Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanıması ilə bağlı addımı Tehranın manevr imkanlarını ciddi şəkildə daraldıb. Bu, təkcə xarici siyasət sanksiyası deyil, İran daxilində güc balansına birbaşa təsir edən faktordur. Xaricdən təzyiq artdıqca SEPAH təhlükəsizlik reflekslərini gücləndirir və bunu daxildə sərtliklə kompensasiya etməyə çalışır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib.
Z.Əmrəliyev qeyd edib ki, son dövrlərdə reformist düşərgəyə qarşı müşahidə olunan həbslər, təzyiqlər və institusional basqılar məhz bu psixologiyanın məhsuludur: “Məhəmməd Xatəmi, Həsən Ruhani və hazırkı prezident Məsud Pezeşkian xəttinə yaxın fiqurların hədəfə alınması göstərir ki, SEPAH islahat diskursunu daxili risk kimi qiymətləndirir və qabaqlayıcı zərbələr endirir. Xatəminin ofisində aparılan axtarış da artıq simvolik xəbərdarlıqdan açıq siyasi basqı mərhələsinə keçidin göstəricisidir”.
O bildirib ki, bu prosesin mərkəzində əsas sual dini elitanın və xüsusilə Əli Xameneinin hansı tərəfə “stavka” edəcəyidir: “İran siyasi sistemi elə qurulub ki, mollaların və ali rəhbərin verdiyi siqnal dərhal real gücə çevrilir. Son vaxtlar dini dairələrin aktivləşməsi, ictimai çıxışların artması və paralel olaraq Pezeşkianın MAQATE ilə əməkdaşlığa açıq mesajlar verməsi təsadüfi deyil. Pezeşkianın “ölkənin qapıları MAQATE-yə açıqdır” açıqlaması yalnız xaricə ünvanlanmış diplomatik jest yox, eyni zamanda daxilə yönəlmiş siyasi mesajdır: islahat xətti ali rəhbərlik səviyyəsində tam rədd edilməyib. Bu isə göstərir ki, Xamenei hələlik bütün yumurtaları SEPAH səbətinə qoymayıb və sistem daxilində kontrollu islahat variantını ehtiyat ssenari kimi saxlayır. Lakin təzyiq artdıqca SEPAH–Pezeşkian komandası arasında münaqişənin dərinləşməsi qaçılmaz görünür və qarşıdakı dövr İran üçün ya sərt təhlükəsizlik dövləti, ya da məhdud islahatlar arasında həlledici seçim mərhələsi olacaq”.
Röya İsrafilova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.