Rusiyada ürək-damar xəstəlikləri getdikcə daha gənc yaşlarda diaqnoz olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Vişnevski adına Milli Tibbi Cərrahiyyə Mərkəzinin direktoru, cərrah Amiran Revişvili “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda əsas risk faktoru xroniki stressdir. Stress damarların vəziyyətinə və ürəyin fəaliyyətinə birbaşa təsir göstərərək hipertoniyanın, ürək ritmi pozğunluqlarının və digər patologiyaların yaranma ehtimalını artırır. Həkim digər mühüm səbəblər kimi siqaret çəkməyi, artıq çəkini, şəkərli diabeti və yüksək arterial təzyiqi də qeyd edib. Bu amillərin birgə təsiri ürək-damar sisteminə düşən yükü əhəmiyyətli dərəcədə artırır.
Revişvili vurğulayıb ki, genetik faktorun rolu nisbətən azdır, müxtəlif hesablamalara görə, irsiyyət ümumi riskin cəmi 10-20 faizini təşkil edir. Daha həlledici amil isə insanın həyat tərzidir.
Profilaktika məqsədilə mütəxəssis balanslı qidalanmağı, arterial təzyiq və qanda şəkər səviyyəsini nəzarətdə saxlamağı, mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edir. O, həmçinin fiziki aktivliyin vacibliyini qeyd edib: hətta gündəlik orta səviyyəli fiziki yüklənmələr ürək və damar sağlamlığını qorumağa və təhlükəli fəsadların qarşısını almağa kömək edir.
Nuriyyə NATİQQIZI