Bəhruz Quliyev: “Bu, diplomatik həssaslığın və region reallıqlarının nəzərə alınmasının göstəricisidir”
Ermənilər ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İrəvana rəsmi səfərindən mümkün qədər istifadə etmək üçün əllərindən gələni etdilər, onun diqqətini öz saxtakarlıqlarına yönəltmək üçün planlar qudular. Vensi və həyat yoldaşını qondarma erməni soyqırımı abidəsini ziyarətə də apardılar, ümidlə gözlədilər ki, bəlkə Amerika rəsmisi “soyqırım” ifadəsi işlədə, bunlar da sevinə. Vensin sosial şəbəkə hesabındakı paylaşımında İrəvan səfəri zamanı onun saxta “soyqırım” abidəsi önünə çiçək qoyması xəbərindən “soyqırım” sözü çıxarılaraq, “əbədi məşəl” abidəsi önünə əklil qoyduğu yazılıb.
Erməni mediası yazır ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensın sosial şəbəkədəki səhifəsindən “Erməni Soyqırımı” Memorial Kompleksinə səfərlə bağlı yazı silinib. Vensin yazısı mətbuat katibi Taylor Van Kirk-in C.D.Vans və həyat yoldaşının səfəri ilə bağlı repostu ilə əvəz edilib, orada deyilir: “Ermənistana səfərlərinin son günü əbədi məşəl önünə gül dəstələri qoyublar və qonaqlar kitabında qeydlər buraxıblar”.
Vens əvvəlcə X hesabında status yazıb və orada iki dəfə “ erməni soyqırımı” sözü işlədib. Sonra bu sözü çıxarıblar və mətbuat katibi onun əbədi məşəlinin önünə əklil qoyduğunu yazıb və orada da “soyqırım”sözü yoxdur.
Vensin bu müsbət jestini necə dəyərləndirmək olar? Yəni Vens belə bir ifadə işlətsə də, onu qısa müddətdə sildi.
“ABŞ nümayəndəsi Vensin Ermənistan səfəri ilə bağlı “X” hesabında paylaşdığı statusda əvvəlcə iki dəfə “genosid” sözünü işlətməsi, daha sonra isə həmin ifadənin mətndən çıxarılması təsadüfi texniki düzəliş deyil.Bu, diplomatik həssaslığın və region reallıqlarının nəzərə alınmasının göstəricisidir. Vaşinqton çox yaxşı anlayır ki, Cənubi Qafqazda hər bir söz siyasi çəkidir. “Genosid” terminindən istifadə Türkiyə və Azərbaycanla münasibətlər fonunda əlavə gərginlik yarada bilərdi. Məhz buna görə ifadənin qısa müddətdə korrektə edilməsi ABŞ-ın emosional yox, strateji xəttə üstünlük verdiyini göstərir”. Bu fikirləri baki-xeber.com-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
B.Quliyevin sözlərinə görə, bu addım, sözsüz ki, Ermənistan cəmiyyətində müəyyən məyusluq yaradıb, çünki İrəvan uzun illər bu termini beynəlxalq legitimləşdirmə aləti kimi istifadə etməyə çalışıb. “Lakin Vensin düzəlişi göstərdi ki, Vaşinqton region siyasətini simvolik ritorika üzərində deyil, balanslı maraqlar üzərində qurur.
Bu, Azərbaycan üçün müsbət siqnaldır. ABŞ nümayəndəsinin tezliklə düzəliş etməsi onu göstərir ki, rəsmi Vaşinqton bölgədə həssas tarixi məsələlərin manipulyasiya predmetinə çevrilməsini istəmir.
Hesab edirəm ki, “genosid” sözünün silinməsi kiçik redaktə yox, böyük diplomatik jestdir. Bu jest göstərir ki, ABŞ regionda emosiyalara deyil, geosiyasi reallıqlara əsaslanan siyasət yürütməyə üstünlük verir, "-deyə, baş redaktor əlavə edib.
İradə SARIYEVA