AZ

“Özündə olmayanda elə hərəkətlər edirdi ki...“ Qardaşını qətlə yetirən şəxsin məhkəməsi

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Nuri Məhəmmədəli Rövşən oğlu şahid qismində ifadə verib. 

O bildirib ki, təqsirləndirilən şəxs onun əmisi oğludur:

"Aslan narkotik vasitələrdən istifadə edirdi. Tüfeyli həyat sürürdü. Bu da təbii ki, ailəni təhlükəyə atırdı. Amin hər zaman qardaşına bu yoldan çəkilməyi tövsiyə edirdi. Çünki Aslan özündə olmayanda elə bir hərəkətlər edirdi ki, onları dilə gətirmək çox utancvericidir. Amin bizə gələrək bildirdi ki, gedirəm polisə təslim olmağa, çünki qardaşımı öldürmüşəm. Onun əlində bıçaq var idi. Mən həyətə gəldim, amma hadisə baş verən otağa tam keçmədim. Otaqda uşağın olduğunu görmədim". 

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib. 

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 

Belə ki, 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. 

Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki, Aslan Nuri azyaşlı körpəsinin gözü qarşısında qətlə yetirilib. Hadisədən sonra Amin Nuri könüllü polisə gedəcəyini deyib.

Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğu bildirilib.

Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.

Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.

(unikal)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
moderator.az

3Mənbələr