AZ

Paşinyan dövlət himninin hökumət binalarında oxunmasını istəyir

Nikol Paşinyan hesab edir ki, dövlət qurumlarında dövlət himnini ifa etmək üçün xor qrupları yaradıla bilər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, dövlət qurumlarında dövlət himnini ifa etmək üçün xor qrupları yaradıla bilər.

O, nümunə olaraq uşaq bağçalarını və məktəbləri göstərib (bu müəssisələrdə himn iş gününün əvvəlində lentdə səsləndirilir).

"Himn çalındıqda, bu, xüsusi bir hadisədir. Himn harada ifa olunacaqsa, canlı ifa olunmalıdır. Xor qrupları yoxdursa, onları himni ifa etməyə və ya öz qruplarını yaratmağa dəvət etmək olar... Bu, heç də kiçik bir məsələ deyil. Bu, mədəni inkişafa mütləq töhfədir", - deyə o, cümə axşamı hökumət iclasında bildirib.

Hökumət başçısının sözlərinə görə, belə bir təcrübə dövlət qurumlarında iş gününün bir hissəsinə çevrilə bilər.

"Bu, çox gözəl olardı. Əlbəttə ki, ifaçıların qabiliyyətləri və istedadı ilə bağlı suallar var. Lakin bu, dövlət sisteminə daxil ediləcək başqa bir maraqlı elementə çevrilə bilər", - deyə o əlavə edib.

Paşinyan həmçinin dövlət himninin səsləndirildiyi rəsmi videonun yenilənməsini əmr edərək, onu köhnəlmiş adlandırıb: "Bu, daha nə qədər davam edə bilər? Yadımda qalan qədər eyni video səslənir. Bu o deməkdirmi ki, hökumətimizin, digər strukturların və ya televiziya şəbəkələrinin dövlət himninin videosunu hər iki ildən bir yeniləmək üçün resursları yoxdur?" - deyə baş nazir qeyd edib.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
13
sia.az

1Mənbələr