AZ

Bakı–Vaşinqton tərəfdaşlığı və Naxçıvana maneəsiz yol

Vensin səfəri ilə ölkəmizin əldə etdiyi növbəti uğur barədə bəzi qeydlər

Vətən müharibəsindəki şanlı Zəfərimiz nəinki 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımızın geri qaytarılması ilə nəticələndi, eyni zamanda, əbədi və əzəli yurd yerimiz olan Naxçıvana quru yolu məsələsini aktuallaşdırdı. Söhbət maneəsiz quru yolundan gedir. Yazımızda bu məqama diqqət yetirəcək, ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri gedişində ölkəmizin əldə etdiyi böyük diplomatik uğur, Ermənistan üzərindəki növbəti üstünlük barədə söz açacağıq. Fikrimizi əsaslandırmaq üçün isə yaxın keçmişə üz tutaq.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 9-cu bəndində bildirildi ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Lakin Ermənistan Naxçıvana yolla bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdı. Rəsmi İrəvan, hətta məsələni Qarabağdakı separatçı rejimin qorunması vasitəsi kimi gördü, beləliklə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək yolu tutdu. Ancaq, necə deyərlər, ox yaydan çıxmışdı. Prezident İlham Əliyev xalqa 10 noyabr 2020-ci il tarixli müraciətində üçtərəfli Bəyanatın əhəmiyyətini izah edərkən demişdi: “Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat-kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı”.

Deməli, Azərbaycan dövlətininin təkidi 44 günlük müharibənin qələbə kazusunun Naxçıvana quru yolu seqmentini yaratdı. Ancaq rəsmi Bakının, o cümlədən, Prezident İlham Əliyevin Naxçıvana yolun ölkəmiz üçün stratejiliyini, eyni zamanda, prinsipial səciyyə daşıdığını vurğulayan, həmin yola Zəngəzur dəhlizi kimi tarixi-ideoloji çalar qazandıran çoxsaylı tutarlı bəyanatlarına rəğmən, Ermənistanın reallıqla barışması heç də asan olmadı. Baxmayaraq ki, sözügedən bəyanatlarda İrəvanın istəyib-istəməməsindən asılı olmayaraq, Zəngəzur dəhlizinin, yəni Naxçıvana maneəsiz quru yolunun açılacağı birmənalı şəkildə bildirilmişdi... Bəli, Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Kremlin Ukrayna ilə müharibəyə görə dünyadakı nüfuzunun korlanması, müvafiq olaraq, rəsmi İrəvanın ona qarşı saymazyanalığı nəticəsində əhəmiyyətini itirdi. Fürsətcil baş nazir Nikol Paşinyan administrasiyası isə Bəyanatda yer almış, habelə sonrakı illərdə Azərbaycan–Ermənistan normallaşmasının ana xəttini təşkil etmiş regional kommunikasiyaların açılması mövzusunun Naxçıvana maneəsiz quru yolu məntiqindən yayınmağa çalışdı. Nikol və tərəfdarları, habelə onların xaricdəki havadarları spekulyativ yol tutaraq, Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesini reallığa qarşı demarş sipərinə çevirdilər. Amma istəklərinə çata, Bakını prinsipial mövqeyindən döndərə bilmədilər.

Nəhayət, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamə Naxçıvana yol məsələsinə beynəlxalq legitimlik qazandırdı. Yəni sənədin qədim diyarımıza maneəsiz yol məntiqi Bakının İrəvan üzərində diplomatik müstəvidəki üstünlüyünün simgəsidir. Bu yerdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Bəyannaməyə nəzər salaq. Sənədin 3-cü bəndində bildirilir ki, “biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.

Onu da bildirək ki, Birgə Bəyannamənin 4-cü bəndindəki “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi məntiqi də Naxçıvana yolun əhəmiyyətini vurğulayan müstəsna məqamdır. Halbuki 2025-ci ilin 8 avqustundan ötən müddətdə Ermənistan rəhbərliyi və ölkənin ayrı-ayrı siyasi dairələri tərəfindən TRIPP-i fərqli tərzdə təqdim etmək və belə demək mümkünsə, Naxçıvandan yan keçmək, hətta qlobal bağlantı layihəsini Paşinyan administrasiyasının bir vaxtlar irəli sürdüyü “Dünyanın kəsişməsi” və ya “Sülhün kəsişməsi” ideyası ilə əlaqələndirmək cəhdlərinin olduğunu gördük. Əminliklə bildirmək mümkündür ki, ABŞ-ın Vitse-prezidentinin Bakıya səfəri gedişində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya Ermənistanın siyasi interpretasiyalarını tam şəkildə heçə endirdi, diqqəti əsl mahiyyətə yönəltdi. Yəni Naxçıvana maneəsiz yola.

Bu yerdə cənab Vensin Azərbaycandan əvvəl İrəvanda olduğunu da yada salaq. Məlum olduğu kimi, Vitse-prezidentin Ermənistana səfərində Birləşmiş Ştatlarla ikinci arasında atom enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalandı. Həmçinin Vens İrəvanda yalnız TRIPP-dən söz açdı, Naxçıvana yolu şübhələndirməyə hesablanmış “Dünyanın kəsişməsi” ritorikasını yada salmadı. ABŞ-la Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada isə vurğulandı ki, “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər”.

Göründüyü kimi, Azərbaycanın Naxçıvana maneəsiz yol mənqtiqinin ötən ilin avqustunda imzalanmış Birgə Bəyannamə ilə qazandığı beynəlxalq legitimlik Strateji Tərəfdaşlıq haqqında Xartiya ilə daha da möhkəmləndi. Əvvəldə barəsində söz açdığımız Bakının İrəvan üzərindəki daha bir diplomatik uğuru məhz budur. Bu məqam, eyni zamanda, ölkəmizin öz prinsiplərində ardıcıllığının növbəti təzahürüdür.

Deməli, TRIPP-in Naxçıvana yol seqmenti xüsusi vurğulanır və beləliklə, qlobal layihə bilavasitə Bakı və Vaşinqtonun strateji baxış bucağı altına keçir. Ermənistan isə ötən il avqustun 8-də Azərbaycanla imzaladığı Birgə Bəyannamənin TRIPP marşrutu məntiqi ilə kifayətlənməli, həmin sənəddə Naxçıvana yolun Ermənistan ərazisindən keçməsinin vurğulanmasını özünə müstəsna iqtisadi dividend saymalı, başqa nəyəsə ümid bəsləməməlidir.

Paşinyan administrasiyası, həmçinin TRIPP-lə bağlı üzərinə düşən öhdəliklərin icrasına dərhal başlamalıdır. Çünki obrazlı desək, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası ilə həm qatarlar, həm də avtomobillər Naxçıvana doğru maneəsiz yola çıxdılar. Yolu rəvan etmək İrəvanın məsuliyyətidir.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr