ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Son vaxtlar ölkə iqtisadiyyatının inkişafında bir sıra problemlər özünü göstərir ki, onların aradan qaldırılması ilə bağlı mütəxəssislər müxtəlif təkliflərlə çıxış edirlər.
Bu istiqamətdə “Cebheinfo.az”-ın müsahibi iqtisadçı-ekspert Natiq Cəfərlidir:-Belə bir fikirlə çıxış etmisiniz ki, bəzi ölkələrdə, məsələn, İspaniyada maaş çox olsa da, bəzi məsələlərdə Azərbaycandan fərqli olaraq qiymətlərdə ucuzluq müşahidə edilir. Bu, nədən irəli gəlir?
-Birincisi, orada yerli istehsal çoxdur. Xüsusilə də ət istehsalına görə İspaniya Avropada ilk yerlərdən birini tutur. İkincisi, Avropa Birliyi ümumi bazardır. Daxildə mal idxalında gömrük rüsumu yoxdur. Fransızlar gəlib məmnuniyyətlə İspaniyada heç bir rüsum ödəmədən öz məhsullarını satırlar. Bizim problemimiz odur ki, daxili istehsal çox azdır. Ərzaq məhsulları ilə özümüzü cəmi 25 faiz təmin edirik, 75 faiz xaricdən asılıyıq. Xaricdən idxal zamanı logistik xərclər, gömrük rüsumları, vergi ilə birlikdə çox baha başa gəlir. Bu, görünən tərəflərdir. Görünməyən tərəflər də odur ki, inhisarçılıqla bağlı problemlər kökündən həll olunmayıb. Bəzən inhisarçılıqla bağlı etiraz edənlər olur ki, bizdə bu qədər mağazalar, supermarketlər var, bir-biri ilə rəqabət aparırlar.
Ancaq onlar olsa belə, söhbət pərakəndə satışdan getmir. Burada söhbət topdansatışdan gedir. Həmin mareketlərdə satılan məhsulların çoxlarını ölkəyə bir neçə şirkət gətirir. Onlar gətirərkən də qiymət diqtə etmək imkanı yaranır. Bizdə maaş və təqaüdlərin aşağı olmasının səbəbinə gəldikdə isə ÜDM-də əlavə dəyər yaradılmasında problemlər var. Ötən il bizim ÜDM 1,4 faiz artıb. Ölkə daha çox qazanmalıdır ki, vətəndaş da qazansın. Son vaxtlar biz ölkə olaraq qazana bilmirik. Ölkə qazanmadıqda da orta aylıq əməkhaqqı, təqaüdlə bağlı qonşulara uduzmağa başlamışıq.
Gürcüstan 10 il bundan öncə bu sahədə bizdən iki dəfə geridə idi. İndi artıq bizi ötüb. Yəni orta əməkhaqqı bizdən iki dəfə, təxminən 200 manat, orta təqaüd 100 manat daha çoxdur. Bütün bunlar göstərir ki, yerli istehslla, inhisarçılıqla bağlı problem var. Maaşlar da ona görə azdır ki, gəlirlərimiz azalıb. Ölkə olaraq daha çox əlavə dəyər istehsal etməyə yönəlik addımlar atılmalıdır.
-Bugünlərdə Milli Məclisdə maaşların hər il artırılması ilə bağlı təkliflər səslənib. Bu reallaşa bilərmi?
-Bu, bir tərəfdən qulağa xoş gəlir ki, hər il minimum maaş artacaq. Hazırda minimum maaş 400 manat təşkil edir. Bunun iqtisadiyyata hansı təsirləri var? Yeganə təsiri odur ki, 400 manatdan aşağı əməkhaqqı vermək olmaz. Əhalinin yarıdan çoxunun yaşadığı Bakıda 400 manata işləmək istəyən də yoxdur. Demək, bunun birbaşa əmək bazarına ciddi təsiri yoxdur. Kimlərə təsiri var?
Onlar sahibkarlardır ki, minimum əməkhaqqının artmasından narahat və narazıdırlar. Bizim qanunvericilikdə belə bir məqam var ki, minimum əməkhaqqı artdıqca və ya dəyişdikcə, onun 25 faizi həcmində sahibkar DSMF-yə ödəniş etməlidir. Bu bağlantı qəbul edildikdə minimum əməkhaqqı 136 manat idi. O vaxt onun 25 faizi 40 manata yaxın idi. İndi isə 100 manat təşkil edir. Hər maaş artdıqca, bu da artacaq. Əgər biz hər il minimum əməkhaqqını artıracağıqsa, bu, özlüyündə pis deyil. Ancaq qanunvericilikdə bununla bağlı mövcud bağlantını gərək çıxaraq.
Burada “DSMF-yə ödənişlər minimum əməkhaqqına bağlıdır” cümləsi çıxarılmalıdır. Ya faiz aşağı salınmalı, 25 faizdən 10 faizə endirilməlidir, ya da o bağlantı aradan qalxmalıdır. Çünki kifayət qədər narazı, 700-800 min nəfər VÖEN-lə çalışan insan var. Bizdə minimum əməkhaqqı kimi hesablamalar Sovet dövründən qalma yanaşmadır. Yəni 4 nəfərlik orta statistik ailənin dolanışıq xərcləri hesablanmalıdır. Buradan çıxış edərək onu 1 nəfərə bölməliyik. Məsələn, Türkiyədə bu üsulla hesablanır. Yəni 4 nəfərlik ailənin aylıq tələbatı hesablanır. Ona uyğun bir rəqəm ortaya qoyulur.
Sonra minimum ödəniş ona uyğun hesablanır. Bu baxımdan, hər il hətta ildə 2-3 dəfə minimum əməkhaqqı kifayət qədər yüksəlib və hazırda 900 manata çatıb. Çünki qanun tələb edir ki, 4 nəfərlik orta stratistik ailənin kommunal xidməti, ərzaq, geyim, əyləncə, kitab, təhsil xərcləri hesablanır və alınan məbləği minimum əməkhaqqı kimi vətəndaşa verməyə borcludurlar. Belə bir metodologiya Azərbaycanda tətbiq olunsa, daha yaxşı olar.
-Bugünlərdə bəzi un məhsullarının qiymətində artım baş verib. Belə bir qiymət artımı hansı zərurətdən yaranıb?
-Azərbaycanda çörək qiymətləri dövlət tərəfindən tənzimlənmir, sərbəstdir. Son zamanlar dövlət tərəfindən dizel yanacağının qiyməti 10 faiz artırıldı. Çörək avtomobillə daşınır və o da dizel yanacağı ilə işləyir. Yaxud da sexlərdə un alınır, daşınır ki, bu zaman da dizel yanacağından istifadə edilir. Əgər dizel yacağının qiyməti artırsa, bu, özünü hardasa birüzə verməlidir. Bu da çörəyin qiymətində özünü göstərir. İkinci məsələ odur ki, biz özümüzü ərzaq buğdası ilə tam təmin edə bilmirik və 70 faiz xaricdən alırıq.
Qazaxıstan, Rusiya, Ukrayna, hətta Rumıniyadan taxıl alırıq və onun alınması, gətirilməsi xərcləri artırsa, demək, unun qiyməti qalxır və bu zaman çörəyin də qiyməti artmalıdır. Yəni hökumətin atdığı addımlar bumeranq şəklində qiymət artımında özünü biruzə verir. Çörək nadir sahələrdəndir ki, burada inhisarçılıq yoxdur. Kim istəsə, çörək bişirə, sata bilər. Ancaq onun real xərcləri artırsa, ya çörəyin çəkisini azaltmalıdır ki, bizdə çox zaman belə edirlər. Ya da qiymətini artırırlar. Fikrimcə, çəkini azaltmaqdansa, qiyməti artırmaq daha dürüst davranışdır.
-Bir vaxtlar Azərbaycandan Rusiyaya gedən soydaşlarımız üstünlük təşkil edirdisə, son vaxtlar qonşu ölkələrə, xüsusilə də inşaat sahəsində çalışmaq üçün Gürcüstana gedən azərbaycanlıların sayı artıb. Bu, ölkədə işsizlikdən irəli gəlir, yoxsa maaş azlığı, qiymətlərin bahalığı ilə bağlıdır?
-Hər ikisinin təsiri var. İndi Şərqi Zəngəzurda və Qarabağda tikinti işləri var. Ancaq onun logistikası, gecələmək, gediş-gəlişlə bağlı müəyyən problemlər yaranır. Gürcüstanda normal usta tikintidə çalışırsa, təxminən 2000 dollara yaxın maaş alır. Fəhlə 1100-1200 dollar maaş alır və onların haqları qorunur. Yəni həftədə cəmi 5 gün çalışır. Servis ximəti gediş-gəlişini təşkil edir.
Günorta pulsuz yeməklə təmin edirlər, eləcə də tibbi sığortası var. Bütün bunlar cəlbedici olur. Orada çalışanlar fikirləşirlər ki, bir neçə nəfər eyni evdə qalırlar və kirayə çox ucuz başa gəlir. İşdə nahar edir, axşam da birtəhər keçinir. Ancaq aldığı maaşın heç olmasa yarısını ailəsinə göndərə bilir. Ona görə də Gürcüstandan pulköçürmələrin dinamikasında artım var. Əvvəllər əksinə idi. Azərbaycandan daha çox pul köçürmələri olurdusa, bu gün əksinədir.
Dünya iqtisadiyyatı canlı orqanizmdir. Harada tələb yaranırsa, təklif də yaranır. Azərbaycanlılar da iş görəndilər, harada fürsət yaranırsa, dəyərləndirirlər. Gürcüstanda yaxın illərdə 7-8 milyard dollarlıq investisiya layihələri var. Orada tikinti işləri çox böyük vüsət alacaq. Fərdi evləri kənara qoysaq, indi çinlilərlə birgə avtomobil zavodu, yeni liman tikilir. Tikinti işlərində Gürcüstanda yüksək maaş var və buna görə də imkanı olan azərbaycanlılar gedib orada çalışacaqlar.
Bununla yanaşı, bəzi azərbaycanlılar orada şəxsi biznes qurublar və çox uğurludurar. Çünki 500 min lari dövriyəsi olanlar cəmi 1 faiz vergi verirlər. Digər vergi növlərindən azaddırlar. Kafe, restoran, hotel açırlar. Demək, Azərbaycanda da şərait yaratmaq lazımdır ki, insanlar biznes qursunlar.
-Son vaxtlar Azərbaycana bir çox ölkələrdən ət idxalında artıma şahid oluruq. Həmin məhsulların qiyməti daha ucuz olsa da istehlakçılar tərəfindən o qədər də rəğbətlə qarşılanmır. Niyə bu gün yerli istehsalın artmasına deyil, idxala üstünlük verilir?
-Bu, hazırda çox aktual mövzudur. Belə ki, 5 il bundan öncəki vəziyyətlə indiki durum dəyişib. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin bir analitik yazısını görməmişik. Son beş ildə iribuynuzlu mal-qara 300 minə, xırdabuynuzlu isə 1,8-1,9 milyona yaxın azalıb. Təbii ki, azalma olduqda, ətin qiyməti də artacaq. Xaricdən idxal məcburiyyəti yaranacaq. Burada örüş, yem, xəstəlik kimi problemlər, xüsusilə də regionlarda məmurların müdaxiləsi məsələsi var. Digər bir obyektiv proses də var ki, gənc nəsil çoban olmaq istəmir. Bu, ciddi problemdir və dünyada da var.
Biz onu cəlbedici etməliyik. Həmin problemin həlli üçün Avstraliyada yol tapılıb, gənclər dronlarla heyvan otarırlar. Bu da onlarda bir maraq, həvəs yaradır. İkinci bir məsələ odur ki, xüsusilə də Gürcüstandan çox mal-qara idxal edirik. Fakt odur ki, həmin mal-qaranı satan orada yaşayan azərbaycanlılardır. Necə olur ki, sərhədin o tayındakı soydaşımız uğurlu biznes qurur, mal-qaranın sayını artıra bilir,
Azərbaycana satır, ancaq sərhəddən bu tərəfdə azərbaycalılar mal-qara saxlaya bilmir? Bunun səbəblərini hökumət ciddi şəkildə düşünməli, təşviq proqramları artırılmalıdır. Kənd təsərrüfatı ilə məşğul olanlar çox vacib insanlardır. Dünyada müxtəlif sahələr inkişaf edə bilər, kənd təsərrüfatı məhsulunu hazırlayacaq fermerə hər zaman ehtiyac olacaq. Onlar çox qazanmalıdırlar ki, torpağa bağlı olsunlar.
Az qazanırlar, bezib, hər şeyi atıb şəhərə gəlirlər, burada fəhlə işləməyə üstünlük verirlər. Kənd təsərrüfatına yararlı torpaqlarda tövlə tikməyə icazə verilmirsə, fermer tövləni harada tikməlidir? Bu da heyvandarlığın qarşısının alınmasında rol oynayır.Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.