AZ

“BMW” yanğın təhlükəsinə görə yüz minlərlə avtomobili geri çağırır

Berlin, 11 fevral, AZƏRTAC

“BMW” yanğın təhlükəsinə görə dünyada yüz minlərlə avtomobili geri çağırır.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, yoxlamalar zamanı çoxsaylı startlardan sonra maqnit açarının bəzən ciddi şəkildə aşınmadığı müəyyən edilib. Bunun nəticəsində avtomobilin daha çətin işə düşməsi, bəzi hallarda isə ümumiyyətlə işə düşə bilməyəcəyi qeyd olunub. Bundan əlavə, starterdə həddindən artıq qızmaya səbəb ola biləcək qısaqapanma ehtimalı istisna edilmir.

Bəzi məlumatlara görə, geriçağırılmanın 575 min avtomobili əhatə etdiyi bildirilsə də, bu, şirkət tərəfindən rəsmən təsdiqlənməyib. Lakin geriçağırılmanın Almaniyada 28,6 minə yaxın avtomobili əhatə edəcəyi bildirilir. Məlumata əsasən, bu nöqsan “BMW”nin 2 seriyasından kupe, 3 seriyasının bir neçə variantı, 4 seriyası, 5 seriyası, 6 seriyasından “Gran Turismo”, 7 seriyasından sedan, X4, X5, X6 və Z4 modellərində aşkarlanıb.

Risk qrupuna 2020-ci ilin iyulundan 2022-ci ilin iyuluna qədər istehsal edilmiş starter relesinə sahib avtomobillər daxildir. Lakin avtomobillərin daşınma müddətləri fərqli ola biləcəyindən istehsal dövrünü dəqiq müəyyənləşdirmək mümkün deyil. Bundan başqa, sonradan təmir zamanı qüsurlu starterin quraşdırıldığı avtomobillərdə də bu problem aşkarlana bilər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
26
8
azertag.az

9Mənbələr