AZ

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası - Yeni geosiyasi və iqtisadi əməkdaşlıq çərçivəsi

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin mahiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd təkcə ikitərəfli əməkdaşlığın hüquqi-siyasi əsaslarını möhkəmləndirmir, eyni zamanda regional sülh, bağlantılar, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində uzunmüddətli və institusional tərəfdaşlıq modelini formalaşdırır.

Bu fikirləri "Unikal"a açıqlamasında Beyləqan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fatma Xıdırlı deyib.

O bildirib ki, Xartiyada tərəflər bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəklədiklərini bir daha bəyan edirlər. Bu yanaşma Azərbaycan–ABŞ münasibətlərinin beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını nümayiş etdirir:

"Sənəd 8 avqust 2025-ci ildə Vaşinqtonda yaradılmış İşçi Qrupunun fəaliyyəti nəticəsində formalaşıb və diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşdirilməsinə yönəlib. Xüsusilə dövlət qurumları ilə yanaşı, hər iki ölkənin özəl sektorunun prosesə fəal şəkildə cəlb edilməsi strateji tərəfdaşlığın praktiki və dayanıqlı xarakter daşıdığını göstərir.

Xartiyanın əsas istiqamətlərindən biri regional bağlantıların inkişafıdır. Trans-Xəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz əsasında quru, dəniz və hava nəqliyyatı infrastrukturunun gücləndirilməsi, ticarət və tranzitin asanlaşdırılması, eləcə də multimodal logistika imkanlarının genişləndirilməsi regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirir.

Bu çərçivədə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, Cənubi Qafqazı Asiya ilə Avropa arasında strateji tranzit qovşağına çevirməyi hədəfləyir.

Enerji sahəsində əməkdaşlıq Xartiyanın əsas sütunlarından biridir. ABŞ Azərbaycanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi strateji rolunu qəbul edir və neft, qaz, elektrik enerjisi, interkonnektor layihələri, eləcə də mülki nüvə əməkdaşlığı üzrə birgə təşəbbüslərin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara çıxışı da əməkdaşlıq istiqamətlərinə daxildir.

İqtisadi sərmayələr və texnoloji inkişaf sahəsində Xartiya süni intellekt, rəqəmsal infrastruktur, data mərkəzləri, innovasiya və tədqiqat–inkişaf mexanizmlərinə xüsusi önəm verir. ABŞ-ın qabaqcıl texnologiya təcrübəsinin Azərbaycana transferi, istedadların inkişafı və rəqəmsal bacarıqların artırılması ölkənin regional texnoloji mərkəzə çevrilməsi məqsədinə xidmət edir.

Təhlükəsizlik əməkdaşlığı çərçivəsində müdafiə sənayesi məhsullarının satışı, antiterror mübarizəsi, kibertəhlükəsizlik, mühüm infrastrukturun mühafizəsi və humanitar minatəmizləmə sahələrində birgə fəaliyyət prioritet kimi müəyyən olunub. Bu istiqamətlər Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verir.

Xartiyanın icrasını təmin etmək məqsədilə iqtisadiyyat, enerji, bağlantılar, süni intellekt, rəqəmsal inkişaf və təhlükəsizlik sahələri üzrə İşçi Qruplarının yaradılması, yol xəritələrinin hazırlanması və müntəzəm dialoq mexanizmlərinin qurulması nəzərdə tutulur.

Beləliklə, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya təkcə iki dövlət arasında münasibətlərin hüquqi-siyasi çərçivəsini müəyyənləşdirmir, eyni zamanda XXI əsrin geosiyasi reallıqları fonunda Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın möhkəm dayaqlarını formalaşdırır. Bu sənəd Azərbaycanın artan beynəlxalq nüfuzunun, müstəqil və balanslı xarici siyasət kursunun, eləcə də ölkəmizin qlobal enerji, nəqliyyat və texnoloji təhlükəsizlik arxitekturasında etibarlı və əvəzolunmaz tərəfdaş kimi mövqeyinin rəsmi təsdiqidir. Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın regionda sülh qurucusu və əməkdaşlıq platforması rolunu daha da gücləndirərək, ölkəmizi qlobal siyasi və iqtisadi proseslərin fəal iştirakçısına çevirir və uzunmüddətli perspektivdə milli maraqlarımıza xidmət edən tarixi bir yol xəritəsi kimi çıxış edir".

Seçilən
52
50
unikal.az

10Mənbələr