AZ

Aparıcını çəkiliş üçün əməliyyat otağına saldılar – Reklam naminə risk

Bakıda daha bir klinikada əməliyyat zamanı içəridə reklam çəkilişi edilib. 

Axşam.az xəbər verir ki, aparıcı Fira Cəlilova əməliyyat otağından lentə aldığı görüntüləri sosial şəbəkədə yayımlayıb.

Mama-ginekolok Elmira Əhmədova əməliyyat zamanı aparıcını otağa salıb və reklam çəkilişləri edilib. Hadisə “Bakı Medikal Plaza”da baş verib.

Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə həkimlərin reklam üçün kənar şəxsləri əməliyyat otağına salması halları yaşanmış və tənqid edilmişdi.

Travmatoloq-ortoped Aqşin Məmmədov “TikTok” sosial media hesabında cərrahiyyə əməliyyatı zamanı canlı yayım açıb və onunla bağlı araşdırma aparılmışdı. Əməliyyat otağında çəkiliş aparılması məsələsi müzakirə edilmiş, həkim cəzalandırılmışdı. Eyni zamanda mama-ginekoloq Ləman Əliyeva doğuş zamanı otaqda ad günü edib və cəzalandırılmışdı.

Xatırladaq ki, son zamanlar həkimlərin mediada və sosial şəbəkələrdə müxtəlif tibbi prosedurlar zamanı canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir. Həmçinin AEM (Analitik Ekspertiza Mərkəzindən) tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” əmri barədə məlumatlandırılır.

Qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm “Həkimlərin etik davranış qaydaları”na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir.

Əməliyyat zamanı sosial şəbəkə vasitəsilə qeyri-rəsmi çəkiliş və yayım halları bu prinsiplərin pozulması sayılır və müvafiq inzibati məsuliyyət yaradır. (Axşam.az)

Seçilən
4
2
nocomment.az

3Mənbələr