AZ

İki ölkə buna görə Vensin səfərindən narahat olub - MÜSAHİBƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Mətin bəy, Bakı-Vaşinqton münasibətlərinin yeni müstəvidə inkişafı, regional sülh və əməkdaşlıq imkanlarının güclənməsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfəri nə dərəcədə təsirli olacaq?

- ABŞ-nin vitse-prezidentinin regiona səfəri, Azərbaycanda və Ermənistanda olması Cənubi Qafqazla bağlı Ağ Evin maraqlarının artdığını təsdiq edir. Vens ABŞ-nin ikinci vəzifəli şəxsi kimi bölgəyə səfəri bu baxımdan mühüm önəm kəsb edir. 18 il öncə isə Dik Çeyni (2008-ci ildə Corc Buş administrasiyasının vitse-prezidenti - red.) Azərbaycanda səfərdə olub.

Səfər müddətində Vensin Azərbaycanda və Ermənistanda keçirdiyi görüşlərin xarakteri isə olduqca əhatəli, məzmunlu, ciddi nəticələrə hesablanan təmasların olduğunu söyləmək olar.

Azərbaycanla münasibətlərdə isə xüsusi olaraq vitse-prezidentin səfərində vacib məqamlar daha çox diqqəti cəlb edir. ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə yüksəldiyini təsdiq etdi.

- Əldə edilən razılaşma fonunda iki ölkə arasında münasibətlərin bundan sonra daha çox hansı istiqamətlər üzrə inkişaf edəcəyi proqnozlaşdırılır?

- Sözsüz ki, əldə edilən tarixi razılaşma perspektivdə münasibətlərin əsas istiqamətlərini, prinsiplərini müəyyən etdi. Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentləri tərəfindən əldə edilən razılaşma əsasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması ilə bağlı işçi qrupları yaradılmışdı. Bu işçi qrupları 6 ay ərzində həmin sənədlə bağlı bütün işləri yekunlaşdırdılar. Vensin Azərbaycana səfərində də bu vacib sənədin imzalanması reallaşdı.

- Bu sənəd tərəflər üçün hansı perspektivlər vəd edir?

- Həmin sənəd Azərbaycanla ABŞ arasında münasibətlərdə ənənəvi istiqamətləri əhatə edir. Yəni, enerji, ticarət, iqtisadi münasibətlər, təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq üçün mühüm perspektivlər mövcuddur.

- Yeni əməkdaşlıq sahələri hansılardır?

- Rəqəmsal infrastruktur, süni intellekt, regional bağlantılar və s. kimi yeni istiqamətlər müəyyənləşib. Bu isə iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəldiyini xarakterizə edir. Bütövlükdə isə Vensin Cənubi Qafqaz səfəri ilk növbədə ABŞ-nin bu bölgədə mövqeyinin güclənməsinə xidmət edir.

- Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə ABŞ-nin vitse-prezidentinin səfərinin təsiri ilə bağlı yanaşmalar nədən ibarətdir?

- Sözsüz ki, bu səfər Bakı ilə İrəvan arasında sülh prosesi və Zəngəzur dəhlizi (Tripp layihəsi) ilə bağlıdır. ABŞ bu regionda dayanıqlı sülhün olmasında maraqlıdır. Vensin Ermənistanda və Azərbaycanda keçirdiyi görüşlərdə də müzakirə etdiyi əsas mövzulardan biri də məhz bu olub. Eyni zamanda Tripp layihəsi ABŞ-nin xüsusi əhəmiyyət verdiyi məsələdir.

- ABŞ regional kommunikasiyaların formalaşmasında nəyə nail olmaq istəyir?

- Ağ Ev Tripp kimi regional və qlobal əhəmiyyətli bir layihədə iştirak etməklə həmçinin bölgədə özünün geosiyasi və geoqtisadi maraqlarını təmin etməyə çalışır. Bununla da bölgədə əməkdaşlıq, sülh prosesinə, rifaha xidmət edən bir mövqe ortaya qoyulur. Ümumilikdə isə Vensin səfərini region ölkələri ilə ABŞ arasında yeni səhifə adlandırmaq olar.

- Vensin səfərinə bölgədə öz maraqlarını təmin etməyə çalışan tərəflərin reaksiyası nədən ibarət oldu?

- Rusiya Prezident administrasiyasının əməkdaşı Dmitri Peskovun bu səfərlə bağlı açıqlaması oldu. Bu açıqlama ondan ibarət idi ki, Azərbaycan və Ermənistan müstəqil ölkə kimi istənilən tərəflə əlaqələr qura bilər, Rusiya isə buna müdaxilə edə bilməz. Amma bunun fonunda Vensin bölgəyə səfəri ilə bağlı Rusiya və İrandan rəsmi bir mövqe açıqlanmayıb. Hər iki ölkədə vitse-prezidentin səfəri ilə bağlı hakimiyyətə yaxın mediada müxtəlif narahatlıq ifadə edə materiallar dərc edilir. Sözsüz ki, onların bu narahatlığı da səbəbsiz deyil.

Seçilən
15
2
moderator.az

3Mənbələr