AZ

Media ekspertindən Ali Məhkəmənin bu qərarına reaksiya: “Şəxsi və ailə həyatının...”

Mətbuat Şurası Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarını şərh edib.

Bildirilib ki, qərar şəxsi həyatın toxunulmazlığı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi zərurətini rəhbər tutmaqla, Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi həyatın toxunulmazlığı” adlı 32-ci maddəsi baxımından real tətbiq mexanizmi yaradır.

Bu mexanizm isə təkcə ayrı-ayrı şəxslər deyil, eyni zamanda, media fəaliyyəti üçün də yeni baxışlar formalaşdırmalıdır.

Qeyd edilib ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş Referendumda əsas qanunun sözügedən 32-ci maddəsinə VI, VII və VIII hissələr əlavə edilmişdi.

Həmin əlavələrdə birincisi, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmağın qadağan edildiyi, ikincisi, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməzliyi, üçüncüsü, fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının, ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla müəyyənləşdirildiyi vurğulanırdı.

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, qərarda açıq şəkildə göstərilir ki, hər hansı məlumatın həqiqət olması onun sərbəst yayılması üçün zəmin yaratmır:

“Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuş “şəxsi həyatın toxunulmazlığı hüququ”nun müdafiə mexanizmlərini konkretləşdirir.

2016-cı il referendumundan sonra 32-ci maddəyə edilən əlavə və dəyişikliklər fərdi məlumatların qorunması, şəxsin razılığı olmadan həssas məlumatların açıqlanmasının yolverilməzliyi prinsiplərini daha da gücləndirmişdi.

Plenum qərarı məhz bu konstitusion çərçivəni əsas götürərək, məhkəmələr üçün vahid yanaşma formalaşdırır. Qərarda açıq şəkildə göstərilir ki, hər hansı məlumatın həqiqət olması onun sərbəst yayılması üçün zəmin yaratmır.

Şəxsin razılığı olmadan onun ailə həyatı, tibbi vəziyyəti, maliyyə və əmlak durumu, şəxsi yazışmaları və digər həssas məlumatların toplanması və yayılması hüquqa zidd sayılır.

Əhəmiyyətli yeniliklərdən biri də “şəxsi toxunulmazlıq hüququ”nun şərəf və ləyaqətin müdafiəsindən fərqləndirilməsidir. Əvvəlki praktikada iddialar əsasən məlumatın yalan olub-olmaması prizmasından qiymətləndirilirdi.

Yeni yanaşmaya görə isə məlumat doğru olsa belə, şəxsi və ailə həyatının məxfiliyinə müdaxilə faktı ayrıca hüquq pozuntusu kimi dəyərləndiriləcək. Beləliklə, məhkəmələr yalnız reputasiya zərərini deyil, həm də məxfilik hüququnun pozulmasını müstəqil əsas kimi nəzərə almalıdır”.

Onun sözlərinə görə, Plenum qərarı şəxsi həyat anlayışını geniş şərh edərək onun tərkibinə təkcə informasiya deyil, həm də şəxsin mənzili, əşyaları, nəqliyyat vasitələri və digər fərdi xüsusiyyət daşıyan obyektləri daxil edir:

“Bu yanaşma Avropa insan hüquqları standartlarına uyğun olaraq “özəl məkan” və “özəl sfera” anlayışlarının müdafiəsini gücləndirir.

Qərarda iki mühüm balans mexanizmi də müəyyən edilir: şəxsin razılığı və ictimai maraq meyarı. Şəxs özü müəyyən məlumatları açıq platformada paylaşırsa, həmin məlumatların istifadəsi ümumilikdə məsuliyyət yaratmır. Lakin paylaşımın təhrif olunması, məsxərə və ya alçaldıcı formada təqdim edilməsi ayrıca hüquqi qiymətləndirilə bilər.

Digər tərəfdən, ictimai maraq doğuran məlumatların yayılması mülki hüquq pozuntusu sayılmır. Xüsusilə publik şəxslərin fəaliyyəti, qərarları və əmlak vəziyyəti cəmiyyət üçün legitim maraq kəsb edə bilər. Bununla belə, ictimai maraq həddi aşılmamalı, şəxsin və ailə üzvlərinin həssas məlumatları əsassız şəkildə açıqlanmamalıdır”.

M. Ələsgərli qeyd edib ki, plenum qərarı şəxsi məlumatların yayılmasına görə məsuliyyət dərəcəsini də müəyyən edir:

“Kütləvi informasiya vasitələrində və geniş auditoriyalı sosial şəbəkələrdə yayım daha ağır nəticələrə səbəb ola bilər. Bu kontekstdə sosial şəbəkələrdə məlumatın baxış sayı, paylaşım arealı və real təsiri kimi texniki parametrlərin hüquqi qiymətləndirilməsi zəruri hesab olunur.

Beləliklə, Plenum qərarı şəxsi həyatın müdafiəsi ilə ifadə azadlığı arasında tarazlığı təmin edir. O, məhkəmə təcrübəsində vahid standart formalaşdıraraq həm vətəndaşların məxfilik hüququnun daha effektiv qorunmasına, həm də medianın fəaliyyətində hüquqi aydınlığın təmininə xidmət edir”.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr