AZ

Yeni fənn tədris olunmalı, müəllimlər ixtisasartırma kurslarından keçməlidir - Prezidentin çağırışına REAKSİYA

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib ki, orta məktəblərdə şagirdlərə süni intellektlə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.

"Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu Redaktor.az-a açıalamasında bildirdi ki, prezidentin də vurğuladığı kimi, rəqəmsal transformasiya qısamüddətli yox, uzunmüddətli prosesdir və buna uyğun olaraq təhsil proqramlarında sistemli dəyişikliklər edilməlidir.

Müsahibimizin sözlərinə görə, bu, zamanın, dövrün və inkişaf etmiş texnologiyanın tələbidir:

"Məncə, məktəblərdə müxtəlif istiqamətlərdə yenilik faydalı ola bilər. İbtidai siniflərdən başlayaraq rəqəmsal savadlılıq, təhlükəsiz internet istifadəsi və informasiya mədəniyyəti istiqamətində hər hansı fənn tədris oluna bilər. Şagirdlər texnologiyanı sadə istifadəçi kimi deyil, anlayaraq istifadə etməyi öyrənməlidirlər. Digər bir məsələ proqramlaşdırma və alqoritmik düşüncədir. Orta siniflərdən etibarən proqramlaşdırmanın əsasları, blok əsaslı kodlaşdırma və s. tədris edilə bilər. Burada məqsəd hər kəsi proqramçı etmək deyil, məntiqi və analitik düşüncəni inkişaf etdirməkdir".

R.Fikrətoğlu süni intellekt və məlumat savadlılığından danışdı:

"Yuxarı siniflərdə proqramlara süni intellektin əsas prinsipləri, məlumatların analizi və rəqəmsal etikaya dair mövzular əlavə oluna bilər. Şagirdlər süni intellektin imkanlarını və risklərini öyrənib anlamalıdırlar. Nəzəriyyə ilə yanaşı, layihə əsaslı dərslər, startap düşüncəsi və komanda işi təşviq edilə bilər. Məktəblərdə texnopark tipli laboratoriyalar və ya innovasiya klubları yaradıla bilər. Ən əsas məsələ burada müəllim hazırlığıdır. Proqram dəyişiklikləri ilə yanaşı, müəllimlərin də ixtisasartırma kurslarından keçməsi vacib hesab olunur. Çünki rəqəmsal təhsilin keyfiyyəti birbaşa müəllim hazırlığının səviyyəsindən asılı olan bir şeydir. Fənlərarası inteqrasiya altıncı bir hissə, bölgü ola bilər. Riyaziyyat, fizika, coğrafiya və hətta humanitar fənlərdə belə rəqəmsal alətlərdən istifadə oluna bilər. Bizdə STEAM var. O, bu formada qurulub. Tarix dərsində rəqəmsal xəritələr, biologiyada simulyasiyalar istifadə oluna bilər".

Ekspert vurğuladı ki, dəyişiklik yalnız bir fənnin əlavə olunması ilə yox, təfəkkürün dəyişməsi ilə bağlı olmalıdır:

"Məqsəd rəqəmsal bacarıqlara malik, tənqidi düşünən və qlobal rəqabətə davamlı gənclərin yetişdirilməsidir. Cənab prezident əslində bunu deyir. Elə olmalıdır ki, orada düşüncə inkişaf eləsin. Məktəblilər ibtidai sinifdə, erkən yaşda rəqəmsal savadlılığa yiyələnsin, şagird sadəcə texnologiyanın istifadəçisi olmasın, həm də ondan istifadə etməyi öyrənsin. Şagirddə proqramlaşdırma, alqoritmik düşüncə olsun. Bu da məntiqi və analitik düşüncəni inkişaf etdirsin. Süni intellekt, məlumat savadlılığı olsun. Cənab prezidentin dediyi odur ki, burada kompleks tədbir görülməlidir. Biz dünyada gedən müasir texnoloji yeniliyə adaptasiya olunmalıyıq".

Aytəkin TOFİQQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr