AZ

Tramp yeni plan hazırladı: ABŞ yaxın aylarda İrana hücum edəcək…

Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı gərginlik yenidən artmaqdadır. ABŞ administrasiyası rəsmi Tehranın nüvə fəaliyyəti ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə “sərt tədbirlər” görəcəyini bəyan edib. Maraqlıdır, regionda hərbi toqquşma ehtimalı nə qədər realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, ABŞ-ın irəli sürdüyü iddialar müəyyən qədər əsaslıdır.

Onun sözlərinə görə, hazırda bir çox ölkələr enerji təminatında atom enerjisindən geniş istifadə edir:

“Fransa və Avropa ölkələrinin əksəriyyətində enerji təchizatının yarıdan çoxu atom enerjisi hesabına formalaşır. İranda da atom enerjisindən istifadə məsələsi gündəmdədir. ABŞ-ın uranın 90 faizə qədər zənginləşdirilməsi ilə bağlı iddialarının isə ciddi hüquqi əsası yoxdur. Çünki İranın bu səviyyədə zənginləşdirmə aparacaq müasir texnologiyaya malik olması sual altındadır. Adətən yüksək səviyyədə zənginləşdirilmiş uran hərbi məqsədlərlə və ya xüsusi enerji mənbəyi kimi istifadə olunur. 60 faiz zənginləşdirmə isə dünyada müxtəlif ölkələrdə müşahidə edilir”.

Politoloq hesab edir ki, məsələnin arxasında daha geniş geosiyasi planlar dayanır. Onun fikrincə, ABŞ Fars körfəzi regionunda yeni siyasi konfiqurasiya formalaşdırmaq niyyətindədir:

“Dünya neft resurslarının təxminən 40 faizinin cəmləşdiyi bir coğrafiyada yeni güc mərkəzi yaratmaq planları var. Bu kontekstdə İranın parçalanması ssenariləri də zaman-zaman gündəmə gətirilir. Söhbət İran, İraq və Körfəz ölkələrinin enerji resurslarının vahid struktur altında birləşdirilməsi ideyasından gedir. Bu, eyni zamanda bölgədə digər təsir güclərinin zəiflədilməsi məqsədi daşıyır”.

C.Nuriyev bildirib ki, ABŞ-ın hazırkı siyasi kursunda iqtisadi maraqlar prioritet təşkil edir və bu baxımdan İranla qarşıdurma riskləri artır:

“Regionda növbəti hərbi eskalasiya ehtimalı istisna deyil. Qarşıdakı aylarda müəyyən hərbi əməliyyatların baş verməsi real görünür. Həm İsrail, həm də ABŞ mümkün riskləri qabaqlamağa çalışır. Eyni zamanda, İran daxilində də hakimiyyət dəyişikliyi istəyən qüvvələr mövcuddur. Bütün bunlar qarşıdurma üçün zəmin yaradır”.

Politoloq əlavə edib ki, İranın apardığı xarici siyasət kifayət qədər qapalı və qeyri-effektivdir:

“Hazırkı vəziyyət Azərbaycan üçün də arzuolunan deyil. İran-ABŞ qarşıdurmasının dərinləşməsi regionda sabitliyə mənfi təsir göstərə bilər”.

Beləliklə, Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında yaranmış gərginlik Yaxın Şərqdə yeni hərbi toqquşma risklərini artırır. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə tərəflərin atacağı növbəti addımlardan asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
20
1
konkret.az

2Mənbələr