Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkə.az xəbər verir ki, görüşdə Azərbaycanın ərəb ölkələri və ümumilikdə Ərəb Liqası və Ərəb Parlamenti ilə münasibətləri, Yaxın Şərqdə və bölgədə regional təhlükəsizlik vəziyyəti, İsrail-Fələstin münaqişəsi, habelə Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.
Bundan əavə, görüşdə Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Azərbaycanın bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində hər zaman çalışdığı, münaqişələrin və müharibələrin qarşısının alınması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.
Eyni zamanda Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması istiqamətində səylərin əhəmiyyətinə dair həmrəylik ifadə olunub. Fələstin məsələsi kontekstində Azərbaycan tərəfindən "iki dövlət" prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.
Bununla yanaşı, Azərbaycanın son illərdə həyata keçirdiyi vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov həmçinin keçmiş münaqişə, Azərbaycan-Ermənistan sülh prosesi, post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.