan müharibəsinə son qoymaqla bütün bu məhdudiyyətləri də aradan qaldırdı. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Tramp administrasiyası praqmatik bir yanaşma ortaya qoyur, nə istədiyini və milli maraqlarının nə olduğunu düzgün müəyyənləşdirə bilir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın böyük ölkəsidir, güclü potensiala malik nüfuzlu bir dövlətdir və Azərbaycanla əməkdaşlıq ABŞ-nin özü üçün də önəmlidir. Tramp Ağ Evdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Lakin 907-ci düzəlişin ləğvi heç də sadə olmayan məsələdir, rəsmi şəkildə Konqress bunu aradan qaldırmalıdır. Bu istiqamətdə Azərbaycan Trampın şəxsi əlaqələrinə və töhfəsinə ümid edir. Düşünürəm ki, biz proseslərə mərhələli şəkildə yanaşmalıyıq və yaxın zamanda 907-ci düzəlişin də öz həllini tapması ABŞ-Azərbaycan münasibətlərində mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırılmasına gətirib çıxardacaq", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
129
1
redaktor.az

2Mənbələr