Xəbər verdiyimiz kimi, ABŞ-nin Vitse-prezidenti Ceyms Di Vens fevralın 9-da Ermənistana, 1 gün sonra isə Azərbaycana səfər etdi. Onun səfəri zamanı Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı açıq şəkildə hər hansı bəyanat verilmədi. Bununla belə, ehtimal etmək olar ki, bağlı qapılar arxasında Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti müəyyən müzakirələr aparıb. Digər tərəfdən, Ermənistanda iyun ayında parlament seçkilərinin keçiriləcəyi nəzərə alınarsa, belə bir sual yaranır: seçkilər ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündürmü? Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Missiya.Az-a açıqlamasında bildirib ki, Vensin bölgəyə səfəri kifayət qədər ciddi hadisədir. Onun fikrincə, mövcud geosiyasi şərtlər fonunda baş tutan səfər ABŞ ilə yanaşı, Azərbaycan və Ermənistan üçün də ciddi əhəmiyyət daşıyır: “Təbii ki, sülh prosesinin müzakirədən kənarda qalması inandırıcı deyil. Nəzərə almalıyıq ki, Azərbaycanla Ermənistan arasında ötən ilin avqustunda Vaşinqtonda ilkin sülh sazişi imzalanıb. Azərbaycanla yanaşı Ermənistanın da sülh istiqamətində yürütdüyü siyasəti müsbət dəyərləndirmək olar. Ermənistanın Baş naziri Nikol Paşinyan çox yaxşı başa düşür ki, mövcud geosiyasi şərtlər bütün dövlətlər üçün ciddi təhdidlər formalaşdırıb və qeyri-adekvat siyasət Ermənistanı məhvə sürükləyə bilər. Buna görə də, onun “real Ermənistan” konsepsiyası çərçivəsində fəaliyyət göstərməsi adekvat yanaşmadır və Ermənistanın xilasına yönəlik strateji xətdir. İlkin sülh sazişinin Vaşinqtonda imzalandığını nəzərə alsaq, o zaman yekun sülh sazişi istiqamətində də proseslərin müsbət istiqamətdə davam etməsinin ABŞ üçün ciddi əhəmiyyət daşıdığını söyləmək olar”,-deyə o qeyd edib. Əli Zülfüqaroğlu əlavə edib ki, kilsə və revanşistlərin, eyni zamanda erməni lobbisinin sülh prosesini pozmağa yönəlik addımlar atması Ermənistanda müəyyən gərginlik yaradır: “Hökumət üzərində ciddi təzyiqlər var və bu proses sülhün əldə olunmasını istəməyən müəyyən dövlətlərin dəstəyi ilə formalaşdırılır. Ona görə də hesab edirəm ki, Ermənistanda seçkiöncəsi Paşinyanın mövqelərinin güclənməsi Azərbaycanın maraqlarına tam cavab verir. Azərbaycanın Qazaxıstan və Rusiyadan yüklərin Ermənistana daşınmasına icazə verməsi, eyni zamanda Azərbaycan yanacağının İrəvana daşınması taxılın və yanacağın qiymətində ucuzlaşmaya səbəb olub. Bu da seçkiöncəsi Paşinyanın mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”. Siyasi şərhçi əlavə edib ki, əgər, seçkiyə qədər sülh sazişi imzalanarsa, bu, Paşinyan hökumətinin lehinə işləyəcək: “Ona görə də, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü şərt seçkidən sonraya saxlanıla bilər. Təbii ki, Ermənistan hökumətinin seçkidən sonra bu addımı atacağı ilə bağlı üzərinə öhdəlik götürmək şərtilə. Belə olan halda isə Ermənistanla seçkiyə qədər sülh imzalana bilər ki, bu da revanşistlərin ciddi zərbə alması deməkdir”,- deyə Əli Zülfüqaroğlu əlavə edib. Daşqın Həsənov Missiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta