AZ

Ukraynalı hərbi ekspert: “Starlink”in bloklanması Rusiya ordusunun hücum əməliyyatlarını zəiflədib VİDEO

Kiyev, 12 fevral, AZƏRTAC

“Starlink”in Rusiyada bloklanmasının Rusiya-Ukrayna müharibəsinin gedişinə ciddi təsir edəcəyinə dair müxtəlif fikirlər səsləndirilir. Amerika Birləşmiş Ştatlarının Müharibə Tədqiqatları İnstitutunun hesabatına görə, “Starlink”in bloklanması rusları Ukrayna logistikasına hücumlarını zəiflətməyə məcbur edib. Bu, Donetskin Pokrovski şəhəri istiqamətində Rusiya bölmələri tərəfindən ən güclü şəkildə hiss olunur. Analitiklər bildirirlər ki, “Starlink”in bloklaması Rusiyanın döyüş meydanını hava qüvvələrindən təcrid etmək cəhdlərinə təsirsiz ötüşməyəcək.

Ukraynalı hərbi ekspert Dmitriy Jmailo AZƏRTAC-a açıqlamasında bildirib ki, “Starlink”in bloklanması hərbi məqsəd daşıyır.

“Ruslar onları onlarla kilometr məsafəyə uçan dronlarına quraşdırmağa başlamışdılar. Xüsusilə, onlar Dnepropetrovsk bölgəsindəki Pavloqrad yaxınlığında mülki şəxsləri vurmaq üçün onlardan fəal şəkildə istifadə etməyə başladılar.

Hətta mülki şəxsləri daşıyan avtobusu da vurdular. Bundan əlavə, hazırda Ukraynada sərt soyuq və qarlı hava şəraiti səbəbindən sadəcə sürüşkən yerdə oynayan uşaqlara hücum etməyə çalışanların internetdə videosu var. Yalnız “Starlink” tərəfindən təmin edilən dron idarəetməsi deyil, videosiqnal elektron müharibə sistemlərimiz tərəfindən sıxışdırıldığı üçün Rusiya ordusunun operatorunun ukraynalı uşaqları öldürməsinin qarşısı alındı. Buna görə də Ukraynanın müdafiə naziri Mixail Fedorov ”Starlink”in Rusiyada bloklanmasına nail oldu. Daha sonra bütün “Starlink”lər Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bloklandı. Buraya işğal olunmuş ərazilər də daxildir. Yenidən qeydiyyat prosesi başladı. Ukrayna hərbi qulluqçuları “Starlink”lərini Delta sistemi vasitəsilə yenidən qeydiyyata alırlar”, - deyə hərbi ekspert əlavə edib.

Dmitriy Jmailo hesab edir ki, “Starlink”in bloklanması Rusiya ordusu daxilində ciddi problemlər yaradıb və bu, artıq özünü açıq-aydın büruzə verir. “Ruslar cəbhənin müəyyən ərazilərində tam təşviş içindədirlər və hücum əməliyyatları tamamilə dayandırılıb. Bütün təmas xətti boyunca təzyiq də azalıb. Bir neçə gün əvvəl döyüş təmaslarının dörddə biri Ukrayna əks-hücumları idi.

Ukrayna müdafiə qüvvələri, xüsusən də Zaporojyedə, nizamsızlıqları və rabitə çatışmazlığı səbəbindən Ternovate kəndini və digər əraziləri rus qoşunlarından təmizləyə bildilər. Onlar, sadəcə nə edəcəklərini bilmirdilər. Bu cür əməliyyatlar, digər məsələlərlə yanaşı, mübadilə fondunu doldurmağa imkan verdi. Əlbəttə ki, ruslar alternativ axtaracaqlar. Çin onlara alternativ təklif edə bilər. Lakin hazırda onlar bu mərhələni necə keçmək barədə düşünür, alternativ şəbəkələri nəzərdən keçirirlər. Onlar Ukrayna vətəndaşlarına “Starlink”i uzaqdan öz adlarına qeydiyyatdan keçirmək imkanı təklif edirlər ki, ondan istifadə edə bilsinlər. Lakin bütün bunlar ümumi şəbəkədə qeyd olunacaq, çünki bu antenanın işğal edilmiş ərazilərdə fəaliyyət göstərdiyi aydın olacaq. Potensial xainlərin cinayətləri dərhal sənədləşdiriləcək və onlar cəzalandırılacaqlar. Buna görə də bunun geniş yayılma ehtimalı azdır. Bu, şübhəsiz ki, Ukrayna təhlükəsizlik və müdafiə qüvvələri üçün qısa müddətdə əlavə imkanlar təmin edən vacib bir addımdır”, - deyə o qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
3
3
azertag.az

4Mənbələr