Bakı, 12 fevral, AZƏRTAC
2025-ci ildə bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 milyard 705 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 12,5 faiz artım deməkdir.
AZƏRTAC bp-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bp yerli tərəfdaşı olan birgə müəssisələr (15 müəssisə üzrə) çərçivəsində 689 milyon dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (74 şirkət üzrə) 384,5 milyon dollar xərcləyib.
Bundan başqa, hesabat dövründə bp-nin 231 kiçik və orta müəssisə üzrə xərcləri 557,8 milyon dollar, 46 dövlət şirkəti üzrə xərcləri isə 73,5 milyon dollar təşkil edib.