AZ

İsrailli politoloq: Bakı artıq regionda inteqrasiya və strateji balansın əsas mərkəzidir  

Cənubi Qafqazda uzunmüddətli sabitlik və iqtisadi inteqrasiya prosesləri regionda maraqların toqquşması ehtimalını tam istisna etmir. Hazırkı ABŞ-Azərbaycan-İsrail konfiqurasiyasında söhbət Bakı ətrafında formalaşan rəqəmsal və tranzit mərkəzi çərçivəsində maraqların uzlaşdırılması və idarəolunan balans modelindən gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında israilli politoloq Abraham Şmuleviç bildirib.

O qeyd edib ki, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması və İsraillə texnoloji əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın postsovet məkanında nadir rast gəlinən “ikiqat dayaq” (dual-anchor strategy) modelini formalaşdırır. Bu strategiya ölkənin xarici siyasətinin və iqtisadi əlaqələrinin iki fərqli, lakin bir-birini tamamlayan strateji tərəfdaşla eyni vaxtda möhkəmləndirilməsini nəzərdə tutur. Hər iki tərəfdaş Azərbaycan üçün kritik əhəmiyyət daşıyan resursların fərqli seqmentlərini təmin edir

Şmuleviçin sözlərinə görə, ABŞ Azərbaycana geosiyasi legitimlik, qlobal kapital bazarlarına çıxış və infrastruktur zəmanətləri, o cümlədən TRIPP təşəbbüsü çərçivəsində dəhliz layihələri təqdim edir. İsrail isə süni intellekt, kibertəhlükəsizlik, müdafiə sistemləri və kəşfiyyat əməkdaşlığı kimi qabaqcıl texnologiyalarla çıxış edir. Bu iki istiqamətin sintezi Azərbaycanın həm texnoloji suverenliyini, həm də geosiyasi təhlükəsizliyini gücləndirir.

Politoloq vurğulayıb ki, ABŞ-ın Vitse-prezidenti Vensin Bakıya səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanı Birləşmiş Ştatların Avrasiya siyasətində dayaq ölkələrdən birinə çevirir. Sənəddə təhlükəsizlik, enerji, rəqəmsal və kibersfera, regional kommunikasiyalar və investisiya layihələri kimi sahələr yer alır. TRIPP təşəbbüsü isə yalnız Naxçıvan istiqamətində kommunikasiya xətti deyil, daha geniş Orta Dəhliz arxitekturasının tərkib hissəsidir.

Onun sözlərinə görə, İsrail istiqaməti münasibətləri yalnız müdafiə sahəsi ilə məhdudlaşdırmır. Süni intellekt və kibertəhlükəsizlik üzrə memorandumlar, yüksək texnologiya klasterləri və tədris mərkəzlərinin yaradılması planları Azərbaycanı İsrail texnologiyalarının regional platformasına çevirir. Bu modeldə ABŞ kapital, siyasi çətir və tranzit infrastrukturu təqdim edir, İsrail kritik texnologiyalar və innovasiya təcrübəsi verir, Azərbaycan isə infrastruktur və coğrafi platforma rolunu oynayır. Bu yanaşma klassik “postsovet asılılıq modeli”ndən fərqli olaraq Birləşmiş Ərəb Əmirlikləri və ya Sinqapur tipli inkişaf modelinə daha yaxındır.

Sabitləşdirici effektin üç əsas mənbədən qaynaqlandığını qeyd edən Şmuleviç deyib: “Birincisi, TRIPP və Orta Dəhliz layihələri “sülh benefisiarları klubu” yaradır. Bu halda mümkün qarşıdurma artıq təkcə Bakı və İrəvanın deyil, ABŞ, Türkiyə, Avropa İttifaqı və İsrailin maraqlarına da toxunur. İkincisi, imzalanan xartiyalar və memorandumlar müharibədən sonrakı status-kvonu hüquqi və iqtisadi mexanizmlərlə möhkəmləndirir, onun dəyişdirilməsinin qiymətini yüksəldir. Üçüncüsü, texnoloji və təhsil layihələri Azərbaycan və potensial olaraq Ermənistan gənclərini qlobal bilik və əlavə dəyər zəncirlərinə inteqrasiya edərək total mobilizasiya və müharibə məntiqini zəiflədir”.

Eyni zamanda, politoloq qeyd edib ki, regionda müxtəlif güc mərkəzlərinin maraqları mövcuddur və yeni əməkdaşlıq formatları həmin maraqların yenidən balanslaşdırılmasını zəruri edə bilər: “Bəzi ölkələr üçün “ABŞ-Azərbaycan-İsrail-Türkiyə” əməkdaşlıq modeli yeni reallıq kimi qəbul oluna, alternativ əməkdaşlıq mexanizmlərinin axtarışına səbəb ola və region ölkələrinin daxili siyasi kursu proseslərin inkişaf trayektoriyasına təsir göstərə bilər. Əgər əməkdaşlıq inklüziv xarakter daşıyarsa və regional layihələr bütün tərəflər üçün açıq platforma kimi təqdim olunarsa, bu model Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas dayaqlarından birinə çevrilər. Beləliklə yaxın 5-10 illik perspektivdə regionda klassik mənada sülh deyil, Bakı ətrafında inteqrasiya və idarəolunan rəqabət modeli formalaşa bilər”, - deyə A.Şmuleviç bildirib.

Seçilən
13
2
azerbaijan-news.az

3Mənbələr