ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin səfəri Cənubi Qafqazda Vaşinqtonun mövqeyini gücləndirməyə, Bakı və İrəvanla əlaqələri daha da dərinləşdirməyə yönəlib. Bu səfər həm də Qafqazın uzun müddət Moskvanın təsir dairəsində olması ideyasından uzaqlaşmağın rəmzi hesab edilə bilər.
Amerika 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını məhz Vaşinqtonun dəstəyi ilə irəli aparmaq istəyir. Bununla Kremlin iştirakı ilə baş tutan üçtərəfli razılaşmalar tarixə qovuşur. Baxmayaraq ki, Moskva sözügedən razılaşmaların hələ də qüvvədə olduğunu iddia edir.
ABŞ-nin ikinci şəxsinin ölkələrə səfəri həmçinin TRIPP (Trump Route for International Peace and Prosperity) koridorunu inkişaf etdirməkdir. Bu, Bakı ilə Naxçıvanı birləşdirərək Cənubi Qafqazı daxili tranzit şəbəkələrinə bağlamaq üçün nəzərdə tutulur. Artıq erməni tərəfi "Tramp yolu" ilə bağlı müşahidələrini Ağ Evə çatdıracağını açıqlayıb.
Tramp administrasiyası enerji, təhlükəsizlik, texnologiya və kommersiya sahələrində stratеji tərəfdaşlıq qurmaq, bununla həm xarici investorlar üçün şərait yaratmaq, həm də Rusiya və İranın təsir dairəsini məhdudlaşdırmaq istəyir.
Bu yanaşma Vaşinqtonun daha çox iqtisadi və tranzit koordinasiyasına əsaslanan yeni xarici siyasət strategiyasını əks etdirir.
ABŞ vitse-prezidentinin Ermənistan paytaxtına səfəri Vaşinqton-İrəvan münasibətlərində yeni səhifədir. Ermənistan bu səfəri səbrsizliklə gözləyirdi. Hətta hava limanında Vensin təyyarəsinin qarşısına xüsusi xalça da sərilmişdi.

Gözlənildiyi kimi, Ermənistanla ABŞ arasında sivil nüvə sektorunda əməkdaşlıq barədə razılaşma imzalandı. Bu da ölkənin enerji təhlükəsizliyini Rusiyadan və İrandan asılılığını azaltmaq üçün strategiya kimi dəyərləndirilir.
Əminliklə qeyd etmək olar ki, Ermənistanda növbəti seçkilərdə Paşinyan rejimi qalib gəlsə, Gümrüdəki 102-ci Rusiya hərbi bazası da bağlanacaq.
Bundan əlavə, ABŞ İrəvana yüksək texnologiyalar, infrastruktur investisiyaları və təhlükəsizlik məhsulları (məsələn, dronlar) təmin etməyə hazır olduğunu bəyan edib.
Azərbaycanla ABŞ arasında yeni Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu sənəd hərtərəfli əməkdaşlığı (enerji, müdafiə, süni intellekt, sərhəd təhlükəsizliyi və s.) əhatə edir.
ABŞ Bakı üçün sərhəd patrul gəmiləri kimi hərbi-təhlükəsizlik dəstəyi təklif edib. Bu da Bakını Xəzərdə daha da gücləndirməyə xidmət edəcək.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu nəzərə çarpdıraraq, bu strategiyanı Vaşinqton üçün mühüm tərəfdaş edən bir aktor kimi təqdim edir.
Bu baxımdan Bakı görüşü daha çox strateji və hərbi-texnoloji əməkdaşlıq, İrəvan görüşü isə iqtisadi və enerji müstəqilliyi üzərində qurulub.
İrəvana gülər üzlə gələn Vens, görünür, iki günlük səfər əsnasında təhlükəsizliyinin təmin olunması baxımından nigaran qalıb. Məhz buna görə səfərin sonlarına yaxın onu İrəvan səmasında helikopter müşayiət edirdi.

Rusiya bu səfəri soyuq qarşılasa da, açıq şəkildə narahatlığını gizlətmir. Moskva vurğulayır ki, Ermənistan və Azərbaycan suveren dövlətlərdir və istənilən xarici əlaqə qura bilərlər. Lakin Rusiya regiona təsirini qorumaq üçün diplomatik və iqtisadi alətlərə malikdir. Moskva həmçinin nüvə energetikası və digər sahələrdə öz təkliflərini irəli sürməyi planlaşdırır.
Cənubi Qafqaz artıq Rusiyanın təsir dairəsi olmayacaq. Bu, Moskvaya bir geopolitik itki kimi görünə bilər. Rusiya təşəbbüslərə cavab olaraq daha çox iqtisadi əməkdaşlıq və diplomatik səylər göstərəcək.
Türkiyə üçün Bakı səfərləri ABŞ ilə əməkdaşlığın mərkəzində olmaqla yanaşı, Ankara üçün də şərq-qərb ticarətinin açılması baxımından faydalı ola bilər. Nəzərə almaq lazımdır ki, ABŞ Türkiyəni regionda əsas tərəfdaşı hesab edir. Bakı da Ankara ilə ən yaxın strateji müttəfiqdir. Təsadüfi deyil ki, Vens Bakıda mətbuat konfransı zamanı İlham Əliyevlə Donald Trampı müqayisə etdi. O, bununla həm də Azərbaycanın İsrail və Türkiyə arasında əsas vasitəçi ola biləcəyini bilavasitə çatdırdı.
Türkiyənin və onun mövqeyinin ABŞ üçün önəmli olması Vensin "erməni soyqırımı" ilə bağlı X platformasındakı paylaşımını silməsindən də aydın görünür. Həm də səhv paylaşımın silinmədən qalması vitse-prezidentə yaraşmazdı. Elə onun İrəvan səfəri də bununla yadda qaldı...

Türkiyə bu yeni ticarət və tranzit şəbəkələrinin mühüm müttəfiqi kimi çıxış edəcək. TRIPP koridoru Türkiyənin Avropa-Asiya inteqrasiyası ambisiyalarını gücləndirə bilər. Rusiyanın bu barədə istəklərinə isə rəsmi İrəvan bir neçə dəfə "yox" deyib.
İran da Cənubi Qafqazda ənənəvi təsirini hiss edir, lakin Vaşinqtonun bu təşəbbüsləri onun üçün problemlər yaradır. Xüsusilə də tranzit və enerji sahəsində rəqabət baxımından.
Tehran üçün Cənubi Qafqaz daha çox iqtisadi və təhlükəsizlik problemləri ilə qarşılaşa bilər — ABŞ-nin regiona girişinin artması Tehran üçün risk amili kimi qiymətləndirilir.
Vaşinqtonun fəal diplomatiyası Qafqazı mərkəzi Rusiya olan geopolitik orbitdən çıxara və qismən Qərb və Avrasiya inteqrasiyasına doğru hərəkət etdirə bilər.
Bu səfər sülh sazişi prosesinin irəliləməsinə təkan verəcək. Eyni zamanda bu proseslər daha kompleks siyasi və konstitusiya dəyişiklikləri tələb edir ki, bu da tam sülh müqaviləsi imzalanması üçün əsas şərtlərdən biridir.
Vensin səfəri regionda yalnız diplomatik görüş deyil. Bu, Cənubi Qafqazın geopolitik xəritəsini yenidən cızmaq potensialına malik bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.