Xarici valyutada ən çox əmanət yerləşdirilən rayonlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əhalinin və şirkətlərin banklarda xarici valyutada (dollar, avro və s.) saxladığı vəsaitlərin həcminə görə şəhər və rayonların reytinqi müəyyənləşib.
Siyahıya mütləq liderliklə Bakı şəhəri başçılıq edir. Paytaxtda xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 4 milyard 979,1 milyon manat təşkil edib.
İkinci yerdə sənaye mərkəzi Sumqayıt şəhəri qərarlaşıb. Burada banklara valyutada yatırılan vəsaitin həcmi 55 milyon manat olub.
Abşeron rayonu 37 milyon manat göstərici ilə üçüncü sırada yer alıb. Onu ölkənin ikinci böyük şəhəri Gəncə izləyir – 23,7 milyon manat.
Siyahının beşinci pilləsində şimal-qərb bölgəsindən Zaqatala rayonu (7,2 milyon manat) qərarlaşıb.
Altıncı yerdə şimal bölgəsini təmsil edən Xaçmaz rayonu gəlir – 5,4 milyon manat.
Lənkəran rayonu 4,3 milyon manat valyuta əmanət portfeli ilə yeddinci sırada yer alıb.
Səkkizinci və doqquzuncu yerləri eyni göstərici ilə Quba və Salyan rayonları bölüşür – hər birində 3,8 milyon manat.
Xarici valyutada ən çox əmanət olan rayonların onluğunu isə Naxçıvan şəhəri (3,7 milyon manat) tamamlayır.