AZ

KİV: ABŞ və Avropa arasındakı ziddiyyətlər Münxen Konfransında üzə çıxacaq

KİV: ABŞ və Avropa arasındakı ziddiyyətlər Münxen Konfransında üzə çıxacaq

Cümə günü başlayacaq Münxen Təhlükəsizlik Konfransı ərəfəsində Çinin rəsmi "China Daily" qəzeti ABŞ və Avropa ölkələri arasında artan fikir ayrılıqlarını diqqət mərkəzinə gətirib.

AFN.az xəbər verir ki, qəzetin redaksiya məqaləsində Avropanın Vaşinqtonu artıq "etibarlı tərəfdaş" kimi görmədiyi və bu ziddiyyətlərin konfrans zamanı qaçılmaz olaraq özünü büruzə verəcəyi bildirilir.

Məqalədə konfrans öncəsi ekspertlər tərəfindən hazırlanan məruzəyə istinad edilir. Sənəddə qeyd olunur ki, 1945-ci ildən sonra beynəlxalq nizamın qurulmasında əsas rol oynamış ABŞ indi həmin nizamı dağıdan əsas amillərdən birinə çevrilib. Avropanın mövcud düzənin dağılmasını müşahidə etdiyi və onu bərpa etmək yollarını axtardığı vurğulanır. Bu şəraitdə iqlim dəyişikliyi, pandemiyalar, bioloji müxtəlifliyin itirilməsi və sosial-iqtisadi bərabərsizlik kimi qlobal çağırışlara qarşı yeni təhlükəsizlik yanaşmalarının hazırlanması zərurəti yaranıb.

"China Daily" bu problemlərin həlli yolu kimi Çinin 2022-ci ildə irəli sürdüyü "Qlobal Təhlükəsizlik Təşəbbüsü"nü (Global Security Initiative - GSI) xatırladır. Bu təşəbbüs dövlətlərin suverenliyinə hörmət, BMT Nizamnaməsinə riayət olunması və münaqişələrin dialoq vasitəsilə dinc yolla həlli prinsiplərinə əsaslanır. Nəşrin fikrincə, Pekinin təklif etdiyi bu yanaşmalar artan qeyri-sabitlik şəraitində beynəlxalq sistemin dayanıqlığını artıra bilər.

Seçilən
42
afn.az

1Mənbələr