12 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Elxan Xudiyev dindirilib.
O bildirib ki, hadisə Tatarıstanda baş verib:
"Hadisə Tatarıstanda baş verib.Həmin gün Azalya, Seymur və mən qaldığımız mənzildə spirtli içki qəbul etdik. Çox keçməmişdi ki, Azaliya ilə Seymurun münaqişələri yarandı. Seymur qadını döyməyə başladı ki, məni aldadıb, hər dəfə işim var deyib başqa kişilərlə münasibət qurub.Azaliya qışqırıb onu buraxmasını deyirdi. Seymuru itələyib "Camaatı niyə döyürsən?" deyib onları araladım, qadın gedib divanda oturdu. Dizləri qanamışdı. Elşən sumkasından bıçaq çıxartdı, sonra xanımı qaldırıb yerə çırpdı.Mən mağazaya getmək üçün evdən çıxdım. Səhərə yaxın evə qayıdanda nə Azalya, nə də Seymur evdə idilər. Mənim Azaliya ilə hər hansı münasibətim olmayıb. "Bandotdel"ə aparılana kimi qadının öldürüldüyünü bilmirdim. Azaliyanın öldürüldüyünü 12 il sonra orada bildim".
Məhkəmə daha sonra təqsirləndirilən Elşən Xuduyevin ibtidai istintaqda verdiyi ifadəni elan edib:
"2013--cü ildə Seymur vasitəsilə Azaliya ilə tanış olmuşdum. Onu çox bəyəndim. Seymura dedim onu obyektə gətirsin. Saat 12-də o Azaliyanı gətirdi. Azaliya niyyətimizi anlamışdı, qorxub qışqırmağa başladı. Mən onu çarpayıya sıxıb, tərpənməsinə imkan vermirdim. Elə bu vaxt Seymur otağa daxil oldu və Azaliyanın etirazlarına baxmayaraq münasibət qurmağa çalışdı. Seymurun onun zorladığını görməsəm də, Azaliyanın ağlayıb qışqırdığını eşidirdim. Bunlardan sonra onun bizdən şikayət edəcəyindən qorxaraq Azaliyanı öldürmək qərarına gəldik.Seymur Azaliyanı qaldırıb var gücü ilə yerə çırpdı.Mən əllərimlə onun hər iki ayağından tutdum. Təxminən 3 dəqiqədən sonra qadın öldü. Biz Azaliyanı qaldığımız yerlə bitişik qazanxananın yaxınlığında basdırdıq".
Məhkəmədə şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi martın 11-nə təyin edilib.
Qeyd edək ki, ötən il dekabrın 27-də Rusiya Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Baş Prokurorluğuna göndərilib.
İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.
İstintaqla 2013-cü il iyunun 25-də Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
S.Məmişov və E.Xuduyev Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Orxan Rasifoğlu