AZ

Bu gün o gündür

Yazını böyüt
Yazını kiçilt

Zorakı ekstremizm Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsipləri üçün çağırışdır. Bu hal sülh və təhlükəsizliyi, insan hüquqlarını və dayanıqlı inkişafı sarsıdır. Heç bir ölkə və ya region onun nəticələrindən sığortalanmayıb.

Hafta.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında hər il fevralın 12-də qeyd olunan Terrorizm üçün zəmin yaradan zorakı ekstremizmin qarşısının alınması üzrə beynəlxalq gün münasibətilə yerləşdirilmiş məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, zorakı ekstremizm çoxşaxəli haldır və onun dəqiq tərifi yoxdur. Bu fenomen nə yenidir, nə də hər hansı konkret regiona, millətə və ya inanc sisteminə məxsusdur. Bununla belə, son dövrlərdə İŞİD, “Əl-Qaidə” və “Boko Haram” kimi terror qruplaşmaları zorakı ekstremizm barədə təsəvvürlərin formalaşmasına və bu təhlükəyə qarşı mübarizə yollarının müzakirəsinə ciddi təsir göstərib. Həmin qrupların yaydığı dini, mədəni və sosial dözümsüzlük ideyaları dünyanın bir çox bölgələrində ağır nəticələr doğurur. Onlar əraziləri nəzarətdə saxlayır, sosial şəbəkələr vasitəsilə ideyalarını və “əməliyyatları” barədə məlumatları qlobal miqyasda, real vaxt rejimində yayır və bununla da sülh, ədalət və insan ləyaqəti kimi ümumi dəyərlərə meydan oxumağa çalışırlar.

Zorakı ekstremizmin yayılması onsuz da misli görünməmiş həddə çatmış humanitar böhranı daha da dərinləşdirir və bu böhran ayrı-ayrı regionların sərhədlərini aşır. Terrorçu və zorakı ekstremist qrupların nəzarətinə keçmiş əraziləri milyonlarla insan tərk etməyə məcbur olub. Miqrasiya axınları həm münaqişə zonalarına, həm də həmin zonalardan kənara doğru artıb. Bu axınlara təhlükəsiz məkanlara sığınmaq istəyənlər də, xarici terrorçu döyüşçü qismində münaqişələrə qoşulanlar da daxildir. Nəticədə müvafiq regionlarda sabitlik daha da pozulur.

BMT Baş Assambleyası fevralın 12-ni Terrorizm üçün zəmin yaradan zorakı ekstremizmin qarşısının alınması üzrə beynəlxalq gün elan edilməsi barədə qərar qəbul edib. Məqsəd bu fenomenlə bağlı təhdidlər barədə məlumatlılığı artırmaq və müvafiq sahədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Baş Assambleya vurğulayıb ki, terrorizmə qarşı mübarizəyə görə əsas məsuliyyət üzv dövlətlərin və onların müvafiq milli qurumlarının üzərinə düşür. Bununla yanaşı, hökumətlərarası təşkilatların, vətəndaş cəmiyyətinin, elmi dairələrin, dini liderlərin və medianın terrorizmə qarşı mübarizə və terrorçuluq üçün zəmin yaradan zorakı ekstremizmin qarşısının alınmasında mühüm rolu qeyd olunub.

Qətnamədə vurğulanıb ki, terrorizm və terrorizm üçün zəmin yaradan zorakı ekstremizm hər hansı konkret din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirilə bilməz və əlaqələndirilməməlidir.

BMT-nin Baş katibi 2016-cı il yanvarın 15-də Zorakı ekstremizmin qarşısının alınması üzrə Fəaliyyət Planını Baş Assambleyaya təqdim edib. 2016-cı il fevralın 12-də isə Baş Assambleya qətnamə qəbul edərək Baş katibin təşəbbüsünü alqışlayıb və onun Zorakı ekstremizmin qarşısının alınması üzrə Fəaliyyət Planını nəzərə aldığını bəyan edib.

Fəaliyyət Planında kompleks yanaşma təklif olunur. Bu yanaşma terrorizmə qarşı mübarizə çərçivəsində təhlükəsizlik tədbirləri ilə kifayətlənməməyi, eyni zamanda, radikallaşmaya və silahlı ekstremist qruplara qoşulmağa təsir göstərən amillərə yönəlmiş sistemli preventiv tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Plan beynəlxalq ictimaiyyəti razılaşdırılmış fəaliyyətə çağırır. Sənəddə üzv dövlətlərə və BMT sisteminə ünvanlanan, zorakı ekstremizmin daha da yayılmasının qarşısını almağa yönəlmiş 70-dən çox tövsiyə yer alıb.

Seçilən
14
2
hafta.az

3Mənbələr