AZ

Zelenski: Ukraynada seçki prosesinə hazırlıq var

Kiyev, 11 fevral, AZƏRTAC

Bəzi Qərb tərəfdaşları müharibə dövründə Ukraynada seçkilər istəyirlər. Onların keçirilməsi üçün şərait mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ukrayna lideri bildirib ki, fevralın 24-də Ukraynada seçkilərin və referendumun tarixinin elan edilməsi ilə bağlı iddia edilən planlar barədə xəbərləri ikinci dəfə eşidir.

"Mən seçkilər haqqında dəfələrlə danışmışam - bütün müvafiq təhlükəsizlik təminatları mövcud olduqda, seçkilərə doğru irəliləyirik", - deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, seçkilər məsələsi tərəfdaşlar tərəfindən qaldırılır. Ukraynanın özü bu məsələni heç vaxt qaldırmayıb. Lakin belə bir prosesə hazırlıq var.

"Bunu etmək çox asandır - atəşkəs elan olunsun və seçkilər olacaq. Beləliklə, bu, təhlükəsizlik məsələsidir", - deyə Ukrayna lideri bildirib.

Prezident, həmçinin vurğulayıb ki, ABŞ Ukraynanı təhlükəsizlik zəmanətlərini geri götürməklə hədələmir və onları seçki məsələsi ilə əlaqələndirmir.

Xatırladaq ki, Ukraynada Prezident seçkiləri məsələsi bir neçə ay əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən qaldırılmışdı.

Cavab olaraq, Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə seçkilər keçirməyə hazır olduğunu vurğulayıb. Bunun üçün Ukrayna qanunvericiliyində dəyişiklik edilməsi tələb olunur. O, həmçinin tərəfdaşlarına seçki dövründə atəşkəsi təmin etmək şərti qoyub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
21
4
azertag.az

10Mənbələr